​Azərbaycanda xatirə günü faciə ilə bitdi: 8 ölü, 23 yaralı

Dünən Ümumdünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə günü idi. Həmin gün yol-nəqliyyat hadisələrində 8 nəfər ölüb, 23 nəfər yaralanıb.
Bu sözləri yol-hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. O bildirib ki, belə gündə bu qədər olayın olması qorxulu statistikadır:
“Təəssüf ki, bu xatirə gününü bizim yol-hərəkəti iştirakçıları qanla “qeyd etdilər”. Rəsmi məlumata əsasən, bir gündə yol-nəqliyyat hadisələrində 8 ölən, 23 yaralanan var. Qorxulu statistikadır. Nə qədər ki, bu problemləri yaradan düşüncələri dəyişmirik, yaxşı xəbərlər də eşitməyəcəyik.
Ümumdünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə gününün keçirilməsində əsas məqsəd, heç olmasa, bir gün ictimaiyyətin diqqətini bu ümumbəşəri bəlaya yönəltmək, yollarda intizamsızlığın nələrə gətirib çıxara biləcəyini hər kəsə anlatmaq, mövcud problemləri qabartmaq, onların həlli yollarını bir daha axtarmaqdır. Bizdə isə bu xatirə gününü yada salan olmadı. Çünki başımız nömrədəki defislərə, yan şüşələrdəki jalüzlərə qarışıb”.
Qeyd edək ki, Ümumdünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə günü 19 noyabr 2005-ci ildən BMT-nin Qətnaməsinə əsasən keçirilir.