Azərbaycanın futbol siyasəti niyə iflasa uğrayıb? – ARDICIL MƏĞLUBİYYƏTLƏRİMİZİN SƏBƏBKARLARI KİMLƏRDİR…

Baxış sayı:
10176

Futbol təkcə idman oyunu deyil, həm də siyasəstdir. Bunu biz demirik, illərdir qəbul olunmuş aksiomadır. Heç də təsadüfi deyil ki, bir çox nüfuzlu ölkələr futbolun inkişafına dövlət səviyyəsində qayğı göstərirlər.
O cümlədən Azərbaycanda da idmanın bir çox növləri ilə yanaşı, futbolun inkişafına dövlət səviyyəsində ciddi dəstək verilir, hər il bu sahəyə böyük pullar xərclənir. O başqa məsələ ki, bu dəstək özünü yaşıl meydanda necə göstərir...
Əlbəttə, yazımızda bu suala cavab tapmağa çalışacağıq. Amma bundan öncə son bir həftə ərzində baş tutan iki oyunu diqqətinizə çatdıraq. İlk olaraq iyunun 8-də “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da Azərbaycan millisi ilə Macarıstan yığması arasında keçirilən matçı xatırladaq. Hansı ki, bu oyun qonaqların 1:3 hesablı qələbəsi ilə başa çatdı.
Bundan 3 gün sonra – iyunun 11-də də isə Azərbaycan millisi seçmə mərhələnin üçüncü oyununu öz meydanında Slovakiya yığmasına qarşı keçirdi. Və yenə də komandamız biabırçı məğlubiyyətlə üzləşdi. Belə ki, matç 1:5 hesabı ilə slovakların xeyrinə bitdi.
Biz isə məğlubiyyətimizə aşağıdakı fikirlərlə “haqq” qazandırmağa çalışdıq: “Rəqibin heyətində Lobotkanın qiyməti 25 milyon avrodur. Bizdə isə hamısının qiyməti bu qədər etmir”. Doğrudur, bu fikirlərin müəllifi, Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Slovakiyaya 1:5 hesablı məğlubiyyətə görə azarkeşlərdən üzr də istəyib. Amma...
...Bu neçənci məğlubiyyət və neçənci üzrdür?! Azərbaycan millisi “böyük siyasət” hesab etdiyimiz futbol oyunlarında nə üçün əbədi məğlubiyyətə məhkumdur? Nə üçün biz idmanın bir çox sahələrində dünya nəhəngləri ilə üz-üzə gəldiyimiz halda, yaşıl meydanda hər zaman kürəyimiz yerə dəyir?! Azərbaycan dövlətinin “kürəyinin” yerə vurulmasının səbəbkarları, günahkarları nə üçün indiyə qədər ortaya çıxarılmır, cəzalandırılmır? Bu biabırçılıqlara son qoymağın vaxtı gəlmədimi?!
Şübhəsiz, bu ardıcıl biabırçı məğlubiyyətlərdən sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), futbola nəzarət edən məmurlar ciddi qərarlar qəbul etməlidir. Ən azı, sonuncu oyundan sonra AFFA rəhbərliyinə qarşı kütləvi etirazların baş qaldırması nəzərə alınmalıdır. 2008-ci il martın 14-də AFFA-ya rəhbərlik edən (2012-ci il martın 9-da ikinci, 2016-cı il martın 11-də isə üçüncü dəfə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilən) cənab Rövnəq Abdullayev bu məğlubiyyətlərlə bağlı gec də olsa, özünü sorğu-suala çəkməlidir. Bu məğlubiyyətlərin səbəbi nədir və yaxud burada kimlər günahkardır? Bu sulların cavabı tez bir zamanda tapılmalı və buna uyğun qərarlar qəbul edilməlidir.
Bu gün tribunalarda AFFA rəhbərliyi ittiham hədəfinə çevrilirsə, bəzi hallarda onların ünvanına daha sərt şüarlar səslənirsə, demək, azarkeşlər problemi kökündən həll etməyin tərəfdarıdır. Odur ki, artıq qərar AFFA rəhbərliyinin və hörmətli Rövnəq Abdullayevindir!


Muxalifet.az