Azərbaycanın diaspor hədəflərində AYDINLAR

Azərbaycan bir dövlət olaraq xaricdə yaşayan hər bir aydına xüsusi qayğı ilə yanaşmalıdır

Hər bir dövlətin xarici ölkələrdə yaşayan və diasporunu təmsil edənlərin arasında aydınlarımızın (ziyalı) xidməti də danılmazdır. Onlar əslində öz xalqı ilə yanaşı, həm də dünya elmini, ədəbi-mədəni prosesini təmsil edirlər. Onların yaşadıqları ölkələrdə və dünya çapındakı mövqeləri, nüfuzları hər hansı bir kritik məqamlarda istənilən zaman yetərli addımların atılması üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan bir dövlət olaraq, daim buna diqqət yetirməli və xarici ölkələrdə yaşayan və soydaşlarımızın arasında hər bir aydına xüsusi qayğı ilə yanaşmalıdır.

Kadrlaşma bankı

Çağdaş dünyanın elektron və kommunkasiya vasitələrinin təməlini qoymuş Əsgər Lütfizadə, məşhur rəssam Fərman Qulamov, tanınmış pianoçu Fərid Mahmudov, plastik xirrugiyanın ünlü simalarından kimi feyslifintin kralı kimi ad çıxarmış Elçin Məmmədov, Londonda yaşayan məşhur yazıçı Nigar Həsənzadə, ABŞ-da yaşayan və dünyada ilk dəfə kosmosa uçmuş soydaşımız Ənuş Ənsari, dünyada ilk dəfə “qansız döyüşlər” üzrə filmlərin ssenarilərini yazmış Vahid Məmmədli, Avstraliyada bu gün ən çox kitabları oxunan yazıçı Rəna Yüzbaşlı, çağdaş rəssamlıqda interyer tərbiatı üzrə dünyalarca məşhur olan Med Əliyev, Belorusda yaşayan dördqat dünya çempionu, beşqat Avropa çempionu Natik Bağırov, digər soydaşımız, Seul olimpiadasının, ikiqat dünya və üçqat Avropa çempionu Kamandar Məcidov, dünyada ilk alternativ psixologiyanın təməldaşı olmuş Yaşar İbadov, Afina olimpiadasında ağırlıqqaldırma üzrə dünya çempionu olmuş Hüseyn Rzazadə kimi yüzlərlə soydaşlarımızın adlarını qeyd etmək olar ki, onların dünya səviyyəsində olan nüfuzlarından çox təəssüflər olsun ki, bu günə qədər istifadə olunmamışdır. Kanada Yazıçıları Pen Klubunun prezidenti Rza Bərahani kimi çox məşhur olan aydınımızın imkanlarından bu günə kimi hələ də yararlanılmayıb. Yetər ki, dünyalarca ünlü olan aydınlarına diqqət yetirilsin. Onlara nəvazişli ilgi olsun. Bunun üçün ilk öncə xaricdəki diasporumuz və səfirliklərimiz yetərli informasiyaları toplamalı və bununla da kadrlaşma bankı yaradılmalıdır. Hətta dünyasını dəyişmiş soydaşlarımızın həyatı belə ciddi şəkildə tədqiq olunmalıdır. Bunun örnəyi qismində  Hollandiyanın əfsanəvi qəhrəmanı Medo ayaması ilə tanınan Məmməd Məmmədovu misal göstərmək olar. Elə indi də hollandlar bu ünlü insanın adı çəkiləndə şərəflə onu xatırlayırlar. Alman faşizmi üzərində qələbə çalınmasında misilsiz xidmətləri olan Medo Hollandiyada partizan hərəkatının liderlərindən biri olmuşdur. Buna görə də Hollandiya Kral Ödülünə layiq görülməklə ömrünün sonuna kimi dövlətin xüsusi qayğısı altında yaşamışdır. Ostervyak qəsəbəsindəki “Medo Muzeyi” birbaşa dövlətin himayəsindədir. Bu muzeydə onun qəhrəmanlıq səlnaməsini əks etdirən mühüm sənədlər nümayiş olunur. Yetər ki, onun qızı Nensi Dumen-Məmmədova ilə əlaqələr yaradılsın. Dünyanın istənilən nöqtəsində adları bunca şərəflə xatırlanan yüzlərlə soydaşlarımız vardır. Bu yöndə gərəkən bilgiləri toplamaqla həm də diasporumuzla ilgili önəmli fəaliyyətlər də akademik səviyyədə arta bilər. Bu ünlü şəxsiyyətlərin həyatı və yaradıcılığı haqqında kitabların çap edilməsi, filmlərin çəkilməsi çox mühümdür. Bununla yanaşı, həm də onların bizim soydaşımız olmalarını qabartmaqla yaşadıqları ölkə ilə münasibətlərdə bir sıra uğurlara da imza atmaq olar. Azərbaycanın dünya siyasətində və ictimai proseslərdə mövqeyinin güclənməsi baxımından bütün bunlar önəm daşıyır. Soydaşlarımızla ilgili informasiya bankının yaradılması və bu yöndə intellektual səviyyədə atılacaq addımlar həm bu günümüz, həm də sabahımız üçün çox vacibdir.

