AZƏRBAYCANDA VƏTƏNDAŞ QARŞIDURMASI YARATMAQ CƏHDLƏRİ – Bəzi məmurlar öz çirkin niyyətlərini həyata keçirmək üçün ölkəni xaosa sürükləyirlər…

Baxış sayı:
1119

Azərbaycanda pandemiyadan da təhlükəli “ siyasi virus”

Azərbaycan olduqca gərgin bir dönəm yaşayır. Bunun gözlə görünən tərəfi bütün dünyanı iflic edən koronavirus pandemisyasının bizim ölkəyə də təsirsiz ötüşməməsidir. Amma cəmiyyətimiz daha təhlükəli bir “siyasi virus”la da üz-üzədir ki, bunun fəsadları daha böyük ola bilər…

2019-cu ilin sonlarında Azərbaycanda həyata keçirilən “gəncləşdirmə siyasəti” çərçivəsində yaşlı kadrların vəzifələrindən azad olunması böyük maraqla qarşılandı. Belə ki, prezident İlham Əliyevin bu sahədə imzaladığı hər bir sərəncam istər mətbuatda, istər də sosial şəbəkələrdə müzakirələrə səbəb olmaqla yanaşı, həm də geniş ictimai dəstək qazandı. Şübhəsiz, bu qərardan narahat olanlar da yox deyildi. Bunlar “vurulan” məmurların qohum-əqrbası və illərlə onların hesabına böyük sərvət əldə etmiş insanlar idi. Lakin istər vəzifədən azad olunan məmurlar, istər də onların çevrəsindəki şəxslər, təbii olaraq, öz narazılıqlarını üzə vurmaqdan ehtiyat edirdilər. Çünki bu halda onlardan da hər an əldə etdikləri milyonların hesabı sorula bilərdi. Buna rəğmən, müəyyən qapalı toplantılarda həmin məmurların və onlara yaxın insanların prezidentin qərarına aşkar etirazlarının sədası da gəlirdi. Hətta zaman-zaman bu haqda informasiyalar mətbuata da çıxarılmışdı.

Sözsüz ki, bu etirazların bir gün üzə vuracağı istisna deyildi və biz son dönəmlər artıq bunun işartılarını görməkdəyik. Ən dəhşətlisi isə odur ki, əllərində böyük pul kütləsi saxlayan bu məmurlar nəinki vəzifədən azad olunmalarına açıq şəkildə etiraz etməyə başlayıb, hətta onların daha radikal qərarlar qəbul etdiyi, öz çirkin niyyətlərini həyata keçirmək üçün ölkəni xaosa sürükləməyə hazır olduqları barədə mesajlar da verilir. Biz bütün bunlar haqda az sonra məlumat verəcəyik. Hələlik isə, uzun illər vəzifədə olmalarına rəğmən, öz postlarını itirmələri ilə barışa bilməyən məmurların kimliyinə aydınlıq gətirək.

“Ölməz Kaşşey”in hədəfləri

Öncə ondan başlayaq ki, ölkədə həyata keçirilən “gəncləşdirmə siyasəti” çərçivəsində vəzifəsindən azad olunan kadrların başında daha çox üç isim gəlir. Bunlar Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyev, keçmiş daxili işlər naziri Ramil Usubov və Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş rəhbəri, dövlət başçısının sabiq köməkçisi Əli Həsənovdur. Xatırladaq ki, Ə.Həsənov siyasi idarəçilikdən tamamilə kənarlaşdırılsa da, hazırda R.Mehdiyev Elmlər Akademiyasının prezidenti, R.Usubov isə Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışır. Hansı ki, bu məmurların hər biri ilə bağlı prezidentin imzaladığı sərəncam cəmiyyətdə həftələr və aylarla müzakirə olundu. Hətta indinin özündə də hər üç isim, xüsusən də Ramiz Mehdiyev və Əli Həsənovun adı mətbuatın səhifəsindən bir gün belə, düşmür. Burada həmin şəxslərlə bağlı tənqidi yazılar qələmə alan media ilə yanaşı, onları “Ölməz Kaşşey” rolunda təqdim edib, cəmiyyətdə çaşqınlıq yaratmağa çalışan KİV-lərin rolu da aydın sezilməkdədir.

