“Azərbaycanı dağıdıcı zəlzələ gözləmir” - Qurban Yetirmişli

Baxış sayı:
4963

“Hər bina üçün ayrıca tədqiqat aparılmalıdır ki, zəlzələyə davamlılığı nə qədərdir”

İyunun 7-də Xəzər dənizində zəlzələ qeydə alınıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin maqnitudası 4,7 bal, dərinliyi 62 km olub. Zəlzələ sahilə yaxın ərazilərdə 3 bala qədər hiss olunub.

İyunun 2-də isə Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda 4,6 bal gücündə zəlzələ baş vermişdi. Yerin 5 kilometr dərinliyində meydana gələn təkanlar İstanbul da daxil olmaqla, ətraf şəhərlərdə hiss olunub.

Bəzi gözləntilərə görə, Türkiyədə yenidən güclü zəlzələ ola bilər. Azərbaycan da seysmik zonada yerləşir.

Zəlzələ proqnozları nə dərəcədə ciddidir? Xüsusən son illərdə Bakıda yeni tikililər artıb. Onların zəlzələyə davamlılığı hansı səviyyədədir?

Məlum məsələdir ki, heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. 2000-ci illərdə ölkəmizdə baş verən güclü zəlzələlər də göstərdi ki, Azərbaycan seysmoloji zonada yerləşir və hər an bu cür arzuolunmaz hadisələr baş verə bilər.

Bəs görəsən, yaşadığımız evlər zəlzələdən nə dərəcədə sığortalanıb? Paytaxtda durmadan inşa edilən çoxmərtəbəli binalar neçə bal zəlzələyə davamlıdır? Sovet dövründən qalan, istismar müddətini başa vuran köhnə binalar təbii fəlakət qarşısında duruş gətirə bilərmi?

Bakının kosmosdan müşahidəsinin nəticələri göstərir ki, şəhər sürüşmə baxımından da təhlükəlidir. Buna görə də Bakıda maksimum 12-16 mərtəbəli binalar tikmək olar. Bundan əlavə, bir çoxları iddia edir ki, Bakının seysmik şəraiti ilə əlaqədar, Yaponiyada olduğu kimi, yalnız üzən özülə malik olan monolit binalar tikilməlidir.

Bir müddət əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin eksperti Cahangir Qocayev demişdi ki, elə binalar var konstruksiyası nəzəri cəhətdən zəlzələyə davamlıdır, amma inşa zamanı orada texnoloji proses pozulub, qaydalara düzgün əməl edilməyib: “Bu baxımdan həmin bina zəlzələyə davamlı olmaya bilər. Ona görə də binaların seysmik davamlılığını dəqiq müəyyən etmək üçün inventarizasiya aparılmalı, binalar pasportlaşdırılmalıdır”.

Qurban Yetirmişli ile ilgili görsel sonucu

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanı katostrofik, dağıdıcı zəlzələ gözləmir. Onun sözlərinə görə, enerji boşalmaları gedir və qorxulu hal yoxdur.

Mərkəz direktorunun sözlərinə görə, təkanlar Xəzər sahillərində hiss olunub: “Ötən gecə (srağagün - E.S.) 25 təkan olub, əsasən dənizin Xaçmaz istiqamətində hiss olunub. Əslində elə gün yoxdur ki, təkan olmasın”.

Onun fikrincə, Bakı bioloji cəhətdən mürəkkəb quruluşa malikdir: “Hər bina üçün ayrıca tədqiqat aparılmalıdır ki, zəlzələyə davamlılığı nə qədərdir. Məsələn, biri 8 bal, biri 9 bal dözümlü ola bilər. Bakı hamar deyil, dərəsi, sürüşmə zonası var. Amma bütün bunlara ciddi nəzarət var. Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyi ekspertizanı həyata keçirir, monitorinqləri aparır, müvafiq texniki rəyləri ümumiləşdirib, yuxarı instansiyalara verir. Yəni bu məsələlərə ciddi yanaşılır”.