Elm olan yerdə, intellekt də öz sözünü deyir

(Məşhur Əsgər Lütfizadə)
Xarici ölkələrdə yaşayan məşhur aydınlarımız haqqında bu gün Azərbaycan Elmlər Akademiyasının bütün humanitar institutlarında ayrıca bölmələr yaradılarsa, onların ekspedisiyalarına dəstək verilərsə, KİV-lərdə bu mövzular işıqlandırılarsa, dünyanın dörd bir yanında yaşayan və sayları 10 milyona yaxın olan soydaşlarımızın enerjisindən faydalanmaqla böyük uğurlar əldə etmək olar. Təəssüflər olsun ki, Azərbaycanda bu yöndə uzun müddətdir sadəcə tarixi miras çərçivəsində ünlü aydınlarımızla ilgili araşdırmalar aparılır. Təbii ki, bunlar da çox vacibdir. Ancaq, bununla yanaşı, hal-hazırda yaşayan və ölkəmiz üçün faydalı ola biləcək soydaşlarımızla ilgili araşdırmalar aparılmalıdır. Ötən yüzilin 90-cı illərində Londonda yaşayan, ünlü aydın və şair kimi dəyərləndirilən doktor Həmid Nütqi Aydan Azərbaycan dövlətinin hər hansı bir addımı atmamasına baxmayaraq, o öz təşəbbüsü ilə dövlətimiz üçün İngiltərinin KİV-lərində Qarabağla bağlı əsil həqiqətləri çap edirdi. O, iki ayağından əlil olsa da, bir aydın kimi bütün imkanları ilə Azərbaycan dövlətinin yanında idi.

(İlk dəfə kosmosa uçmuş azərbaycanlı qadın Ənuş Ənsari)

Almaniyanın Münhen, Ştutqart və Berlin universitetlərinin professoru olan, elmi əsərləri Yaponiya və ABŞ-da riyaziyyat elmləri üzrə böyük heyranlıqla qəbul edilən, “dinamika sistemi” üzrə dünyada barmaqla sayılan alim kimi tanınan Məsud Əfəndiyev, Rusiyada nüvə araşdırmaları institutunun aparıcı elmi mütəxəssis, akademik Rüfət Mirqasımov, Meksika Riyaziyyat Universitetinin professoru Natiq Atakişiyev, Moskvada MDU-nun həndəsi və tipoloji kafedrasının professoru Sabir Hüseynzadə, həmin universitetin professorları Oqtay Qasımzadə, Mahir Məmmədov və Qaraxan Mirzəyev, Rusiyanın məşhur Biologiyanın Fundamental Problemləri Akademiyasının professoru Süleyman Allahverdiyev, Biofizikanın Nəzəri və Eksperimental İnstitutunun professoru Mahmud Bəşərov, Biorqanik Kimya İnstititunun professoru Əmənulla Zərgərov, professorlar Məhəmməd Əliyev, İsmayıl Zülfüqarov (Cənubi Koreya), ABŞ-da fəaliyyət göstərən alimlərimizdən Tərlan Məmmədov, Vidadi Yusifov, Tahiq Qasımov, Qərib Mürşüdov, Kanadanın Mexiko Universitetinin professoru Mübariz Qarayev, Fikrət Məmmədov (İsveç), Yaqut Allahverdiyev (Finlandiya) və yüzlərlə elm xadimlərinin adlarını çəkmək olar ki, onların intellektual səviyyəsini Azərbaycanın dövlət maraqları ilə uzlaşdırmaq mümkündür. Hətta yerli diaspor təşkilatlarının baş məsləhətçisi, ağsaqqalı, ictimai proseslərin təşəbbüsçüsü kimi onların biliyindən və nüfuzlarından yararlanmaq olar.  Unutmaq olmaz ki, millətimizi təmsil edən hər bir aydın, fikir adamı, nüfuzlu şəxs milli sərvətimizdir. Onlara qayğı göstərmək hər birimiz üçün vicdan məsələsidir. Dünyanın inkişaf etmiş ölkələrinə beyinlərin, alimlərin və fikir adamlarının axınları ona görə mövcuddur ki, həmin ölkələrdə onlara göstərilən qayğı dövlətin strateji hədəflərində ilk sırada yer alır. Beləcə bu tip insanların sosial mənada bütün imkanları təmin edilməklə, elmi yaradıcılıqları üçün gərəkən şəraiti qurmaqla yeni üfüqlər kəşf edilir. Beləliklə də  onların elmi potensialı həm elmin inkişafı, həm də dünya biznesində mümkün olan uğurların qazanılmasına yönəldilir. Elmi savadı olan insan təbii ki, həm də protensial intellektual sahibidir. Onun nüfuzu sayəsində bir çox proseslərdə iştirakın təmin edilməsi dövlətimiz üçün ancaq fayda verə bilər. Bunları görməməzlikdən gəlmək, hansısa taksi sürücüsünü diasporun lideri səviyyəsinə qaldırmaq tamamilə yalnış yanaşmadır.