Məsələn, guya, “Ramiz Mehdiyev Elmlər Akademiyasında oturub, hələ də hakimiyyəti idarə edir” tipli informasiyaların zaman-zaman fərqli başlıqlar altında və fərqli müstəvidən mətbuata ötürülməsi heç də təsadüf deyil. Doğrudur, bəzi keçmiş məmurların iştirakı ilə Elmlər Akademiyasında qapalı toplantıların baş tutduğu haqda təsdiqlənmiş informasiyalar var. Amma bu, heç də o demək deyil ki, Ramiz Mehdiyev Prezident Administrasiyasına rəhbərlik etdiyi dönəmdəki “qüdrətini” hələ də saxlayır. Çoxlarına bəllidir ki, onu qüdrətli göstərən illərdir daşıdığı vəzifə, əlində olan böyük səlahiyyətlər idi. Bu baxımdan, əmin ola bilərik ki, onun hökmü və qüdrəti prezident İlham Əliyevin məlum sərəncamı ilə eyni vaxtda yoxa çıxdı. Bu gün o, yalnız Elmlrə Akademiyasında tabeçiliyində çalışan müəyyən işçilər üçün hökmlü görünə bilər.

Bu fikri digər məmurlara – sabiq daxili işlər naziri Ramil Usubova və prezidentin keçmiş köməkçisi Əli Həsənova da şamil etmək olar. Çünki onlar da vəzifələri ilə yanaşı, öz təsir imkanlarını itirmiş oldular. Təbii, hər bir insanı onun xarakteri, şəxsiyyəti deyil, vəzifəsi “yüksəltdikdə”, bu, həmişə belə olur. Amma elə insanlar da var ki, onlar öz şəxsiyyətləri ilə sahib olduqları kiçicik vəzifəyə belə, nüfuz, hörmət qazandırırlar. Bu insanlar vəzifələrindən azad olunduqda, onların nüfuzları zərrə qədər də itkiyə məruz qalmır.

“Hələ son deyil!”

Bəs, bu gün Ramiz Mehdiyevin “hökmlü” görünməsi və yaxud bu cür təqdim olunması kimə lazımdır? Şübhəsiz, bu, ilk növbədə illərdir ona biət edən məmurları ətrafında saxlamağa hesablanıb. Doğrudur, həmin məmurların bir çox artıq vəzifələrini itirib, bəziləri həbsə atılıb, amma bu kimi informasiyaların gündəmə ötürülməsi onlara “hələ son deyil” mesajının çatdırılmasıdır. Digər tərəfdən, bu, həm də R.Mehdiyevi özlərinin ağsaqqalı kimi qəbul edən, onun “qanadı” altına sığınan və onun üçün sosial güc rolunu oynayan bəlli “klan”ı bir arada tutmaq istəyindən irəli gəlir.

Əlbəttə, bu kimi mesajlarla yanaşı, ortada “geriyədönüş” üçün konkret fəaliyyət də var. Üstəlik, bu fəaliyyətin “A”, “B”, “C” variantları da mövcuddur. Hansı ki, bu variantın hər üçü Azərbaycan cəmiyyətinin maraqları ilə tərs mütənasibdir. Söhbət ondan gedir ki, Ramiz Mehdiyev və onun qulluğunda dayanan bəzi sabiq və indiki məmurlar itirilmiş mövqelərini qaytarmaq üçün ciddi dirənişə hazırlaşırlar. Bəzi bilgilərə görə, burada güc yolu da istisna olunmur. Amma, zənn edirik ki, əgər iddialar doğrudursa, güc tətbiqi bu planın yalnız “C” variantı ola bilər. Mötəbər qaynaqlardan əldə etdiyimiz informasiyalara əsasən deyə bilərik ki, “geriyədönüş planı”nın “A” və “B” variantları mövcud hakim güclə uzlaşma əldə etməyə hesablanıb. Təbii ki, bunun mümkün olub-olmayacağı proseslərin gedişində özünü göstərəcək. Lakin, yuxarıda da qeyd etdiyimiz kimi, biz hər 3 variantın zərərli olduğunu düşünürük…

“Mehdiyev klanı” kimlərdən ibarətdir?

Yeri gəlmişkən, Mehdiyevin rəhbərlik etdiyi “klan”dan söhbət açarkən, çoxlarının düşündüyü kimi, biz heç də onun mənsub olduğu bölgənin insanlarını nəzərdə tutmuruq. Məlumat üçün bildirək ki, “klan” qohumluq və ya soy münasibətləri nəticəsində bir yerə toplaşan insanların cəmidir. Amma bizim yazımızda bu ifadə məcazi anlam daşıdığından, burada daha çox onun himayəsi altında çalışan və onu özlərinin lideri, ağsaqqalı kimi qəbul edən şəbəkədən söhbət gedir. Şübhə yoxdur ki, bu qruplaşmanın hər bir üzvü prezidentin R.Mehdiyevi vəzifədən azad etməsi ilə hələ də barışa bilmir, lazım gəlsə, öz rəhbrlərinin göstərişi ilə hər an ölkə başçısına qarşı çıxmağa hazırdırlar.

