Azərbaycandan dünyaya Qarabağ xəbərdarlığı

Baxış sayı:
5482

İşğalçı Ermənistan və havadarlarına Bakının prinsipial mövqeyi növbəti dəfə çatdırıldı; prezident: “Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır”; politoloq: “Faktiki olaraq burada Lavrovun açıqlamalarına cavab da var...”
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanda Nikol Paşinyanla eyni mövqeni bölüşməsi Azərbaycanda kəskin etirazlar doğurdu. Hələlik Rusiyanın erməni sevdalısı olan naziri işğalçı ölkədə sərgilədiyi yanlış mövqeyə Bakıdan verilən cavablara münasibət bildirməyib və güman ki, bu məsələyə heç vaxt toxunmayacaq.
Xatırladaq ki, bundan əvvəl S.Lavrov gah Dağlıq Qarabağın “Azərbaycanın daxili işi olmadığını” iddia edib, gah ona məntiqli suallar verən azərbaycanlı jurnalistlərə qəzəblənib, gah da Bakıya ermənilərin buraxılmadığına görə, Azərbaycanı r rəhbərlik etdiyi qurum səviyyəsində ittiham edib. Bütün bunlardan sonra Lavrov növbəti dəfə erməni işğalını və separatizmini stimullaşdıran mövqe sərgilədi. Azərbaycan XİN məsələyə etirazını operativ şəkildə bəyan etdi. Eyni zamanda, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması “Dağlıq Qarabağ xalqı” anlayışının olmadığını rusiyalı nazirin nəzərinə çatdırmağa çalışdı.
Xatırladaq ki, keçən ay Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edən prezident İlham Əliyev bu məsələyə aydınlıq gətirərək bildirmişdi ki, “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Dağlıq Qarabağın Azərbaycan əhalisi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal olunmuş digər 7 rayonun əhalisi kimi etnik təmizləməyə məruz qalıb. Bütün bunlar Bakıdan ünvanlanan bəyanatlarda bir daha S.Lavrova xatırlandı.
Amma çətin ki, “yaddaşında qalsın”. Çünki Valday konfransında elə Lavrov şəxsən iştirak edirdi. O zaman Azərbaycan prezidenti Paşinyana cavab olaraq “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını səsləndirəndən sonra ermənilər Lavrovu bu mövqeni sükutla qarşıladığına görə tənqid etmişdilər. Sanki Lavrov ermənilərin yanında günahını yumaq üçün Paşinyanın absurd mövqeyini paylaşmağa qərar verdi. Ancaq şübhə yoxdur ki, Rusiya XİN rəhbəri bununla Qarabağ separatçılarını açıq himayə etdiyini nümayiş etdirdi.
Reallıq bundan ibarətdir ki, N.Paşinyanla Qarabağ klanı arasında uçurum yaranıb. Gələn il də Xankəndindəki separatçı rejim “seçki” şousu keçirmək istəyir. Paşinyanın qondarma rejim rəhbərliyinə öz adamını gətirmək niyyətinin qarşılığında Lavrovun peyda olub “Dağlıq Qarabağ xalqı” kimi absurd iddianı səsləndirməsi həm də Qarabağ klanını dəstək nümunəsidir. Lakin ermənilərin hansı konfliktlərinin, hansı oyunlarının olmasına baxmayaraq, istənilən halda, həmsədr ölkənin diplomatının mövqeyi qəbulolunmazdır. Elə münaqişənin həllinə məsul olan ATƏT-in Minsk prosesi çərçivəsində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları maraqlı tərəflər kimi müəyyən olunub və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mühüm beynəlxalq təşkilatların sənədlərində də heç vaxt “Dağlıq Qarabağ xalqı” məfhumu qeyd edilməyib.
Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammitində çıxış edən Azərbaycan prezident İlham Əliyev ile ilgili görsel sonucu
Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammitində çıxış edən Azərbaycan prezident İlham Əliyev də bir daha Bakının prinsipial mövqeyini nəzərə çatdırdı və mühüm mesajlarını səsləndirdi. Prezident bildirib: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqda yaşayıb yaratmışdır və qədim xəritələrdə, eyni zamanda, Çar Rusiyasının XX əsrin əvvəllərində çap edilmiş xəritələrində Dağlıq Qarabağa aid olan ərazidə bütün toponimlər Azərbaycan mənşəlidir. Qarabağ xanlığı Azərbaycan xanlığı olmuşdur. Sadəcə olaraq, XIX əsrin əvvəllərində ermənilər Dağlıq Qarabağa köçürülmüşlər və XX əsrdə orada milli tərkib böyük dərəcədə deformasiyaya uğramışdır. Onu da bildirməliyəm ki, bolşevik inqilabından sonra respublikalar arasında cızılan xəritələrə gəldikdə, o vaxt bolşevik hökuməti tərəfindən qərar qəbul edilmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bu, çox önəmli məqamdır, çünki tarixi təhrif etməkdə usta dərəcəsinə çatmış erməni tarixçiləri qeyd edirlər ki, Dağlıq Qarabağın Azərbaycana verilməsi haqqında qərar qəbul edilmişdir. Halbuki bu, belə deyil və tarixi sənədlər bunu göstərir, Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaq haqqında qərar qəbul edilmişdir. Yəni, bu, eyni zamanda, tarixi və siyasi məqamları əks etdirir”.
