Azərbaycanın balaca “xan”ları

Baxış sayı:
987

 
Görəsən, Tahir Kərimov hansı zəfərdən qayıdıb ki, belə bir şəkil çəkdirməyi özünə rəva bilib?
 
Son zamanlar Azərbaycan “xanlıq”lara bölünməkdədir. Düzdür, bu “xanlıq”lar keçmişdəki Naxçıvan, İrəvan, Qarabağ, Gəncə, Lənkəran və s. xanlıqlarından çox fərqlənir. Ən azı ona görə ki, indiki “xanlıq”lar daha kiçik əraziləri əhatə edir. Odur ki, hazırda “Naxçıvan xanı”ndan başqa, qalan bütün xanlıqların öz ərazilərini “itirdiyini” demək olar...
Dəyərli oxucular, mənim fikrimi qəribçiliyə salmayın. Çünki bizim icra başçılarının hər biri özünü rəhbərlik etdiyi rayonun “xan”ı hesab edir. Elə onların övladları da bu rayonda nə istəyirlər, edirlər. Bu haqda dövlət başçısı dəfələrlə xəbərdarlıq etsə də, yenə də heç nə düzəlmir ki, düzəlmir. Əksinə, əvvəllər icra başçılarının övladları “ərköyünlük” edirdisə, indi onların özləri estafeti qəbul ediblər...
Mətbuat yazır ki, Gəncənin icra başçısı Elmar “xan” xalqı nalayiq söyüşlərlə təhqir edib. Deyilənə görə, bu hadisə Yevlax yolunun üstündə yerləşən avtovağzalda baş verib. Belə ki, başçı təmirlə əlaqədar həmin yerə gələrək, öncə iş icraçısını, sonra da əraziyə yığışan insanları söyüşə “qonaq” edib. Marqlıdır ki, sakinlər “Gəncə xanı”na cavab qaytarmağın bədəlinin “ağır” olacağını düşünərək, sakitcə dağılışmağa başlayıb. Necə deyərlər, onlar “eşitmişəmsə, eşitməmiş olum” prinsipini rəhbər tutmağa üstünlük veriblər.
Qeyd edim ki, bu xəbəri eşidəndən sonra xeyriyyəçi, neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin Parisdə başına gələn bir əhvalat yadıma düşdü. Hadisə belədir, daha doğrusu, bir rus mühəndisi belə nəql edir: “Hacı Zeynalabdin Tağıyevə rast gəldim. Parisdən təzə qayıtmışdı. Hal-əhvaldan sonra o tərəflər barədə nə fikirdə olduğunu soruşdum. Heyrətlə dedi: “A kişi, faytonda gedirdik, yanımda da dilmanc. Bizə sağ tərəfə dönmək lazım idi, faytonçu atları sola döndərdi. Mən onun kürəyinə toxunub işarə ilə başa saldım ki, o biri səmtə getməliyik. Birdən sürücü faytonu dayandırıb yerə hoppandı və əllərini oynada-oynada, qışqıra-qışqıra qəzəblə deyinməyə başladı. Məəttəl qaldım. Dilmancdan xəbər aldım ki, nə olub ona, nə deyir, nə baş verib? Dilmanc məni başa saldı ki, qəzəblənib ki, necə cürət edib onu təhqir edirsən, sözün var dillə de. Məəttəl qaldım. Hər şeyi başa düşdüm. Burda, bizdə o cür qayda-qanun olanda adamlar rahat, xoşbəxt olacaqlar”.
Odur ki, indi siz qərar verin: “Gəncə xanı”nın söyüşlərinə cavab verməyən vətəndaşlarla biz hara gedə bilərik? Əslində, bu sualın cavabı yoxdur. Çünki bu vəziyyət təkcə Gəncədə deyil. Elə götürək Salyanın icra başçısı Tahir Kərimov “yoldaş”ın əməllərini.
Məlumunuz olsun ki, T.Kərimov “fövqəlnazir” Kəmaləddin Heydərovun “Caspian Fish” biznes imperiyasının təməl daşlarından idi. Yəqin ki, Kəmaləddin müəllimin biznes sahəsində özünü doğrultduğundan, ona Salyanın icra başçısı vəzifəsi “hədiyyə edilib”.
Bu yaxınlarda sosial şəbəkələrdə maraqlı bir şəkil yayıldı. Bu şəkilin tarixçəsi haqqında araşdırma aparanda məlum oldu ki, keçən il may ayında Salyanda keçirilən “Gül Bayramı” zamanı çəkilib. Həmin vaxt məktəbli uşaqların əlinə gül verib, iki cərgə düzüblər və icra başçısı Tahir Kərimov onların havaya uzatdığı gül dəstələrinin altından gülümsəyərək keçib...
Bu şəkilə baxdıqda “Möhtəşəm yüz il” serialında dünyanı fəth etmək iddiasında olan Osmanlı İmperatorluğunun ən şanlı sultanı - Sultan Süleymanın hər dəfə hərbi zəfərdən qayıdarkən onu qarşılamağa gələn xalqın gül ləçəkləri səpməsi səhnəsini xatırladım. Bu zaman isə bir sualın cavabı məni düşündürdü: Görəsən, Tahir Kərimov hansı zəfərdən qayıdıb ki, belə bir şəkil çəkdirməyi özünə rəva bilib?
Astaranın indiki icra başçısı Qəzənfər Ağayevi də özünü “xan” hesab edən başçılardan saymaq olar. Bir neçə il öncə Qəzənfər “xan” Masallı rayonunun icra başçısı idi. Həmin dövrdə Masallıya daxil olan yolun qırağında 60-70 illik nəhəng ağacları kəsdirərək, heç bir kölgəsi olmayan Palma ağacları əkdirdi. Çünki bu ağaclardan külli miqdarda pul qazanacaqdı...
Hörmətli oxucular! Belə icra başçılarının adlarını çox saymaq olar. Daha doğrusu, bəlkə də özünü “xan” hesab etməyən başçı Azərbaycanda yoxdur. Bu isə bir daha mövcud hakimiyyətin nə dərəcədə “güclü” kadr potensialına sahib olduğunun göstəricisi deyilmi?!

Anar QASIMOV