Azərbaycanda "xüsusi rütbəlilərin" CİNAYƏTLƏRİ - Onlar azalmaqdansa çoxalır

Baxış sayı:
358

Bir müddət öncə polis saxta “general” formasından istifadə edərək, dələduzluq edən şəxsi saxlayıb. Saxta “general” Firdovsi Ələkbərova Cinayət Məcəlləsinin hansı maddəsi ilə hökm oxuna bilər?

“Milli Hüquq Evi”nin rəhbəri Nicat Gözəlov bildirib ki, Firdovsi Ələkbərov Azərbaycana aid xüsusi geyim formasından istifadə etmədiyi üçün ona yalnız sübuta yetirildiyi təqdirdə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə hökm oxuna bilər. Hüquqşünas Azərbaycana məxsus xüsusi geyim formasını geyərək heç bir cinayət törətməyən şəxslərin məsuliyyətə cəlb olunmadığını deyib:

“Hər hansı şəxsin Azərbaycan hakimiyyət orqanlarının nümayəndəsinin xüsusi geyim formasından istifadə etməsi cinayət məsuliyyətinə səbəb ola bilməz. Çünki bu əmələ görə Cinayət Məcəlləsinin xüsusi hissəsində cinayət məsuliyyəti nəzərdə tutulmur. Ancaq Azərbaycan hakimiyyət nümayəndəsinin xüsusi geyim formasından istifadə etməklə hər hansı cinayət əməlini törətməsi cəza təyin edilərkən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulur.

Göründüyü kimi, çoxlarının "xüsusi geyim formasında generallar dələduzluq ediblər" ifadəsinin hüquqla və qanunlarımızla heç bir əlaqəsi yoxdur. İnzibati Xətalar Məcəlləsində Azərbaycanın hakimiyyət nümayəndəsinin xüsusi geyimlərindən istifadə edilməsi inzibati məsuliyyətə səbəb olur.

Firdovsi Ələkbərovun istifadə etdiyi geyimlər beynəlxalq humanitar qurumun -İnsan hüquqları Komitəsinin simvolik geyim formasıdır. Həmin forma Azərbaycanda hakimiyyət nümayəndələrinin xüsusi geyimlərinə də oxşamır. Hər bir halda, həmin şəxslər özlərini Azərbaycan hakimiyyəti orqanlarının əməkdaşları kimi təqdim edib özgə əmlakını ələ keçirsəydilər, bu, onların Azərbaycan Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələrinə əsas ola bilərdi. Bu hallar istintaq orqanı tərəfindən aydınlaşdırılacaq və hüquqi nəticə veriləcək”.

Nicat Gözəlov xüsusi geyim formasından istifadə edərək hər hansı bir cinayət törədən şəxslərə Cinayət Məcəlləsinin 61-ci maddəsinin tətbiq edilməsindən də danışıb:

“Azərbaycanın hakimiyyət nümayəndəsinin xüsusi geyimi və sənədindən istifadə etməklə hərbi qulluqçular, prokurorluq orqanlarının, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyimlərini qanunsuz olaraq daşıma inzibati xətadır.

Ancaq onlardan istifadə etməklə dələduzluq və ya hansısa digər cinayət əməllərini törətmək cəzanı ağırlaşdıran haldır. Bu barədə Cinayət Məcəlləsinin 61-ci maddəsində də qeyd olunub. Həmin maddə dövlət geyimlərindən sənədsiz istifadə etməklə cinayət törədən şəxslərə şamil olunur. CM-nin 61-ci maddəsi yalnız cəzanın ağırlaşdırılmasını nəzərdə tutan halları müəyyən edir.

Sanksiyada göstərilən maksimum həddə cəza təyin edilə bilər. Ancaq cəzanı yüngülləşdirən hal olsa, ağırlaşdıran hal olmasa, xüsusi hissədəki maddənin sanksiyanın 3/4-dən artıq təyin edilə bilməz. Hansı cinayət əməlinin törədilməsindən asılı olmayaraq, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cəza təyin edilməsi zamanı nəzərə alınır. Sanksiyada ömürlük azadlıqdan məhrumetmə olsa, tam həcmdə cəza təyin edilir, 3/4 nəzərə alınmır. Yəni, adıçəkilən dövlət nümayəndələrinin formalarını geyib heç bir cinayət əməli törədilməsə, şəxsə cinayət məsuliyyəti nəzərdə tutulmur. Hazırda daha çox ictimai rəyi formalaşdırmaq üçün səslənən hüquqdan uzaq fikirlərə yol vermək olmaz. Təqsirsizlik prezumpsiyası da gözlənilməlidir”.

İndiyə qədər xüsusi geyimdən və vəzifədən istifadə etməklə çox sayda dələduzluq halları qeydə alınıb. Lent.az onlardan bir neçəsini təqdim edir.

