​“Azərbaycanın “Böyük Ermənistan”ın ərazisi kimi təqdim edilməsinə görə nazirlik üzr istəməlidir” — tarixçidən AÇIQLAMA

Baxış sayı: 345

 
Muxalifet.az xəbər verir ki, bunu “Ölkə.Az”-a açıqlamasında “Su İstehsalçıları” İctimai Birliyinin sədri, tarixçi Dövlət Məmmədov bildirib. 
D.Məmmədov Təhsil Nazirliyi rəhbərliyini bu məsələ ilə əlaqədar Azərbaycan xalqından üzr istəməyə çağırıb:
“Sözügedən dərsliyə Təhsil Nazirliyi rəhbərliyi birbaşa cavabdehdir. Ona görə də onlar çıxıb əhalidən üzr istəməli, məsuliyyət daşıyan və günahkar olan şəxslər vəzifələrindən azad edilməlidir. Məndə olan məlumata görə, həmin kitab ikinci dəfə də çap olunub. Sual olunur ki, bəs o kitab hansı vəsaitlə çap edilib? Azərbaycanın əraziləri saxtalaşdırılaraq, dərsliyə salınıb və həmin dərsliyin tədrisinə icazə verilib. Axı Təhsil Nazirliyinin bütün bunlardan niyə xəbəri olmayıb? Bütün bunlar bir daha onu göstərir ki, bu məsələdə Təhsil Nazirliyinin də günahı var”.
D.Məmmədov qeyd edib ki, Azərbaycanın Təhsil Nazirliyində bu sahədə təcrübəsi olmayan kifayət qədər işçi var:
“20-30 ilin təcrübəli təhsil işçiləri qala-qala bu gün Təhsil Nazirliyinə heç nədən başı çıxmayan cavan uşaqları və hüquqşünasları yığıblar. Təsəvvür edin ki, heç zaman məktəbdə dərs deməyən cavan uşaq gəlib 30-40 ilin təcrübəli müəlliminə dərs deməyə çalışır, əmr verir. Bu nə deməkdir? Hesab edirəm ki, Təhsil Nazirliyində kadr dəyişikliyi həyata keçirilməlidir. Bu gün Təhsil Nazirliyində vəzifədə çalışanların əksəriyyəti qohumbazlıqla ora işə düzəliblər. Hərəsi bir vəzifəli adamın qohumudur. Ona görə də məktəblərdə, dərsliklərdə problemlər həllini tapa bilmir”.
Xatırladaq ki, Azərbaycanda dərslik məsələsi ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb. Bu barədə sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində ciddi xətaya yol verilib.
Həmin kitabda yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.
Həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.