“Azərbaycanda uçot dərəcəsi aşağı salınmalıdır” - NEMƏT ƏLİYEV

Baxış sayı:
1816

Dünən ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini 1-1,25%-dən 0-0,25%-ə endirib.

BBC-nin yaydığı məlumata görə, Federal Ehtiyatlar Sistemi koronavirusun iqtisadiyyata vura biləcəyi ağır fəsadların qarşısını almaq, ölkə iqtisadiyyatının inkişafını və dolların mövqeyini möhkəmləndirmək üçün belə qərar qəbul edib.

Bildirilir ki, koronavirusun iqtisadiyyata vurduğu fəsadlara görə faiz dərəcəsinin azaldılmasının vacibliyi barədə dəfələrlə çağırış edən prezident Donald Tramp bu qərarı böyük məmnunluqla qarşılayıb.

Qeyd edək ki, sonuncu dəfə mart ayının 3-də Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 1,75-1,50-dən 1-1,25%-ə endirib.

Əslində, bu gün ABŞ-ın  bir problemi var, o da koronavirusun iqtisadiyyata vura biləcəyi ağır fəsadların qarşısını almaq. Ancaq Azərbaycan iqtisadiyyatına koronavirusun vura biləcəyi zərərlə yanaşı, neftin dünya bazar qiymətlərinin ucuzlaşması da zərər vurur. Yəni Azərbaycan indiki vəziyyətdə ikitərəfli iqtisadi zərərlə üz-üzədir. Bu baxımdan, ölkəmizin vəziyyəti daha da gərgindir. Əslində, ABŞ-la Azərbaycan iqtisadiyyatını müqayisə etmək doğru deyil. Lakin  dünyada supergüc olan Amerika koronavirusun iqtisadiyyata vura biləcəyi ağır fəsadların qarşısını almaq üçün uçot dərəcəsini 0-0,25%-ə endirməklə, ölkə iqtisadiyyatının inkişafını düşünürsə, kredit götürən banklara, sahibkarlara az qala faizisiz kredit verirsə, biz kiçik ölkə olaraq bu iqtisadi zərərlərdən qorunmaq üçün niyə uçot dərəcəsini endirməyək?! Mərkəzi Bank uçot dərəcəsini endirib, banklara aşağı faizlə pul verərsə,  banklar da əhaliyə aşağı faizlər pul verər ki, bu da  həm xalq, həm də dövlət üçün faydalı olar, iqtisadiyyatımız da bu gərgin durumdan zərərsiz çıxar.

Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycanda uçot dərəcəsinin ən yüksək həddi 2008-ci ilin iyun ayında və 2016-ci ilin sentyabr ayında 15% olub.  Uçot dərəcəsinin ən aşağı həddi isə 2009-cu ilin may ayında qəbul edilən qərarla 2% olub. Hazırda isə 7.25%-dir.

“Amerika Birləşmiş Ştatlarının bank sisteminə daxil olan banklar ucuz pul kütləsi əldə edə biləcəklər”

Federal Ehtiyatlar Sisteminin qərarını şərh edən iqtisadçı  Nemət Əliyev “Hürriyyət”ə dedi ki, son vaxtlar koronavirus pandemiyasının təsiri altında həm də Amerika Birləşmiş Ştatlarında iqtisadi fəallıq əhəmiyyətli dərəcədə aşağı düşüb: “Bu, özünü müxtəlif formalarda ifadə edir. İstər ölkə daxilində istehsalın həcminə, istərsə də ixrac fəaliyyətinin zəifləməsi baxımından təsir edib. Bir sıra indikatorlar var ki, həmin bu göstəricilər üzrə çox böyük ehtimalla Amerika Birləşmiş Ştatlarında iqtisadi fəallıq aşağı düşüb və görünür analtikləri bunun fərqində olubdur. Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini  0-0,25%-ə endirməsi haqqında qərarı o anlama gəlir ki, Amerika Birləşmiş Ştatlarının bank sisteminə daxil olan banklar ucuz pul kütləsi əldə edə biləcəklər. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən sahibkarlar, müəssisə və təşkilatlar da həmin ucuz pul vəsaitlərini əldə etmək imkanı qazanacaqlar. Yəni ölkə iqtisadiyyatının pulla təminat, kreditləşmə səviyyəsi yaxşılaşacaq. Bu, iqtisadi işgüzar fəallığın artmasına öz müsbət təsirini göstərəcək. Mənə belə gəlir ki, Amerika Birləşmiş Ştatlarında Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini aşağı salmaqla bağlı qərarı bu məqsəddən irəli gəlib”.

 “Tam yerində olan qərardır”

Nemət Əliyev xatırlatdı ki, sonuncu dəfə mart ayının 3-də Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 1-1.25%-ə endirmişdi: “Yəni onsuz da Amerika Birləşmiş Ştatlarında uçot dərəcəsi aşağı idi. Amma görünür orada ölkənin maliyyə sisteminə cavabdeh olanları o aşağı uçot dərəcəsi də qane etməyib, anlayıblar ki, kredit alanlara daha çox stimul vermək lazımdır. Yəni kredit əlaçatanlığı asanlaşsın, sahibkarlarda, müəssisə və təşkilatlarda maraq oyansın. Ona görə, tam yerində olan qərardır”.