Onlardan fərqli olaraq bu gün prezident İlham Əliyevə sadiq olan çox sayda Naxçıvan əsilli məmurun olduğunu da qeyd etməliyik. İnanırıq ki, həmin məmurlar dövlətə sədaqətlə xidmət etməklə yanaşı, dövlət başçısının yolunda ölümə getməyə də hazırdırlar…

“Silahlı mübarizənin simptomları…”

Ramiz Mehdiyevin və rəhbərlik etdiyi qruplaşmanın “geriyədönüş planı”nın detallarına keçməzdən öncə vacib bir məsələyə diqqət edək. Söhbət bu şəbəkənin qurduğu planın “C” variant kimi təqdim etdiyimiz güc yolunun tətbiqi niyyətindən gedir. Hansı ki, araşdırmaçı jurnalist Heydər Oğuz “Hürriyyət”in ötən saylarının birində dərc olunan “Demokarikləşmənin ən qısa yolu hakimiyyətin “zərif güc”ə ötürülməsidir” sərlövhəli müsahibəsində bu haqda müəyyən detalları ortaya atır. Belə ki, əməkdaşımızın “…Hansı vətəndaş qarşıdurmasından söhbət edirsiniz? Axı Azərbaycanda bu ehtimalın hər hansı əlaməti nəzərə çarpmır” sualına cavab verən müsahib bildirir:

“Sivil, yaxud silahlı mübarizənin simptomları var. Əsas simptomlar özünü ritorikalarda göstərir. Sivil mübarizə xəttini seçənlər İlyas müəllim kimi səmərəli təkliflər verir, yürüdülən siyasətlərin yanlış olduğunu əsaslı dəlillərlə sübuta yetirir və alternativ yollar göstərir. Vətəndaş qarşıdurmasının ilk əlaməti isə söyüşdür. Daxili və ya xarici bütün müharibələrə nəzər salsanız, görərsiniz ki, tərəflər bir-birinin üstünə hücum etməmişdən əvvəl düşməni ağır söyüşlərlə təhqir edirlər. Nə yazıq ki, bu gün Azərbaycanda da eyni hadisələr yaşanır. İqtidar öz söyüş komandası olan Əli Həsənov və çetesini vəzifədən uzaqlaşdıraraq bu metoddan imtina etsə də, müxalif çevrələr söyüşlərin dozasını getdikcə artırırlar. Bəzi mülahizələrə görə, qarşılıqlı söyüş kampaniyaları eyni mərkəzdən idarə olunur. Məqsəd hakimiyyətdən uzaqlaşdırılmış çeteyə ehtiyac yaratmaq və onların söyüş məharətindən istifadəyə geri dönməkdir. Qısası, bir zamanlar hakimiyyətin söyüşkən “küçə uşaqları” müxalifətdəki taylarının meydana çıxmasına şərait yaradırdılarsa, indi isə müxalifətdəkilər onların geri qayıtmasına zəmin hazırlayırlar. Bu da siyasi mübarizənin düşmənçilik müstəvisindən çıxıb, sivil rəqabətə çevrilməsinin qarşısını alır”.

Əlbəttə, bu, ilk baxışdan jurnalist təxəyyülünün məhsulu kimi görünə bilər. Amma nəzərə alsaq ki, H.Oğuz kifayət qədər nüfuzlu qələm sahibi olmaqla yanaşı, hər sözünün məsuliyyətini dərk edən bir insandır, deməli, onun “silahlı mübarizənin simptomları var” ifadəsi heç də boşuna səslənməyib. Təbii, deyə bilərisiniz ki, “o, Ramiz Mehdiyevi qarşıdurma yaratmaqda ittiham etmədiyi və müsahibəsində onun adını çəkmədiyi halda, nə üçün həmin fikri birbaşa onunla bağlayırsınız?” Yanlış anlaşılmasın deyə qeyd qeyd edək ki, biz R.Mehdiyevin silahlı mübarizəyə rəhbərlik etdiyini, yaxud gələcəkdə edə biləcəyini düşünmürük. Sadəcə, onun rəhbərliyi altında fəaliyyət göstərən qruplaşmanın ölkədə həyata keçirilən kadr islahatlarına etiraz etdiyi və bu etirazın yaxında daha açıq müstəviyə keçə, hətta sivil qaydanı aşa biləcəyini qeyd edirik. Bununla yanaşı, onu da vurğulayaq ki, hazırda Azərbaycanda hakimiyyətə və prezident İlham Əliyevə dirəniş göstərə biləcək ikinci bir qüvvə də mövcud olmadığından, bütün “barmaqlar” ancaq mehdiyevçilərə yönəlir. Bu isə, həmin qüvvəni Azərbaycanda pandemiyadan da təhlükəli “siyasi virus” kimi təqdim etməyə əsaslar yaradır.

Mehdiyevçilərin “geriyədönüş planı”

(Ardı var)

“Hürriyyət”in analitik qrupu