Azərbaycanın bu iti 2018-ci ilin qalibi seçildi - FOTO

Baxış sayı:
2815

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Mina Axtaran İtlər (MAİ) Qrupunun MAİ bələdçisi Vahid Məmmədov və ESGİMO-Rocket adlı MAİ Amerika Birləşmiş Ştatlarının Marşal İrsi İnstitutu (MLİ) tərəfindən hər il keçirilən yarışmada minatəmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə 2018-ci il üzrə qalib seçilib.

Agentliyin məlumatına görə, ESGİMO-Rocket 2014-cü ildən indiyədək Azərbaycanın Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Goranboy, Ağstafa və Cəbrayıl kimi müxtəlif regionlarında 166 373 kvadrat metrdən çox ərazini yoxlayıb, onlarla piyada əleyhinə mina, tank əleyhinə mina və partlamamış hərbi sursat aşkar edib.

2018-ci il oktyabrın 24-də ANAMA-nin direktoru Qəzənfər Əhmədov ABŞ-ın Vaşinqton şəhərində keçirilən “Cığırın Təmizlənməsi” adlı Qala gecəsinin 21-ci ildönümündə iştirak edib.

ANAMA-nin minaaxtaran iti

ANAMA-nin minaaxtaran iti

Təbbirdə ABŞ Dövlət Departamentinin Hərbi-Siyası Bürosunun Silahların İxtisarı və Ləğvi bölməsinin, ABŞ Müdafiə Departamentinin Sabitlik və humanitar məsələlər üzrə müdafiə katibinin müavinləri, ABŞ-ın Senatoru Mayk Enzi, Bosniya və Hersoqovinanın Sarayeva şəhərinin meri Abdulah Skaka, Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor, Azərbaycanın ABŞ-dakı Səfirliyinin əməkdaşları, ABŞ konqresmenləri, ABŞ-da akkreditə olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də humanitar mina aksiyasına maliyyə yardımı ayıran bir çox donor ölkələr və təşkilatların nümayəndələri iştirak edib.

ANAMA 2005-ci ildən indiyədək ABŞ-nın Marşal İrsi İnstitutu ilə əməkdaşlıq edir. ABŞ Dövlət Departamentinin və fərdi donorların dəstəyi ilə Marşal İrsi İnstitutu Azərbaycan minatəmizləmə proqramına 36 minaaxtaran it hədiyyə edib və təlim keçib.

Xatırladaq ki, ABŞ-nın Marşal İrsi İnstitutu tərəfindən 2013-cü il üzrə aparılan seçimdə ANAMA-nın MAİ bələdçisi Mansur Aslanov və onun Niko adlı minaaxtaran iti qalib seçilib.