Azərbaycanın böhrandan çıxış yolu... - TƏHLİL

İnkişaf etmiş ölkələrdə analoji vəziyyətdə hökumət komanda şəklində istefa verir...

Son iki ay ərzində manatın dəyəri 100 faizlik göstərici ilə devalvasiyaya məruz qalıb. Bununla da ölkədə iqtisadi böhran son illərdə faktiki olaraq özünün pik nöqtəsinə çatıb. Bunun başlıca səbəbləri və aradan qaldırılması haqqında iqisadçılar bir sıra fikirlər irəli sürsələr də, hökumətin gərəkən addımları atması yönündə hər hansı irəliləyiş yoxdur. Hökuməti  təmsil edən nazirlər və komitə sədrləri isə heç nə olmamış kimi davranış nümayiş etdirməkdədirlər.
Əhalinin alıcılıq qabuliyyətinin dözülməz həddə çatması da məhz bu faktorla bağlıdır. Vətəndaşların nəinki sabaha, heç yaşadıqları hər ötən günə belə ümidləri qalmamışdır. Sanki, bununla da hökumət ölkəni “DEFOLT” durumuna sürükləyir. Böhranla üz-üzə qalan dövlət və özəl sektorlar demək olar ki, kütləvi şəkildə əhalini “məcburi məzuniyyət”ə və ya “ixtisarlar”a getmək zorunda qoyub.

İnkişaf etmiş ölkələrdə bohrandan çıxış yolları

Dünyanın istənilən ölkəsində iqtisadi və sosial böhranlar baş verir və buna həmin ölkələrdə vətəndaşlar normal şəkildə yanaşırlar. Çünki, bu olaylar baş verdikdə hökumət ya komanda şəklində istefa verir, ya da yaranmış böhrandan çıxış nöqtəsi kimi, maliyyə və iqtisadi sahədə islahatlara gedir. Beləliklə də ölkənin və əhalinin sosial-iqtisadi problemlərinin həlli yolları sərgilənir. Avropada ən çox iqtisadi və sosial böhranlarla üz-üzə qalmış ölkələr sırasında Fransa, İtaliya, Hollandiya, İngiltərə, Almaniya, Belçika, İspaniya, Avstriya kimi dövlətlərdə iqtisadi böhranlar yarandığı təqdirdə hökumət dərhal istefaya getmişdir. Bunun ardlnca yeni parlament seçkiləri keçirilərək ölkəni böhrandan qurtara biləcək qurumlar hakimiyyətə gəlib və çevik şəkildə yaranmış problemləri xalqla birlikdə həll etmək üçün gərəkən addımları atılıb. Polşa, Macarıstan, Ukrayna, Sloveniya, Rumıniya,  Çexiya, Bolqarıstan kimi Şərqi Avropa dövlətlərində 1991-2001-ci illərdə çox ciddi iqtisadi və sosial böhranlar olmuşdur. Ancaq, həmin dönəmlərdə tez-tez dəyişən hökumətlər sonucda bunun həllinə nail ola bilmişlər. Çünki ölkədə iqtisadi inkişafın əsas yolunun - sabitliyin təmin edilməsinin düsturunu həll etməklə indiki uğurlara imza atmağı hədəfə çevirə bilmişlər. 3 milyon əhalisi olan Estoniyanın dövlət büdcəsi 40 milyard dollar olsa da, yenə də bu prosesin, yəni daha da irəli gedilmənin yolları incələnməkdədir. Latviya və Litva kimi balaca ölkələrdə də durum Estoniyada olduğu kimidir. İndiki halda Balkan ölkələri statusunda olan Bosniya-Hersoqovina, Makedoniya, Albaniya, Serbiya, Xorvatiya, Qaradağ (Çernoqoriya), Yunanıstan kimi dövlətlərdə çevik iqtisadi siyasət modellərinə önəm verildiyi üçün, həmin ölkələrdə iqtisadi gəlirlərin artması sayəsində sosial rifah öz həllini tapmaqdadır. Əksər ekspertlərin də qeyd etdiyi kimi, bu problemin tək çözüm yolu dövlət modelinin dəyişməsi sayəsində mümkün olmuşdur.
Bəlli olduğu kimi, totalitar ölkələrdə hakimiyyətin və dövlətin idarə edilməsində “DÖVLƏT XALQI YAŞADACAQ” prinsipinə üstünlük verilir. Mərkəzi və Şərqi Avropada, inkişaf etmiş dövlətlərdə “XALQ DÖVLƏTİ YAŞATMALIDIR” prinsiplərinə üstünlük verildiyi üçün, onlar bu gün uğurlu göstəricilərə nail ola bilmişdir. Dövlətin xalqı yaşatmaq prinsiplərində yer alan başlıca qaydalar daha çox vətəndaşın “ələbaxımlılıq” qaununları ilə tənzimlənir. Yəni “dövlət baba” xalqa nə təklif edirsə, onun qaydaları ilə xalqın həyat tərzi də nizamlanır. Xalqın dövləti yaşatması psixologiyasında yer alan əsas hədəf isə, dövlətin vətəndaşın öz istedadı çərçivəsində yaşam prinsiplərinə önəm verilir.

