AZƏRBAYCANDA XAOSA SÜRÜKLƏNƏN SOSİAL-İQTİSADİ DURUM – Təhlil

Baxış sayı:
3706

Ölkədə minimum güzəran həddi 650 manat olduğu halda, hökumət 130 manat elan edib

Azərbaycanda hakimiyyət faktiki olaraq, sosial-iqtisadi, siyasi və digər sahələrdə hər dəfə hansısa addımı atanda onu “səssizcə” və sinsimiş formada gündənə gətirir. Tarif Şurasının srağagün axşamkı qərarı da bunun bariz nümunəsidir. Hökumət elə bil əhalinin sosial partlayışla sonuclanacaq addımlar atacağından qorxur. Lakin təəssüf ki, hər dəfə bu artımlar rejimin mühafizləri üçün nəzərdə tutulmuş proseslərlə inkişaf etdirilir. Məhkəmə-hüquq sistemi, dövlət qulluqçuları, deputatlar, həbsxana işçiləri və digər sahələrin maaşları qat-qat artırılır. Kasıblar üçün “on faizlik” artım adı ilə onlara minnət qoyulması da unudulmur.
 
Bir nəfərin acından ölməməsi üçün ayada nə qədər pul lazımdır?
 
Sosial araşırmalar zamanı bəlli oldu ki, Azərbaycanda bu gün ehtiyac zənbilinin dəyəri, yəni bir ayda bir nəfərin acından ölməməsi üçün 650 manat pul tələb olunur. Nazirlər Kabineti və eləcə də yandaş Milli Məclis bu rəqəmi 130 manat elan edib. Beləliklə də bəlli olur ki, həmin 130 manat sadəcə gündə bir ədəd çörək almaq üçün yetərlidir. Digər araşdırmalar zamanı o da bəlli olur ki, hər bir nəfər işləyən vətəndaş üçün ayda orta hesabla 1000 manat vəsait tələb olunur. Hökumət isə bu rəzaləti heç nə olmamış kimi ört-basdır siyasətini yürütməklə məşğuldur.
Bu gün neft gəlirləri sayəsində ölkənin büdcəsinə hər barel neftə görə 72 dollar vəsait daxil olur. Milyardlarla dollar gəlirin haraya və nəyə xərclənməsi barəsində hökumət bircə dəfə olsun açıq şəkildə hesabat verməyib. Dövlət büdcəsini milyardlarla dollar həcmində çapıb talayanlardan oğurladıqları vəsaitin geri alınmasında cəmiyyəti bilgiləndirməyib. Çünki, ölkə “hərbi-polis” rejimi qayda-qanunları idara olunur.
25 ildir hökumət özünə sərf edən bahalaşma siyasətini xarici ölkələrdəki qiymət tarifləri ilə uzlaşdırmağa cəhd edir. Misal üçün, “Almaniyada avtobuslarda gediş haqqı 3.20 avrodur” deməklə yaxasını kənara çəkməyə çalışır. Yəni Azərbaycanda 20 qəpik, Almaniyada bizim pulla 6 manat 40 qəpik. Halbuki adi alman fəhləsinin aylıq maaşı 2500 avrodan yuxarıdır. Alman fəhləsi az maaş aldığına görə dövlət tərəfindən həm də sığortalanıb. Alman fəhləsi gündə 8 saat işləməklə bu qədər maaşı alır. Əgər ona bu vəsait ehtiyaclarına görə yetmirsə, heç bir çətinlik çəkmədən əlavə iş yeri taparaq daha artığını əldə edə bilir. Gözəlim “AzTv” və yandaşlarının dediyi kimi “Almaniya dağılır” tipli təbliğatların da heç bir mənası yoxdur. Azərbaycanda dövlətin nəzarətində olan “Tarif Şurası” adlı əjdaha mövcuddur. Ölkədə diktatura rejimlərində olduğu qiymət tariflərini də onlar müəyyənləşdirirlər. Bu qurumun varlığı isbat edir ki, Azərbaycan sərt diktatura qaydaları ilə idarə olunan bir ölkədir. Xaricdə avtosalonların birində ən ucuz qiymətə özünə maşın almış vətəndaş onu ölkəyə gətirdiyində real qiymətindən qat–qat çox rüsum ödəməyə məcbur edilir. Rejimə məxsus dükanlarda xaricdən gətirilmiş məhsullar olduğundan 10 dəfə artıq qiymətə satılanda “bizdə sərbəst bazar”dır və kim necə istəyir, eləcə də sata bilər” dilemması mövcuddur. Qiymət artımları baş verəndə isə, millətə özlərindən yepyekə minnət qoymağı da unutmurlar. Milləti əlil-zəlil günə qoymaq, Afrika ölkələrindəki kimi aclıq-səfalət həddinə çatdırmaq sanki bu rejimin strateji hədəflərindən biridir. Ona görə də istədiyi kimi sosial-iqtisadi siyasət yürüdür.
 