“Azərbaycanda iqtisadi fəallığın zəiflədilməsinin qarşısını alan addımlar atmaq lazımdır”

N. Əliyevin fikrincə, Federal Ehtiyatlar Sisteminin bu qərarından Azərbaycan rəhbərliyinə, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova da çatası mesaj var: “Gözümüzün qabağında həm neftin dünya bazar qiymətinin kəskin  şəkildə azalmasının, həm də koronavirus pandemiyasının təsiri altında Azərbaycan iqtisadiyyatı da zəifləməkdə davam edir. Təsəvvür edin, belə bir şəraitdə Elman Rüstəmov dünən müsahibə verib deyib ki, neftin indiki ucuz qiymət səviyyəsi komfort zonaya daxildir. Görün, Azərbaycan bankının başında duran insan dünyanı başına almış bu iqtisadi geriləmənin real təsirini dərk etməkdən nə qədər uzaq düşübdür. Bu cür açıqlamalar verməklə, Azərbaycan xalqının gözünə kül üfürməyə çalışırlar. Mənə belə gəlir ki, Azərbaycanda iqtisadi fəallığın zəiflədilməsinin qarşısını alan addımlar atmaq lazımdır. Bu gün (red- dünən nəzərdə tutulur) “Brend” markalı neftin dünya bazar qiyməti  31 dollara düşüb. Bu qiymət səviyyəsi davamlı şəkildə olarsa, Azərbaycanın ixrac göstəricisinin kəskin şəkildə aşağı düşməsi anlamına gələcək. İdxal səviyyəsi də eyni səviyyədə qalarsa, o zaman əmin olasınız ki, ölkədə vəziyyət gərginləşəcək”.

“Azərbaycanın bankları müştərilərə manatla kredit verilişini dayandırıb”

N. Əliyevin sözlərinə görə, mürəkkəb stiusiyalarda Amerika Birləşmiş Ştatları ya Azərbaycanın, ya da Çinin, Rusiyanın, Avropanın iqtisadiyyatını düşünmür: “O, birinci növbədə öz xalqı, dövləti qarşısında ölkəsinin milli maraqlarını düşünmək məcburiyyətindədir və bu maraqlara cavab verən qərar qəbul edibdir. Mən bu qərarın örnək kimi, Azərbaycana təsirini demək istəyirdim. Bir halda ki, Azərbaycan iqtisadiyyatı da neftin qiymətlərinin ucuzlaşmasından dolayı ciddi iqtisadi zəifləməyə məruz qalır, o zaman Azərbaycan hökuməti də o vəziyyətdən çıxış yollarını axtarmalıdır. Hazırkı dövrdə biz nəyi müşahidə edirik? Azərbaycanda manat kütləsi çox böyük sürətlə dövriyyəni tərk edir, Mərkəzi  Bankın anbarlarına yol açıb, dollarlaşma səviyyəsi çox böyük sürət alıbdır. Yəni iqtisadiyyatın manatla təminat səviyyəsi çox kəskin şəkildə pisləşir. Belə bir zamanda Banklar Assosiasiyası bu gün məlumat yaydı ki, guya, manatla kredit götürənlər aldıqları o manat kreditlərini dərhal xarici valyutaya çevirirlər. Mən istisna etmirəm, ola bilər ki, belə bir şey var. Amma bu hal və başqa hal varsa, onu nəzərə alıb, iqtisadiyyata manatla kredit verilişini dayandırmaq olmaz. Bu gün faktiki olaraq Azərbaycanın bankları müştərilərə manatla kredit verilişini dayandırıb. Bununla iqtisadi zəifliyə növbəti bir zərbə vurulur. Mən sözümün canını ona gətirmək istəyirəm ki, dünyada yaşanan iqtisadi  geriləmə Azərbaycana da təsir göstərir. Ağlı başında olan dünya ölkələri,  çevik hərəkət edənlər belə bir məqamda iqtisadiyyatın pulla təminat səviyyəsini yaxşılaşdıran addımlar atırlar. Amma bizim hökumət, Mərkəzi Bank durub gözləyir. Ona görə də gözləmə mövqeyindən çıxmaq, real, konkret nəticəsi olan addımlar atmaq lazımdır ki, iqtisadiyyatın çöküşünün qabağını almaq  mümkün olsun”.

“Manatla kredit verilişi dayandırıla bilməz”

Bu vəziyyətdə Azərbaycanın da uçot dərəcəsini aşağı salmasını vacib hesab edən N. Əliyev vurğuladı ki, Amerika Birləşmiş Ştatlarından ibrət götürsünlər: “Elman Rüstəmov çıxıb komfort dəhlizdən danışır. Ondan danışmaq əvəzinə, ortalığa konkret olaraq əməli iş qoymalıdır. Uçot dərəcəsini aşağı salmalıdır ki, kreditləşmə imkanları yaxşılaşsın. Manatla  kredit götürüb dollara çevirmə halları varsa, qoy, konkret fəaliyyətini o istiqamətə yönəltsin, yoxsa bir neçə belə fakt ortalığa çıxarıb deyə, manatla kredit verilişi dayandırıla bilməz. Bu, sobatajdır. Bu, Azərbaycan iqtisadiyyatına saplanan baltadır. Mərkəzi Bank öz fəaliyyətini bu istiqamətdə qurmalıdır, öz vəzifəsinin öhdəsindən gəlməlidir”.

Şamo EMİN,
Hurriyyet.org