Azərbaycanda yeni baş nazir kim olacaq? – POLİTOLOQDAN AÇIQLAMA

Baxış sayı:
4975

Natiq Miri: “Baş nazirin Rusiyayönümlü olması arzuolunan deyil”
 
83 yaşlı baş nazir Artur Rasizadənin seçkidən sonar postundan gedəcəyi ilə bağlı yazılar gündəmdədir. Nəzərə alsaq ki, baş naziri yaşı da öz vəzifəsini daha yaxşı icra etməyə imkan vermir, demək, deyilənlərin həqiqət olduğu ehtimalı yüksəkdir. Bu halda isə, düşünmək olar ki, Azərbaycanda yeni baş nazirin təyinatı heç də uzaqda deyil…
Ancaq məsələnin diqqət çəkən tərəfi odur ki, iqtidar daxilində baş nazir iddiasında olan şəxslərin sayı heç də bir, iki nəfərlə yekunlaşmır. Hətta baş nazir postu urğunda illərdir gizli savaş getdiyi də mətbuatdan bəllidir.

“Seçki öncəsi verilən vədlərin əksəriyyəti hakimiyyətlər tərəfindən yerinə yetirilmir” 

Azərbaycanda yeni baş nazirin kim olacağı və bu post uğrunda gedən gizli savaşla bağlı fikirlərini açıqlayan politoloq Natiq Miri “Hürriyyət”ə dedi ki, hər şey niyyətlərə bağlıdır:“Bütün nazirlərin, eyni zamanda icra başçılarını dəyişməsi ilə bağlı da gündəmdə bəzi informasiyalar var, ancaq bunun seçki öncəsi təbliğat xarakterli olub-olmadığını demək çox çətindir. Çünki hakimiyyət dəfələrlə bu yöndə içtimai fikir yaradaraq ölkədə heç bir islahat aparılmadığı bəllidir. Seçkidən sonra da status-kvonun qorunacağı və hər şeyin olduğu kimi qalmayacağını bəri başdan demək çox çətindir. Çünki seçki öncəsi verilən vədlərin böyük əksəriyyəti adətən hakimiyyətlər tərəfindən yerinə yetirilmir. O baxımdan, bu yöndə konkret proqnoz vermək həm doğru deyil, həm də çox çətindir”.
 
“Köhnə qafalı insanların Azərbaycanı irəliyə daşıya bilməsi ehtimalı sıfra bərabərdir”
 
“O ki qaldı nazirlərin dəyişməsi və baş nazirin kimin olması məsələsinə, bu məsələnin özü də hakimiyyətin bundan sonra yürüdəcəyi siyasətlə bağlı olacaq. Hakimiyyət sözün əsl mənasında yeni idarəetmə sistemini bərqərar etmək istəyirsə, təbii ki, həm siyasi, həm də iqtisadi yöndə ciddi islahatlara getməlidir. İslahatlar dedikdə, ilk növbədə kadrların dəyişdirilməsi yada düşür. Hakimiyyət həqiqətən də bu cür dəyişikliklərə ciddi mənada niyyətlidirsə, onda təbii ki, əksər nazirlərin, eyni zamanda baş nazir başda olmaqla, Nazirlər Kabinetinin də dəyişdirilməsinə ehtiyac var. Çünki köhnə qafalı insanların köhnə idarəetmə sistemi ilə bundan sonra Azərbaycanı irəliyə daşıya bilməsi ehtimalı sıfra bərabərdir. Bu cür insanlar yeniliklərə açıq deyil. Bunun üçün mütləq yeni kadrlar, yeni idarəetmə sisteminə bağlı olan insanlar, təşəbbüskar, enerjili, dinamik, kənc kadrlar təyinatlar almalıdır. Yalnız bundan sonra Azərbaycanda hansısa ciddi müsbət dəyişikliklərdən danışmaq mümkündür.
O ki qaldı baş nazirin kim olub-olmamasına, mənə elə gəlir ki, burada şəxsiyyət məsələsi o qədər də önəmli deyil. Çünki Azərbaycanda idarəetmə sistemində, Konstitusiyada nəzərdə tutulan baş nazir statusu artıq o qədər önəmli səlahiyyətə malik bir status deyil. Ona görə də kimin baş nazir olub-olmamasından asılı olmayaraq, baş nazirin Azərbaycanda o qədər də böyük önəmi yoxdur. Çünki ali icra hakimiyyətinin başında baş nazir deyil, məhz prezident durur. Bu baxımdan, düşünürəm ki, bu idarəetmə sistemində baş nazirin kimin olması çox az əhəmiyyət daşıyır. Ancaq hər bir halda, həmin şəxsin gənc, dinamik, yuxarıdan sifarişlər gözləmədən, təşəbbüskar və islahatçı bir şəxs olması Azərbaycan cəmiyyəti üçün xeyirli olardı”, - deyə politoloq vurğuladı.
 
