AZƏRBAYCANI BÖHRANA SÜRÜKLƏYƏN "MALİYYƏ ÜÇLÜYÜ"

Natiq Cəfərli: “Maliyyə siyasətinə cavabdeh olan qurumlar öz aralarında rəqabət aparır, bunun da əziyyətini bütün ölkə çəkir”

Ötən həftə Mil­li Məc­lis­də “Val­yu­ta tən­zi­mi haq­qın­da” qa­nu­na də­yi­şik­lik­lərin qə­bul olunması bir daha göstərdi ki, valyuta dəyişmə məntəqələrinin bağlanılması düzgün qərar deyilmiş. Maraqlıdır ki, 13 yanvar 2016-cı ildə qanunla lisenziyaları ləğv edilən valyuta dəyişmə məntəqələrinin bağlanması kimlərə lazım idi? İndi yenidən bu məntəqələrin bərpası hansı zərərətdən irəli gəldi? Belə çıxır ki, ölkənin maliyyə təhlükəzliyinə nəzarət edən 3 qurum - Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank valyuta məntəqələrini ləğv etməklə düzgün qərar verməyiblər, yenidən isə səhvlərini düzəltməyə çalışırlar.
Əslində, ölkədə maliyyə sistemindəki böhran bu üç qurumun fikirlərinin biri-biri ilə uzlaşmamasının nəticəsidir. Daha dədiq desək, baş verənlər bu üç qurumun bir-biri ilə didişməsinin göstəricisidir. Hansı ki, devalvasiyadan bəri manatın taleyi ilə oynayan bu qurumlar eyni zamanda valyuta dəyişmə məntəqələrinin lizensiyalarnın ləğvi ilə əhalinin taleyi ilə də oynadılar. Çünki valyuta dəyişmə məntəqələrinin lizensiyalarnın ləğvi ilə ölkədə “qarabazar” genişləndi, manat hətta ilin əvvəlində 1.92 civarında müəyyənləşdi ki, nəticədə ölkədə ciddi narahatçılıq yaşandı. Eyni zamanda bu stiuasiyadan xeyli qazanc əldə edənlər də oldu.

““Qara bazar”ın məhz inzibati müdaxilələr nəticəsində formalaşdığı artıq məlum oldu”

Mövzu ilə bağlı Hurriyyet.org-a açıqlama verən tanınmış iqtisadçı Natiq Cəfərli bildirdi ki, dünyada heç vaxt maliyyənin, qazancın və ideyanın qarşısını inzibati yollarla almaq mümkün deyil: “Valyuta dəyişimə məntəqələrini çox səhv olaraq bağladılar və bunun nəticəsi olaraq da “qara bazar” formalaşdı. “Qara bazar”da alış-satış daha sərfəli olduğu üçün banklardan “qara bazar”a valyuta axını müşahidə olunurdu. Bunun başqa mənbəyi də yox idi. “Qara bazar”ın çiçəklənməsi verilmiş səhv qərarların, inzibati yolla iqtisadi münasibətlərin tənzimlənməsi cəhdlərinin nəticəsidir. Bunun da səhv olduğu, “qara bazar”ın məhz inzibati müdaxilələr nəticəsində formalaşdığı artıq məlum oldu.
Son zamanlar yenidən valyuta dəyişmə məntəqələrinin açılması müzakirə olunur. Amma heç kim də sual vermir ki, bu qərarı kim və nəyə görə vermişdi? Valyuta dəyişmə məntəqələri niyə bağlanmışdı ki, “qara bazar”ın çiçəklənməsi də bununla paralel getdi?!
Sovet ordusuna, təhlükəsizlik orqanlarına, polisə baxmayaraq, “qara bazar” hətta sovet vaxtı belə fəaliyyət göstərirdi, bunun qarşısını almaq mümkün deyildi. Ona görə də inzibati qaydalardansa, iqtisadi tənzimləmələrə üstünlük verilməlidir ki, belə iqtisadi eybəcərliklər yaranmasın. “Qara bazar” iqtisadiyyatda eybəcər təzahürlərdən biridir. İndi yenidən valyuta dəyişmə məntəqələri açılıb, normal fəaliyyət göstərdikdə iqtisadi təsirlər işə düşəcək və “qara bazar”ın sıradan çıxmasına səbəb olacaq. Amma hələ ki, bəzi banklar da “qara bazar”ın qalmasında və fəaliyyət göstərməsində maraqlıdırlar”.

“Bu idarəetmənin çox bərbad bir vəziyyətdə olduğunun əyani sübutudur”

