Azərbaycandan gedən xammal sərhəddə saxlanıldı, 25 sement zavodu bağlandı - GÜRCÜSTANDA BÖHRAN

Baxış sayı:
7231

Gürcüstanda son üç həftə ərzində 25 sement zavodu xammal olmadığına görə fəaliyyətini dayandırıb. 
Gürcüstan KİV-ləri xəbər verir ki, buna səbəb sement istehsalı üçün xammalın-klinkerin idxalına yaradılan məhdudiyyətlərdir. Xammalı isə Gürcüstan zavodları Azərbaycan və İrandan alır.

Bildirilir ki, bir aya yaxındır Gürcüstanın gəlirlər Xidməti 3 min ton sement klinkerinin gömrükdən keçirilməsini əngəlləyir. Bunun səbəbini xammalın keyfiyyətinin yoxlanılması ilə izah edirlər. Lakin “Rustavi 2” telekanalının bildirdiyinə görə mal bir aya yaxındır sərhəddə saxlanılsa da heç kim klinkerdən nümunə götürməyib və yoxlamayıb.

“Klinkerin yoxlanılması üçün haradasa iki saat vaxt lazımdır. İstənilən texnoloq, qoy lap “Haydelberg”də (Gürcüstanda sement istehsalı şirkəti) işləsin, lap Samxarauli labarotoriyasında, iki saata müəyyən edə bilər ki, bu klinker hansı kimyəvi tərkibə malikdir”-sement zavodlarından birinin sahibi Levan Baramidze deyib.

Gürcüstan sement istehsalçıları hesab edirlər ki, bu böhranın arxasında ölkənin iri sement istehsalçısı “HeidelbergCement” dayanır. Bu şirkət klinkeri özü istehsal edir və qalan sement istehsalçıları ya ondan asılı olmalıdır, ya da oyundan çıxmalıdır. Sement istehsalçıları bildirir ki, hökumət bu şirkətin bazarda inhisarçıya çevrilməsinə çalışır.

Sement istehsalçıları yaranmış böhranla bağlı aksiya planlaşdırıblar, amma hökumət vəd edib ki, problemi müzakirə edib aradan qaldıracaqlar. İstehsalçılar hökumətə 4 gün vaxt verib və məsələ həll olunmasa küçələrə çıxacaqlar.

Biznes-ombudsmen İrakli Lekvinidze isə deyir ki, baş verənlərin səbəbi sementin keyfiyyətinə nəzarətin güclənməsidir. Çünki ötən il 27 sement nümunəsindən ancaq 8-i Avropa standartlarına uyğun olmuşdu.