Dövlət başçısı bildirib ki, Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağda və Ermənistanda baş qaldırmış millətçi qüvvələr Azərbaycana qarşı təcavüzə başlayıb və hərbi təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafda olan 7 rayon işğal altına düşüb: “Bu ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı törədilmişdir, bizim bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan çıxarılması haqqında açıq-aydın müddəalar var, Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və başqa təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bu böyük humanitar fəlakət nəticəsində Dağlıq Qarabağdan, Ermənistandan və Qarabağı əhatə edən rayonlardan bir milyon azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşmüşdür”.
Azərbaycan prezidenti bununla nəinki Qarabağa iddia edən Ermənistana, həmçinin onun havadarlarına xəbərdarlığını edib, mövqeyini çatdırıb.
Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bu fikirləri bölüşdüyünü bildirdi: “Azərbaycan prezidenti yenə də vacib açıqlamalar verdi və faktiki olaraq burada Lavrovun da açıqlamalarına cavab var idi. Dövlət başçısı Dağlıq Qarabağın tarixən Azərbaycana aid olması haqqında iştirakçıları faktlarla məlumatlandırdı. Prezidenti dinləyənlər arasında Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill də var idi. Necə ki, dövlət başçısı ”Valday" diskussiya klubunda Paşinyanın cavabını verdi, “Qarabağ Azərbaycandır və nida işarəsi” dedi, dini liderlərin Bakı toplantısında da məncə, Lavrovun cavabını verdi. Çünki həqiqətən də Lavrovun fikirləri erməni separatçıları və Paşinyanın mövqeyi ilə üst-üstə düşür. Bu isə danışıqlar prosesinə ciddi zərbə vurur. Ona görə də Azərbaycan prezidenti həm də Lavrovun cavabını verdi".
Ermənistan hakimiyyətinin ziddiyyətli bəyanatları Qarabağa dair danışıqlar prosesini dalana dirəyib. Virtualaz.org xəbər verir ki, belə bəyanatla Ermənistan keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan çıxış edib. Onun sözlərinə görə, məsələn, Bakı deyir ki, danışıqlar hansısa sənəd üzərində aparılır, İrəvan isə belə sənədin olmadığını deyir. “Bu gün Azərbaycan və beynəlxalq ictimaiyyət eyni mövqedən çıxış edir, Ermənistan isə başqa mövqedən, Rusiya xarici işlər naziri Sergey Lavrov da bu haqda artıq iki dəfə danışıb”,-Şahnazaryan bildirib.
Paşinyanın Qarabağa dair mövqeyini və ziddiyyətli bəyanatlarını tez-tez kəskin tənqid edən, habelə onun Qarabağı Azərbaycana qaytarmağa yönəlmiş gizli planının olduğunu deyən Şahnazaryan deyir ki, belə vəziyyət Ermənistan üçün çox ciddi təhdiddir. “Və Azərbaycan artıq gələcək hərbi əməliyyatlara haqq qazandırmaq üçün ciddi arqumentlər əldə edib. Bütün bunlar ona gətirib çıxara bilər ki, hansısa beynəlxalq tədbirdə danışıqlar masasında bizim üçün qəbuledilməz sənəd qoyula bilər. Bu sənədə biz maksimum veto qoya və ”Lissabon 2" əldə edə bilərik. İstisna deyil ki, belə cəhd tezliklə Bratislavada (ATƏT xarici işlər nazirlərinin görüşündə - red.) ediləcək",-o qeyd edib.
Bu arada rəsmi İrəvan ortada hər hansı sənədin olmadığını iddia edir. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Anna Naqdalyan danışıb. “Azərbaycanla Ermənistan hazırda hansısa konkret sənədi müzakirə etmir”, erməni diplomat deyib. O, Dağlıq Qarabağın həlliylə bağlı sülh prosesinin “heç bir fərq olmadan” irəlilədiyini bildirib.
Qeyd edək ki, bundan öncə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanla danışıqlarda irəliləyişlərin olduğunu bildirmişdi. “Biz istəyərdik ki, daha konkret məsələləri müzakirə edək. Əslində tərəflər arasında konkret danışıqlara keçmək barədə razılıq var. Bu da mənim sevdiyim tərzdir. Ümidimiz var ki, dekabrın əvvəlində Bratislavada baş tutacaq görüşdə bunu dəqiqləşdirək. Onda məlum olacaq ki, Ermənistan substantiv danışıqlara hazırdır, ya yox? Çünki sənədlər artıq masanın üzərindədir”, - Məmmədyarov bildirmişdi.
N.Paşinyan bütün aqressiyasını işə salıb ki, daxili ictimaiyyət onu güzəşt tərəfdarı olaraq tanımasın. Ancaq bu kimi oyunlar savaşı tətikləyəcək qədər təhlükəlidir., Fransada səfərdə olan işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronun verdiyi ziyafətə qatılıb və BMT baş katibi Antonio Quterreşlə görüşərkən onunla selfi də çəkdirib. Hələ ki, işğalçı ölkənin lideri BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyən ölkənin lideri ilə şəkil çəkdirir. Ancaq Bakının prinsipial mövqeyi və sonuncu hərbi təlimlər də sıradan məsələ deyil və günün birində atəşkəsin pozulacağına işarədir.//musavat