Nəqliyyat vasitələrinin inkişafı röyası bir bəhanədir
 
Aliminə 200, adi polis çavuşuna 600-800, cangüdənə 3000 min manat maaş verilən ölkədə inkişaf ola bilməz. Heç bir iş görməyən, sadəcə vətəndaşlardan rüşvət toplamaq tipli siyasət yürüdən məmləkətdə haqq-ədalətin isə üzünə tüpürməkdən savayı hansısa inkişafdan danışmaq da artıqdır. Rayonlarda, hətta ən ucqar kəndlərdə belə, insanlar adi dolanışıq güzəranını əldə etməkdən məhrumdurlar. Sosial haqsızlığa görə səsini çıxaran istənilən vətəndaşın cibindən çox asanlıqla “narkotik maddə” tapmaqla hamını susdurmaq siyasəti adi hal alıb.
Azərbaycanın bu günkü acı mənzərəsində yer alanları bir daha xatırlatmağı borc bilirik. Ötən 15 ildə bütün siyasi partiyalar susdurulmuş və qərargahları əllərindən alınmış, vətəndaş cəmiyyətləri qapadılmış, insan haqları təşkilatları bataqlığa sürükləndirilmiş, mətbuat diz üstə çökdürülmüşdür. Beləliklə də ölkədə idarəolunan xaoslar yaranıbdır. Keçmiş MTN naziri Eldar Mahmudovun, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun, keçmiş əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun, keçmiş vergilər naziri Fazil Məmmədovun və digər iri çəkili məmurların dövlətə vurduqları milyardlarla dollarlıq zərərin qarşılığında heç nə olmamış kimi Tarif Şurası süni şəkildə qiymətləri artırmaq yolu ilə kompensasiya siyasətini yürütməklə məşğul olub. Hər dəfə də bu siyasəti nəqliyyatda tariflərin artırılması siyasəti ilə gündəmə gətirir. Çünki, əhalinin azından iş dalınca getməsi üçün məcburi nəqliyyat vasitələri hər kəsin istifadə etdiyi yeganə mənbədir.
 
Metro və avtobuslarda gediş haqqı nədən artırıldı?
 
Tarif Şurası heç nədən utanmadan hakimiyyətin yarıtmaz siyasətinə süni şəkildə hüquqi don geyindirmək üçün belə bir açıqlama verib: "Avtobus marşrutları sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib. Ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciətlər olunub. Qaldırılan məsələlər Tarif (qiymət) Şurasının Katibliyində kompleks şəkildə araşdırılaraq Şuranın iclasının gündəliyinə daxil edilib.
 
Tarif Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir”.
Bəh... bəh... bəh... Əcəb bəhanə tapıblar. Bəs sosial ədalət harada qaldı? Dövlətin milyardlarla gəliri haralara xərclənir? Bəs özünüz deyirdiniz ki, bizim yolumuz sosial siyasət üzərində qurulub. Budurmu sosial güvənlik adına siyasətiniz?
 