Diasporun təşkilatlanmasında aydınların yeri

(Çağdaş musiqisinin Sbestyan Baxı sayılan bəstəkar Arif Mirzəyev)

Qaraçay-Balkar, Tatar, Qazax, Özbək, Uyğur Türklərinin milli diaspor təşkilatlalrının inkişafı yönündə müşahidələr aparsaq, görərik ki, bu prosesdə diasporu təmsil edən elm adamları, aydınlar hər zaman öndə getmişlər. İşadamları və ya dövlət məmurları bu yöndə sadəcə dəstəkçi rolunda çıxış etmişlər. ABŞ-da Qaraçay-Balkar Türklərinin Milli  AKABA təşkilatının rəhbərliyində təmsil olunan liderlərin hər biri görkəmli aydınlar, yazarlar və elm xadimlərindən ibarətdir. Kanada, ABŞ, Almaniya kimi aparıcı ölkələrdəki Krım Türklərinin milli diaspor təşkilatlarında öndə gedənlər ünlü sənət xadimləri, elm adamları və aydınlardırlar. Doğu Türküstan milli diasporunun indiki lideri Erkin Alptəkin Berlin Universitetinin professorudur. Təəssüflər olsun Azərbaycan milli diasporunu təmsil edən liderlərin arasında bunca ünlü insanlar yox dərəcəsindədir. 150 minlik Qaraçay-Balkar diasporunun sıralarında öndə gedən aydınların sırasında professorlar Mahmud Daudov (Mayami Universiteti), Hacı Murad Xubi (Nyu Cersi Universiteti), Sadık Duda (Leypsiq Universiteti, Almaniya),  ABŞ-ın Peterson Universitetinin professorları Fəhmi Börk, Fahrettin Cangöz, Yusuf Diril, Birol Kalbek, Ahmet Karaçay, Erol Tambi kimi ünlü aydınları görmək olar.
Bizim fikrimizcə diaspor və aydınların birgə fəaliyyəti yönündə yeni tədbirlər planları gündəmə gətirilməli və beləliklə də diaspor anlayışında aydınların önə çıxarılması vacib şərtlərdən biri olmalıdır.
1. Disaporumuzun sıralarında aydınların təmsil olunmalarının sırası artırılmalı,  
2. Aydınların elmi potensialından istifadənin imkanları genişləndirilməli,
3. Diaspor təşkilatlarının aylıq və illik fəaliyyət planları təsdiq edilməli və bu yöndə onlara gərəkən dəstəyin verilməsi mexanizləri işlənilməli,
4. Yurd dışında yaşayan və fəaliyyət göstərən aydınlarımızın vahid koordinasiya stukturu yaradılmalı,
5. Beynəlxalq birliklə diasporumuzu təmsil edən aydınlarımızın əlaqəli şəkildə fəaliyyət mexanizmlərinin yaradılmasına nail olunmalı,
6. Azərbaycan dövlətinin milli maraqları çərçivəsində aydınlarımızla əlaqələrin inkişaf perspektivlərinin proqramı təsdiq edilməli,
7. Yurd dışındakı aydınlarımız, eləcə də diaspor təşkilatlarımızı bir araya gətirən vahid bir dərginin, informasiya şəbəkəsinin yaradılması təmin edilməli,
8. Hər il Azərbaycanda yurd dışında yaşayan soydaş aydınların birgə toplantılarnın  həyata keçirilməsi proqramı təsdiq edilməlidir.   
Beləliklə də Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin intellektual səviyyədə çatdırılması üçün yeni proyektlərin işlənilməsi günün vacib şərtlərindən birinə çevrilməsi yönündə çalışılmalıdır. Çağdaş dünya düzənində Azərbaycanın bir dövlət olaraq özümlü yerinin bəlirlənməsinin strateji hədəflərindən biri də məhz aydınlar faktoru önəm daşıya bilər. Bu gün qardaş Türkiyənin bir dövlət olaraq, möhtəşəm şəkildə inkişaf etməsinin sirri də bundadır. Türkiyənin indi aqrar ölkə olmaqdan sənayeləşən dövlətə çevrilməsi yönündəki uğurlarının açarı məhz yurd dışındakı aydınların sayəsində mümkün olub.
Ə. Yusifoğlu, "Hürriyyət"