Azərbaycanda yeni siyasi idarəetmə - ÖLKƏMİZİ İNKİŞAFA APARAN FORMUL - TƏHLİL

İslahatlar aparılarkən kadrların yaş həddinə diqqət etmək nə üçün vacibdir?
 
Ötən həftə Prezident Administrasiyasında həyata keçirilən struktur dəyişiklikləri cəmiyyətdə illərdir gözlənilən islahatların başlanğıcı kimi qəbul edilir. Əksər ekspertlər bu fikirdədir ki, struktur dəyişiklikləri çərçivəsində bir sıra yüksək səlahiyyətli məmurların vəzifədən kənarda saxlanılması prosesin davamlı olacağına dəlalət edir. Çünki indiyədək Azərbaycanda aparılan kadr islahatları sadəcə yerdəyişmə prinsipi ilə keçirilib, islhatlar çərçivəsində bir neçə məmurun cəm halında vəzifədən kənarlaşdırılmasına demək olar ki, rast gəlinməyib. Odur ki, ölkədə prezident İlham Əliyevin tezliklə növbəti islahat xarakterli sərəncamlar verəcəyinə inam günbəgün artmaqdadır...
Təbii ki, bu islahatların aparılmasında əsas məqsədlərdən biri daha çevik və gənc kadrların vəzifəyə gətirilməsidir. Çoxlarına bəlli olduğu kimi, Azərbaycan hakimiyyətində əsas idarəetmə postlarına sahib olan məmurların bir çoxu pensiya yaşını ötmüş insanlardır. Hansı ki, onların əksəriyyəti də bu və ya digər hallarda operativ qərarlar qəbul etmək imkanından məhrumdur. Eyni zamanda, hakimiyyətdəki mövcud kadrların bir çoxu SSRİ-nin nostaljisi ilə yaşayan, hələ də Azərbaycanın müstəqil dövlət olduğunu qəbul edə bilməyən, hətta bəzi hallarda Kremlin maraqlarını dövlət maraqlarımızdan üstün tutan kommunist təfəkkürlü insanlardır. Bu insanların isə son illər apardığı siyasət Azərbaycanın gerçək müstəqilliyinə qovuşmasına, ölkəmizin inkişafına, xalqımızın rifahına və s. imkan vermir. Üstəlik, onlar ölkəmizdə və müxtəlif nüfuzlu xarici universitetlərdə təhsil alan, yüksək savad əldə edən kadrların öz potensialını Azərbaycanın inkişafına yönəltməsinin qarşısında da keçilməz bir sipər olublar.
Sözsüz ki, bütün bunların fonunda prezident İlham Əliyevin apardığı kadr islhahatları təqdir olunmalıdır və bu islahatların davamlı olması arzuediləndir. Amma bu islahatlar həyata keçirilən zaman KADRLARIN YAŞ MƏSƏLƏSİNƏ xüsusilə diqqət yetirmək lazımdır. Zənnimizcə, bu məsələdə yaxın qonşumuzun - Gürcüstanın praktikasından yararlanmaq olar. Dəyərli oxuculara bəllidir ki, 2003-cü ildə Mixail Saakaşvili hakimiyyətə gəldikdən az müddət sonra, hətta ən yüksək postları belə, gənclərə etibar etdi. Doğrudur, o, özünə peşəkar komanda formalaşdıranadək vəzifəyə təyin etdiyi kadrları tez-tez dəyişməyə məcbur olurdu. Amma nəticə göstərdi ki, M.Saakaşvili SSRİ-dən qalma məmurları öz postundan uzaqlaşdırmaqla doğru addım atıb. Odur ki, Saakaşvilidən sonra hakimiyyətə gələn Bidzina İvanişvili iqtidarı da bu siyasəti davam etdirməyi məqbul bildi. Məsələn, 1982-ci il təvəllüdlü İrakli Qaribaşvilinin Baş nazir postuna gətirilməsini dediklərimizin bariz nümunəsi hesab etmək olar.

Azərbaycan da prezident İlham Əliyevin başlatdığı kadr islahatları serialının məhz bu prinsiplər nəzərə alınmaqla həyata keçirlməsi uğurlu ola bilər. Üstəlik, hesab edirik ki, kadr seçimi zamanı xüsusilə gənc və orta nəslə, belə demək olarsa, SSRİ dağılarkən orta məktəbin sonuncu siniflərində oxuyan və ya institutda təhsil alan, sonrakı illərdə isə kifayət qədər savad və təcrübə toplayan vətəndaşlara daha çox üstünlük verilməlidir. Hansı ki, bu insanlar hazırda təxminən 40-45 yaşlarındadır. Çünki dediyimiz yaş həddində olan vətəndaşlar Sovetlər Birliyinin ideologiyası ilə “zəhərlənməyib” və gənc yaşlarında müstəqillik mücadiləsinin canlı şahidi olublar. Bu baxımdan onlarda vətənpərvərlik ruhu, vətənə sevgi, məhəbbət əvvəlki yaşlara nisbətən daha yüksəkdir. Əlbəttə, müstəqilliyimizin sonrakı illərində və elə indinin özündə də kifayət qədər vətənpərvər gənclərimiz yetişməkdədir. Amma bu gənclərin birbaşa yüksək vəzifələrə təyin olunması da düzgün addım olmaz, dövlətin idarə edilməsində onların potensialından mərhələli şəkildə istifadə etmək daha doğru olar.
Beləliklə, görünən odur ki, Azərbaycanda yaşlı nəslin öz yerlərini daha çevik və gənc kadrlara təhvil verməsinin zamanıdır. Ən azı dövlətimizin gələcəyi naminə bu islahatlar zəruridir.
Əlbəttə, dövlət idarəçilyində gəncləşdirmə siyasətinin aparılması qısa müddətdə öz təsirini göstərməyə də bilər. Amma əminliklə deyə bilərik ki, bu islahatlar yaxın 10-15 ildə Azərbaycanın ciddi iqtisadi və siyasi inkişafına gətirib çıxara bilər.
 
Muxalifet.az