N.Cəfərli təəssüflə qeyd etdi ki, valyuta dəyişmə məntlərinin ləğv olunub, yenidən bərpa edilməsi, sonuncu səhv qərar deyil: “Qərar verilərkən ciddi müzakirələr keçirilmir və ölkədə müzakirə ortamı yoxdur deyə, heç bir əks arqumentlər dinlənilmir, qərarlar verilir. Sonra prakitkda bunun səhv olduğu üzə çıxır və bu qərarların ləğvinə və yaxud  dəyişdirilməsinə cəhdlər olur. Əslində, bu idarəetmənin çox bərbad bir vəziyyətdə olduğunun əyani sübutudur. Çünki valyuta dəyişmə məntəqələri bağlanarkən ən vacib arqument kimi belə səsləndirilirdi ki, valyuta dəyişmə məntəqələri ajiotaja və məzənnənin artmasına səbəb olur. Amma tam əks proses oldu. Vayuta dəyişmə məntəqələrinin bağlanması “qara bazar”ın çiçəklənməsinə səbəb oldu, əksinə ajiotajı artırdı. Məhz valyuta dəyişmə məntəqələrinin bağlanması prosesindən sonra məzənnənin daha tez-tez və kəskin dəyişməsinin, bu ilin yanvar ayında rəsmi məzənnənin 1.92 olmasının şahid olduq, hətta “qara bazar”da 1 dolları 2 manata gördük. Bu nəyin nəticəsi idi? Ona görə, valyuta dəyişmə məntəqələri yox idi, amma belə bir ajiotaj yaradıldı. Deməli, verilmiş qərar kökündən səhv idi, heç bir müzakirə ortamı olmadan verilmişdi. İndi yenidən qərar dəyişdirlir və valyuta dəyişmə məntəqələrinin açılmasına icazə verilir. Hansı şəxslər, deputatlar, məmurlar valyuta dəyişmə məntəqələrinin bağlanması alqışlyırdısa, indi həmin şəxslər valyuta dəyişmə məntəqələrinin açılmasını alqışlayırlar. Şəxsən mənim üçün bu məntiqi başa düşmək çox çətindir”.

“Daxili çəkişmələrin nəticəsi olaraq bütün maliyyə sistemi ciddi əziyyət çəkir”

“Mənə elə gəlir ki, bir gizli güc göstərməsi də var. Hər üç qurum əsasən də Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank sanki bir-birindən üstün olduğunu, hansının daha vacib qurum olduğunu bir-birinə subut etməyə çalışaçaqlar. Müdaxilələrin və daxili çəkişmələrin də nəticəsi olaraq bütün maliyyə sistemi ciddi əziyyət çəkir. Son zamanlar verilən qərarların hamısı problemlər yaradır. Elə Palatanın özünün də maliyyə əməliyyatlarına, nəğdləşdirməyə qoyulmuş qaydalar və bununla bağlı verilən qərarlar çox absurd qərarlardır. Mən hüquqüşunas deyiləm, amma ciddi hüquqşünaslar bunu araşdırsalar, görərlər ki, verilən qərarlar hətta Konstitusiyamıza ziddir. Çünki insanların hesabına olan vəsait onun mülkiyyətidir və heç bir dövlət qurumu məhkəmə qərarı olmadan o mülkiyyətdən istifadə hüququnu məhdudlaşdıra  bilməz. Amma Palata bunu da etdi. Nəğdləşdirməyə qadağalar qoydular, məhdudiyyətlər gətirdilər. Bu, ölkənin imicinə də ciddi zərbə vurur. Çünki dünyada iş adamları belə bir hadsələr gördükdə həmin ölkədən qaçmağa çalışırlar.
Düşünülmədən verilmiş qərarlar həm daxili proseslərə ciddi zərbə vurdu, həm də iqtisadi aktivliyi xeyli dərəcədə zəiflətdi. Onsuz da iqtisadi aktivlik çox zəif idi. Sanki maliyyə siyasətinə cavabdeh olan qurumlar öz aralarında rəqabət aparır, hansının daha vacib olduğunu subut etməyə çalışır, bunun əziyyətini isə bütün vətəndaşlar və iqtisadi oyunçular görür”, - dedi iqtisadçı.

“Palatanın səlahiyyətləri və iş qaydaları ilk gündən şübhə doğurur və suallar yaradır”

N.Cəfərli onu da vurğuladı ki, maliyyə sisteminə nəzarət edən qurumların üçü də bu sahədə önə çıxmağa, əsas qərarverici orqan olmağa çalışır: “Çünki bu əsas qərarverici orqanın əlində dividentlərin olmasına gətirib çıxardacaq. Ona görə də bu çəkişmələrin əsas səbəbi bu sahədə əsas qərarverici orqan olmağa çalışmaqdır ki, gələcəkdə bütün sahənin nəzarətini öz əlində cəmləşdirə bilsin. Bu da əks effekt doğurur, ciddi problemlər və narahatçılıqlara gətirib çıxarır. Maliyyə Nazirliyi, Mərkəzi Bank və yeni yaradılmış Palata, hansı ki, səlahiyyətləri və iş qaydaları ilk gündən şübhə doğurur və suallar yaradır, bu üç qurumun üçü də maliyyə sabitliyinə, pul dövriyyəsinə iqtisadi aktivliyə cavabdeh olan qurumlardır. Ən maraqlısı budur ki, inkişaf etmiş dünyanın praktikasında Maliyyə Nazirliyi həmişə Mərkəzi Banka sözün yaxşı mənasında müxalif bir nazirlik olur, hətta Rusiyada, Qazaxıstanda belə, biz bunu görürük. Çünki Maliyyə Nazirliyi həm də iqtisadi aktivliyə cavabdeh nazirliklərdən biridir. Ona görə də Mərkəzi Bankın atdığı addımları ən çox tənqid edən qurum İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi olur, hətta Rusiyada da belədir. Orada həm Maliyyə, həm də İqtisadi İnkişaf nazirlikləri tez-tez Mərkəzi Bankın atdığı addımları tənqid edirlər ki, iqtisadi aktivliyə zərbə vurur. Azərbaycanda sözün yaxşı mənasında nə öz aralarında belə publik mübahisə, nə də bir müzakirə ortamı yoxdur. Sanki kimin daha güclü olduğunu subut etməyə çalışırlar. Bunun da əziyyətini bütün ölkə çəkir”.