Xarici faktorlar bəhanə ola bilməz
 
Tarif Şurası heç nədən utanmadan xarici ölkələrdəki qiymət tariflərini açıqlamaqla yepyeni yalanlar uydurmaqla məşğuldur. Heç nədən utanmadan bildirilir ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.
Eeee... Bunun bizə nə aidiyyatı var? “Analoqu olmayan sürətlə iqtisadi və sosial inkişaf” doktrinası budurmu? Türkiyə Cümhuriyyətinin qurucusu dahi Mustafa Kamal Atatürk Millət Məclisində deyirdi ki, elə edin ki, millət vəkillərinin aylıq maaşları dağ kəndlərində çalışan müəllimlərin maaşından artıq olmasın. Azərbaycanda deputatın maaşı kənddə yaşayan müəllimin maaşından 37 dəfə çoxdur. Rusiyada orta aylıq əmək haqqı 540, Gürcüstanda 426, Qazaxstanda 500, Belorusda 500, Türkiyədə isə 1000 dollardır. Azərbaycanda isə şişirdilmiş rəqəmlə aylıq orta gəlir 252 dollar təşkil edir. Tarif Şurasının bunlardan xəbəri varmı? Varsa o zaman süni artım siyasətini nədən və nə üçün yaradır?
Biz öncələr də qeyd etmişdik ki, ölkədə sosial-ictimai həyat tərzinin formalaşması üçün normal qaydalar olmalıdır. Bunun tək çözüm yolu isə, ya keçmiş Sovetlər Birliyinin irəli sürdüyü və bütün diktator rejimlərində qəbul edilən “DÖVLƏT XALQI YAŞATMALIDIR” konsepsiyası, ya da demokratik dünya düzəninin standartları çərçivəsində yer alan “XALQ DÖVLƏTİ YAŞATMALIDIR” doktrinası irəli sürülməlidir.
Min dəfələrlə təəssüflər olsun ki, Azərbaycanda ötən 25 illik idarəetmə sistemində bu anlamın ikisi də yox kimidir. Beləliklə də ölkə “VAKKUM SİYASƏTİ”nin qurbangahını xatırladır. Bu durum hakimiyyətdəkilərin ömrünün uzanmasına hesablanmış bayağı bir siyasi qavrayışdır. Ona görə də hakimiyyətdə kim olursa, olsun mümkün qədər çapıb talamaq siyasətini yürüdür. Xalq isə nə qədər susqun, əlil-zəlil, məhrumiyyətlər içində çabalasa da, heç zaman bu iqtidara inanmayıb və inanmayacaq da.
 
Sosial güvənliyi olmayan ölkənin aqibəti necə olacaq?
 
Son illərdə Misir, Tunis, Əlcəzair, İraq, Suriya və digər ölkələrdə baş verən vətəndaş savaşları sadəcə “dünyanın yenidən bölüşdürülməsi”, “dini zəmində radikal qrupların hakimiyyətə gəlişi” və digər amillərlə Azərbaycanda “pərdələmə”yə çalışdılar. Əslində bu ölkələrdə uzun illərdir davam edən diktator rejimlərinə qarşı xalqların üsyan hərəkatı mövcud idi. Ötən həftə İraqın başkəndi Bağdadda başlanılan “biz nə sünnü, nə də şiə təriqətləri adına deyil, demokratiya uğrunda yaşam tərzinin yanındayıq” şüarları ilə yeni hərəkat gündəmə gəldi. Çünki, insanlar çox yaxşı dərk edirlər ki, dini-ideoloji, diktator və digər rejimlər sadəcə hakim zümrənin mənfəətləri üçündür. Sosial ədalətə ancaq demokratik rejimlərin sayəsində nail olmaq mümkündür. Azərbaycanın Tarif Şurasında isə bunca savad və biliyə malik olan bir nəfər də olsun yoxdur. Bu gün Güney Amerika xalqlarının sosial-ictimai həyatında böyük bir yenilik mövcuddur. Artıq narkobaronların, diktatorların, silahlı partizan döyüşlərinin sonu çatıbdır. Çünki, sosial ədalətə söykəmli iqtidarlar hakimiyyətə gəlirlər. Azərbaycan bir dövlət olaraq, bütün bunları görməzlikdən gələcəksə, o zaman sosial partlayışların yolunun açıq olduğunu da unutmaq olmaz.
 
Ənvər BÖRÜSOY