“Düşünmürəm ki, baş nazir postu ilə bağlı hakimiyyət daxilində ciddi qarşıdurmalar yaransın”
 
N.Miri düşünmür ki, baş nazir postu Azərbaycan hakimiyyəti içərisində hansısa qarşıdurmaya gətirib çıxarda bilsin: “Çünki seçkilərin fövqalədə olaraq irəliyə çəkilməsi, ayrıca vahid namizəd olaraq prezident İlham Əliyevin üzərində dayanılması göstərir ki, hakimiyyət daxilindəki mövcud olan ziddiyyətlər qısa müddətli olsa da, ən azından kənara qoyulub və bütün siyasi komanda məhz bir namizədin üzərinə köklənib. Bu da hakimiyyətin qorunub saxlanmasına və bundan sonrakı illərə daşınmasına xidmət edir. Belə olduğu təqdirdə düşünmürəm ki, baş nazir postu ilə bağlı hakimiyyət daxilində ciddi qarşıdurmalar və parçalanmalar yaransın. Ona görə bu yöndə narahat olmağa dəyməz. Ola bilsin ki, baş nazir kim olacaqsa, artıq adlar da var. Düşünürəm ki, bu məsələ prezident İlham Əliyevin siyasi iradəsi ilə çox asanlıqla mümkün olacaq. Çünki artıq Azərbaycanda Konstitusion dəyişikliklər bu seçkilərdən sonra bərqərar olmağa başlayacaq. Yeni vitse-prezident təyinatlarından sonra da Azərbaycan idarəetməsində müəyyən dəyişikliklər baş verəcək ki, bu kontekstdə baş nazirin kimin olub-olmaması o qədər də əhəmiyyət daşımayacaq. Çünki Birinci vitse-prezident və vitse-prezidentlərin səlahiyyət çərçivəsi məlum olandan sonra Nazirlər Kabineti əhəmiyyətli bir qurum olmayacaq və belə bir əhəmiyyətsiz qurumun da siyasi komandada böyük bir qarşıdurmaya gətirib çıxarmasını düşünmək yersiz olar”.
 
““5-ci kolon” üzvünün baş nazir olma ehtimalı çox azdır”
 
“Son vaxtlar hakimiyyət daxilində Rusiyapərəst və Qərbpərəst qüvvələr arasında mübarizə getdiyi iddia olunur. Sizcə, yeni baş nazir hansı qütbdən olacaq” sualına N. Miri belə cavab verdi: “Rusiyayönlü hansısa bir şəxsin baş nazir olma ehtimalı çox aşağıdır. Yenə deyirəm, baş nazir dinamik, təşəbbüskar, demokratik və bütün fikirlərə açıq olan bir şəxs olması lazımdır. Düşünürəm ki, Prezident də bu yöndə qərar qəbul edəcək. Azərbaycanın bundan sonra 7 il müddətinə prespektiv inkişafını düşünürlərsə, təbii ki, belə bir şəxsin Rusiyayönümlü olması qətiyyən arzuolunan deyil. Ayrıca getdikcə Rusiyayönlü şəxslərin Azərbaycan hakimiyyətində həm iqtisadi, həm də siyasi yöndə sıxışdırılma prosesini izləyəcəyik. Belə olduğu təqdirdə strateji planda Rusiyayönlü “5-ci kolon” üzvünün baş nazir olma ehtimalı çox azdır”.