YAP hakimiyyətinin balanslı böhran modeli         

Azərbaycanda inkişaf etmiş ölkələrdə tətbiq olunan qanunların heç birinə rast gəlinməz. Çünki, ötən 23 illik YAP iqtidarı bir dəfə də olsun hər hansı sorumuluq və ya məsuliyyət məsələsini heç kimlə bölüşmək fikrində olmayıb. Məmləkətin “analoqu olmayan inkişaf sürəti” ilə irəli getməsi faktoru aparıcı amil kimi cəmiyyətdə psixoloji təsir vasitələrindən biri sayılmışdır. YAP-ın təmsil etdiyi düşüncə tərzi keçmiş Sovetlər Birliyinin totalitar dövlət modeli siyasətinin “kommunyak” düzənindən bir addım da olsun irəli getməmişdir. İqtisadçıların araşdırmalarına görə, ötən 7 ildə bölgələrin inkişafı proyektlərinə dövlət büdcəsindən ayrılmış 33 milyard manatdan (indiki kursla deyil) cəmi 8 milyard manat xərclənmişdir. Digər vəsaitlər isə korrupsioner rejim tərəfindən peşəkarcasına talanıb oğurlanmışdır. O da bəllidir ki, son 12 ildə dövlət büdcəsindən toplam 109 milyard manat vəsait yoxa çıxıb. “Elektron hökumət” taktikası ilə dünyanın gözünə kül üfürən rejim nəinki ölkə vətəndaşlarını, hətta bütün dünyanı məharətlə aldada bilmişdir. Bu gün bölgələrdəki meşələrin, təbiətin qoynundakı ən səfalı yerlərin, yüzminlərlə hektarlarların çəpərlənməsinin, minlərlə villaların, feodallıq çağında olduğu kimi yeni tikilən əzəmətli qəsrlərin sayı, ekspertlərin fikrincə, ən azından 10 mini ötür. Bu həmin vəsaitlərdir ki, ölkə büdcəsindən çalınmışdır. Şərqi Avropa İnstitutunun araşdırmalarına görə, Rumıniya, Macarıstan, Çexiya və digər Şərqi Avropa dövlətlərində iri mülklərə, mehmanxanalara, digər ictimai obyektlərə sahib olan işadamlarının əksəriyyəti Azərbaycandan olan iri və xüsusi çəkili dövlət məmurlarıdır. Təkcə Çex Respublikasında onların xüsusi çəkisi, əmlak bazarının da qeyd etdiyi kimi, 30 faiz təşkil edir. İngiltərə, ABŞ, Fransa, İtaliya və Almaniya kimi inkişaf etmiş dövlətlərdə azərbaycanlı oliqarxların nəhəng mülklərinin olması faktları ortaya çıxarsa, kimsə buna şübhə edə bilməz. Bundan əlavə, milli valyuta qismində Azərbaycanın gəlirlərinin Çinin birjalarında yer alması da bugünkü bohranlara səbəb olan amillərdən biridir. Belə ki, dünyada ən iri maliyyə birjası olan Çindəki Şanxay Birjasının üç ay öncə səhmlərinin dəyərinin azacıq aşağı düşməsi nəticəsində üç trilyon dollar dəyərində maliyyə vəsaiti itmişdir. Burada zərər çəkən tərəflərdən biri də ölkəmiz olmuşdur.

Hakimiyyət nədən istefa vermir?

YAP-ı təmsil edən baş nazir Artur Rəsizadənin rəsmi sənədlərə görə 82 yaşı var. Elə bil ki, keçmiş Sovet rejiminin kompartiya nomemklaturasının nümayəndəsi kimi Yoldaş Rəsizadə kreslo üçün doğulmuş və buradan Fəxri Xiyabana yola salınmalıdır. Onun digər müavinlərinin çoxdan təqaüd yaşının çatmasına baxmayaraq, məngirləndikləri kreslodan əl çəkməmək şakərləri davam edir. Guya onlar ölkənin ən dərin intellektual düşüncə daşıyıcılarıdır. Azacıq maliyyə böhranının yaranması bir daha sübut etdi ki, YAP-ı təmsil edən hakimiyyətin düşüncəsi nə qədər cılız və antimilli xarakter daşıyır. Onlar yaranmış durumdan çıxış yollarını aramaqdansa, sosial-iqtisadi göstəricilərinə görə Azərbaycandan bir qədər zəif olan ölkələri nümunə kimi göstərməyə çalışırlar. AzTV isə daha da irəli gedərək Almaniyadakı kasıblara məxsus bağ evlərini nümayiş etdirməklə bildirmək istəyir ki: “Baxın və görün inkişaf etmiş ölkələrdə də kasıb durumda yaşayan vətəndaşlar vardır”. Halbuki, həmin evlər tənha vətəndaşlara məxsus olmaqla adi tikili sayılır. Əslində hökumət Almaniyadakı tənha qocalara məxsus evləri nümayiş etdirməkdənsə, yüz faizlik inflyasiya və milli valyutanın devalivasiyasına görə məsuliyyət daşıdığına görə dərhal istefa verməliydi. Əhalinin sosial narazılığına yardımçı olmaqdansa, “Daxili Qoşunlar”, “Qoçu Dəstələri” və digər güc strukturlarını hərəkətə gətirməklə hakimiyyət özünün totalitar mahiyyətini göstərməkdə davam edir.

