"Azərbaycanın Avropa Şurasından çıxması hakimiyyətə sərf etmir" – Anar Məmmədli

Amerikanın Səsinə müsahibə verən hüquq müdafiəçisi Anar Məmmədli Avropa Şurası Parlament Assambleyasında (AŞPA) qəbul edilən qətnamələrin mahiyyəti və Azərbaycan-AŞPA münasibətlərinin gələcək prespektivləri haqqında danışıb.
 
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli sözlərinə görə, müzakirə olunan hesabatlardan birincisi ölkədə demokratik institutların fəaliyyətinə dair, iki ildən bir keçirilən ənənəvi hesabatdır. Bu hesabat Azərbaycan Avropa Şurasına qəbul olunandan sonra vaxtaşırı ölkədə aparılan monitorinqin nəticələrinə dair təşkil olunan hesabatlardan növbətisi idi.
“İkinci hesabat isə spesifik xarakter daşıyırdı. Bu, hüquq komitəsinin 2014-cü ildə baş vermis həbslər, xüsusilə də hüquq-mühafizə təşkilatlarına və siyasi fəallara qarşı aparılan təzyiqlərin nəticəsi olaraq gəldiyi qənaətin nəticəsi idi ki, bu ölkədə bunun ciddi şəkildə araşdırılmasına ehtiyac var.”
Hüquq müdafiəçisi 2016-cı ilin ortalarına müzakirəyə çıxarılmalı olan ikinci hesabatı gecikmiş hesabat adlandırsa da, düşünür ki, sonda qəbul olunan qətnamələrin siyasi, ictimai əhəmiyyəti böyükdür.
“Hesab edirəm ki, hər iki qətnamə Azərbaycanda insan hüquq və azadlıqlarının mövcud durumu ilə bağlı vəziyyəti dolğun əks etdirən sənədlərdir. Bu da təkcə Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə deyil, həmçinin Avropa Birliyi, ATƏT, Qərbi Avropa dövlətləri, ABŞ-a münasibətlərinə də təsir edə biləcək vacib amildir.
Hesabatda faktlar kifayət qədər çoxdur və mövcud gerçəklikləri əks etdirir.
Anar Məmmədlinin bildirdiyinə görə, "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı hesabata Azərbaycanın Avropa Şurasına üzvlüyü zamanı üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı ənənəvi aparılan monitorinqin nəticəsi kimi baxıla bilər.
“Son hesabatın üstündən iki il keçsə də bu müddətdə heç bir şey dəyişməyib, əksinə ölkədə 2015-ci ildən bu günə qədər olan dönəmdə hüquqi mühitin daha da mürtəceləşməsi, ölkədə siyasi məhbusların sayının durmadan artması, xüsusilə də azad media ilə bağlı vəziyyətin daha da pisləşməsi yer alıb.”
AŞ-ın Azərbaycanla münasibətində heç bir ayrıseçkiliyə yol verilmir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun “Qətnamələrin əsas məqsədi Azərbaycanı Avropa məkanından uzaqlaşdırmaqdır” sözlərinə münasibət bildirən Anar Məmmədli bu fikirlə qətiyyən razılaşmadığını vurğulayıb. Onun sözlərinə görə, Avropa Şurasının insan hüquq və azadlıqlarına hörmət, qanunun aliliyi kimi təməl prinsipləri var. AŞ-a üzv olan ölkələrin müqasiyəsini apardıqda Azərbaycanla bağlı tənqidlərin əsassız olmadığını görərik.
“Ölkədə siyasi məhbusların sayı 140-dan artıqdır və müstəqil media yoxdur. Söz və ifadə azadlığına olan bu cür basqılar AŞ-a üzv olan yalnız Rusiya və Türkiyədə müşahidə olunur. Ona görə AŞ-ın Azərbaycana qarşı ayrıseçkilik etdiyini demək əsassızdır. Əksinə, AŞ-ın bir çox nümayəndəsi öz çıxışlarında bildiriblər ki, biz Azərbaycandan özümüzə qarşı bərabərhüquqlu üzvlük gözləyirik.”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli onu da əlavə edir ki, Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının Azərbaycan hakimiyyəti tərəfindən icra olunmaması ikitərəfli münasibətlərin kritik bir məcraya gəlib çıxmasına səbəb ola bilər.
“Azərbaycanın Avropa Şurasındakı üzvlüyü və bu qurum qarşısındakı öhdəliklə bağlı İlqar Məmmədovun məhkəmə qərarının icrası mühüm yer alır. İlqar Məmmədov və yaxud digər siyasi məhbusun həbs edilməsi hakimiyyətin bir şəxsə spesifik yanaşması deyil, Azərbaycan hökümətinin apardığı sistematik repressiyaların nəticəsidir. Ona görə də Avropa Şurası Azərbaycanla bağlı mövqeyini elə qoymalıdır ki, təkcə İlqar Məmmədov və başqa siyasi məhbusların azad olunması deyil, ümumiyyətlə ölkədə siyasi motivli həbslərin aradan qaldırılması əsas müzakirə mövzusu olsun.”
Azərbaycanın Avropa Şurası üzvlüyündən çıxması ilə bağlı ehtimallara münaibət bildirən hüquq müdafiəçisi qeyd edir ki, Azərbaycan hakimiyyəti xüsusilə ölkədə elə imic yaratmağa çalışır ki, Avropa Şurasında Azərbaycanı sevməyən, Azərbaycana qarşı xüsusi bir marağı olan qüvvələr var.
“Azərbaycanın Avropa Şurasından çıxarılması Azərbaycan hökümətinə sərf eləmir. Əvvəla İlham Əliyev millət vəkili olarkən Azərbaycan nümayəndə heyətinə rəhbərlik etməsi Avropa Şurasının onun siyasi karyerasında xüsusi önəmli rol oynayır. İkinci məsələ odur ki,üzvlükdən çıxmaq Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan müzakirələrdə çox ciddi bir platformanı itirməsi ilə nəticələnəcək. Lakin Azərbaycan hakimiyyətinin bir sıra qərb ölkələri ilə sıx və dərin münasibətləri var. Ona görə, açığı mən düşünürəm ki, Azərbaycan hakimiyyəti Nazirlər Komitəsində ciddi şəkildə səs çoxluğunu itirib. Əgər səsvermə olarsa, Şərqi və Mərkəzi Avropa ölkələri və ya Britaniya, Fransa kimi ölkələrin nümayəndələri Azərbaycan məsələsinin lehinə səs verəcəklər.”