1. Ötən ay Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən 58 yaşlı Əliyev Rövşən Soltan oğlu, 51 yaşlı Çobanov Hətəmxan Bədirxan oğlu və 41 yaşlı Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Adıçəkilənlər özlərini DTX polkovniki, generalı kimi təqdim edərək Quba Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalovdan 110 min manatdan artıq pul alıblar. Dələduzlar baş həkimin nəzarətdə olduğunu, ondan yuxarılara şikayət edildiyini deyərək qorxudub və gələcəyinin təhlükədən qurtulması üçün istədikləri qədər pul alıblar. Dələduz dəstənin əsas aparıcısı Elxan Hümbətov Mübariz Zeynalovdan külli miqdarda pul almaqla yanaşı, onu ad günü olacaq oğlu üçün son model “İphone” da almağa məcbur edib.

Baş həkim Mübariz Zeynalov

2. Avqust ayında Bakı Ağır Cinayətlər Məhkəməsi ər-arvad Balağa Əlbəşirov və Heyran Əlbəşirovanın məhkəmə iclası başlayıb. Heyran Əlbəşirova özünü FHN-in məsul işçisi Milana Xoçperova kimi təqdim edərək Balakən və Zaqatalada zəlzələ nəticəsində evinə ziyan dəyən sakinlərindən etibarından sui-istifadə edərək ümumilikdə 21 nəfərdən 24 min manat mənimsəyib. Balağa Əlbəşirov da həyat yoldaşına nazirliyin saxta xidməti vəsiqəsini hazırlamaqda və dələduzluq cinayətinə kömək etdiyinə görə təqsirli bilinib. Hər iki şəxs Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

3. Bu ilin may ayında özünü Dövlət Yol Polisinin əməkdaşı kimi təqdim edərək obyekt sahiblərindən pul yığan Tural Rəhimli saxlanılıb. Araşdırmalara əsasən, Tural Rəhimli Xətai rayonu ərazisində bir neçə ictimai iaşə obyektlərinə zəng vuraraq özünü yol patrul xidmətinin tağım komandiri Nihat və ya Vüqar kimi təqdim edib. Bu zaman təcili pul lazım olduğunu bildirib və pulu götürmək üçün sürücüsünü obyektə göndərəcəyini deyib. Qeyd olunur ki, Tural Rəhimli Xətai rayonunda iki obyekt sahibindən 550 və 200 manat pul alıb. O, ifadəsində digər rayonlarda eyni əməli törətdiyini etiraf edib.

4. 2018-ci ilin oktyabr ayında özünü polis əməkdaşı kimi təqdim edərək sevgililərdən soyğunçuluq edən şəxs saxlanılıb. Bununla bağlı paytaxt sakini Ülvi Abdullazadə Xətai rayon Polis İdarəsinə müraciət edərək “Ukrayna” dairəsi yaxınlığındakı parkda özünü polis əməkdaşı kimi təqdim edən şəxsin ondan 100 manat pul aldığını bildirib. Araşdırma zamanı şübhəli bilinən paytaxt sakini Şaban Məmmədov saxlanılıb. Məlum olub ki, o, daxili işlər orqanlarının əməkdaşı olmadığı halda özünü polis əməkdaşı kimi təqdim edərək başqa 4 nəfərə qarşı da eyni cinayət əməlini törədib.

5. Yenə də 2018-ci ilin oktyabr ayında özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək əlaqəsində olan şəxslərlə birgə vətəndaşların pulunu mənimsəyən şəxs tutulub. DTX-ə edilən bir neçə şikayətdən sonra əməliyyatla Rzamin Həşimov saxlanılıb. Rzamin Həşimov saxlanılarkən üzərindən əl qandalı götürülüb. Onun əvvəllər də özünü vəzifəli şəxs kimi təqdim edərək cinayət əməlləri törətməsi məlum olub.

6. Bu ilin fevral ayında Kənan Əhmədovun özünü polis kapitanı kimi təqdim edərək insanlardan işə düzəltmək adı ilə külli miqdarda pul alması müəyyən olunub. İddiaya görə, zərərçəkənlər arasında xalq artisti Alim Qasımovun kürəkəni də var. Kənan Əhmədov Alim Qasımovun kürəkənindən də işə düzəltmək adı ilə 30 min manat alıb.

7. 2017-ci ilin avqust ayında özünü polis kimi təqdim edən mütəşəkkil dəstənin üzvləri saxlanılıb. Bakı şəhər sakini Fazil Qasımov Sabunçu rayon Polis İdarəsinə müraciət edərək özünü polis kimi təqdim edən şəxslərin ona hədə-qorxu gələrək 300 manatını aldıqlarını deyib. Əməliyyat tədbirləri nəticəsində paytaxt sakinləri Elvin Xudazarov, Hikmət Ağayev, Fazil Əliyev və Vahid Əliyev şübhəli şəxs qismində saxlanılıblar. H. Ağayevə məxsus “BMW” markalı maşına baxış keçirilərkən 1 ədəd bıçaq, kustar üsullar hazırlanan dövlət qeydiyyat nişanları, polis formaları və cinayəti törətməkdə lazım olan digər vasitələr aşkar edilərək götürülüb. Saxlanılan şəxslərin bu ilin iyul-avqust aylarında daha 4 nəfərə qarşı da eyni əməl etdiyi və ümumən 3540 manat almaları da məlum edilib./lent.az/