On faizlik “bəxşeyiş”

Hər dəfə infliasiya prosesləri müşahidə edildikdə, hökumət əhalinin kütləvi narazılığını səngitmək üçün “on faizlik” artım taktikası ilə hərəkət etmişdir. Bu dəfə ölkədə tamamilə, yəni yüz faizlik inflyasiya prosesləri yaşanılmaqdadır. Yaranmış böhrana görə ölkənin vətəndaş institutları, siyasi partiyaları və əksər mütəxəssislərin susqunluq nümayiş etdirməsi bir daha sübut edir ki, Azərbaycan totalitar bir ölkədir. Dünyanın hər yerində baş verən sıradan gündəlik hadisələri yayan TV kanalların son günlər Füzuli, Lənkəran, Quba, Ucar, Siyəzən və başqa rayonlardakı sosial etiraz nümayişləri haqqında kar, kor və lal olması həmin faktların təsdiqidir. İnternetdəki bir çox sosial şəbəkələr olmasa, tamamilə ölkədə informasiyasızlıq mühiti hökm sürəcəkdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Həmkarlar İttifaqları Konfederasiyasının böhranla bağlı tamamilə seyrçi mövqe sərgiləməsi onu deməyə əsas veri ki, onlar ölkədə baş verən devalivasiyanın, iqtisadi və sosial böhranların əsas günahkarlarından biridirlər. Bu iki qurumun vəzifəsi məhz əməkçilərin hüquqlarının qorunması statusunda fəaliyyət göstərməkdir. Hökumətin fəaliyyətsizliyi və fərsizliyi ucbatından prezident hansısa sərəncamları imzalamaq məcburiyyətində qalıb. Nazirlər Kabineti isə bəlli olduğu kimi “dərin quyu” statusu ilə hərəkət edir. Çünki, qəbul edilən qanunları aylarla və hətta illərlə süründürməçilik siyasəti ilə idarə edən bir orqan kimi tanınır. Əhalinin sosial ehtiyaclarının ödənilməsi yönündə daim “on faiz”lik minnət taktikası ilə fəaliyyət göstərir.
Əksər mütəxəssislərin də qeyd etdiyi kimi, bu gün ölkədə bir nəfərin acından ölməməsi üçün ehtiyac zənbilinin dəyəri 526 manat olduğu halda, Nazirlər Kabineti bu rəqəmi 117 manat həcmində qiymətləndirmişdir. O zaman sual olunur ki, baş nazir Artur Rəsizadə bu rəqəmi haradan icad edib? Yarıtmaz fəaliyyətinə görə hökumətin istefa verməsinin qarşlığında onun siyasi ruporu olan YAP yenə də sinəsini irəli vermişdir. Ancaq müxətlif təsir metodları ilə xalqı bu dəfə də aldatmaq taktikasının ənənəvi texnologiyası bu dəfə işə yaramır. Artıq millət vəkillərinin bölgələrdəki problemlərin həlli yönündə “bər-bəzəkli” vədlərinin də mənası qalmamışdır. Vətəndaşlara yeni iş yerlərinin açılacağı ilə deyil, onlara qabiliyyətinə görə imkanların yaradılması başlıca prinsipə çevrilməlidir. Buna görə də xalqı aldatmaq yolu ilə addımlar atılır.
Biz uzun müddətdir müşahidələrimizə söykəmli şəkildə bildiririk ki, hökumətin və milət vəkillərinin yalanlarına inanmayın. Bu gün sizlərə təqdim olunan cüzi maliyyə yardımları, istehlak mallarının qiymətlərinin azacıq şəkildə aşağı salınması siyasətinə inanmayın. Bu yaranmış böhrandan çıxış yolu deyil. Nə qədər ki, icra stukturları ləğv edilməyib, yerli özünüidarəetmə formalaşmayıb, xalqın seçdiyi və etimad göstərdiyi insanlar hakimiyyətdə yoxdurlar, kimsənin nağıllarına qulaq asmaq olmaz. YAP-ın qurucularından biri olan mərhum Sirus Təbrizlinin qeyd etdiyi kimi, “YAP quldurlar partiyasıdır” məntiqi özünü bax bu günlərə görə deyilmişdir. Onların təfəkküründə dövlət və millət anlayışı ola bilməz. Quldurluq isə çapıb-talamaq deməkdir. Məmələkətin milyardlarla gəliri talandığı üçün, bu gün ölkə hər çeşiddə olan böhranları yaşamaq zorunda qalıb. Daim xalqdan uzaq olan hakimiyyətin acı sonluğu da bax budur.
Ənvər BÖRÜSOY, "Hürriyyət"