"AZƏRBAYCANDA TƏNQİDİ MEDİAYA EHTİYAC VAR" - "Sosial şəbəkələr tənqidi medianı əvəz edəndə..."

Baxış sayı:
214

Jurnalistikanın İnkişafına Yardım Fondunun rəhbəri Qulu Məhərrəmli "Amerikanın Səsi"nə müsahibəsində medianın cəmiyyətə təsirlərindən danışıb. Muxalifet.az həmin müsahibəni oxucularına təqdim edir:
- Elektron, çap və sosial medianın Azərbaycanda insanlara təsirlərini necə qiymətləndirərdiniz? Yayılan məlumatlar insanların əhval ruhiyyəsini yüksəldir, narahatlıq, stress, depressiya hissləri yaradır, asılılıq aşılayır və ya özünəhörməti artırır?
- Bu əslində, bu dəqiqə informasiyalı cəmiyyətdə yaşayan hər bir kəsi düşündürür. Psixoloqlar, sosioloqlar bununla bağlı ciddi müşahidələr,tədqiqatlar aparırlar. Bilirsiniz, qlobal informasiya məkanı və yeni alətlər sistemində informasiyanın cəmiyyətə, insanlara təsiri fərqli olur. Məsələn Amerika, Avropa cəmiyyəti üçün informasiya şəbəkələrinin bu dərəcədə çoxluğu heç bir narahatlıq yaratmır. Amma o yerlərdə ki, informasiya üzərində nəzarət var,televiziyalar, radiolar, yəni, söhbət peşəkar KİV-dən gedir, o ölkələrdə əlbəttə sosial şəbəkələr, informasiya dağınıqlığı ciddi problemlər yaradır. Konkret bizim cəmiyyət üçün götürəndə, məsələn, bizim cəmiyyətdə hələlik ən böyük platforma sosial şəbəkələrdir. İndi, artıq hökumətin özü də sosial şəbəkələr vasitəsilə auditoriyaya təsir imkanı haqqında düşünür. Müxtəlif texnologiyalar tətbiq olunur. Hələlik bunun çox böyük bir effekt verdiyini demək olmaz. Sonuncu sualınıza cavab vermək istəyirəm ki, bizim indiki cəmiyyətdə həmin bu informasiya kanalları, mən həm də sosial şəbəkələri nəzərdə tuturam, bunlar insanlarda daha çox depressiya halı yaradır. Əvvəla sözün yaxşı mənasında tənzimlənmə yoxdur. Etik qaydalara riayət yoxdur. Kim hansı informasiyanı istəyir qoyur, yayır. Üstəgəl sosial şəbəkələrə süni müdaxilə var, yəni, bura təsir etmə imkanı olan adamlar bəzən monipulasiya üçün, bəzən başqa məqsədlərlə yalançı fake informasiyalar yerləşdirir. Bunun özü də cəmiyyətdə müəyyən bir burulğan yaradır. Bu burulğan insanlara elektromaqnit dalğaları kimi çox mənfi təsir eləyir.
- Ekspertlər son dövrlərdə medianın yaydığı proqramların intelelktual cəhətdən o qədər də yükəsk olmadığını bildirir. Sizin fikriniz necədir? Doğru və etikaya uyğun məlumatları televizyalar, çap mediası, yoxsa sosial media daha dolğun çatdırır?
- Bütün dünyada yayılan informasiyanın özünü və həm də onu yayan qurumları iki yerə bölürlər. Keyfiyyətli media və keyfiyyətsiz media. Məsələn, tutaq ki, “Guardian”, “Washington Post”,”The New York Times”, “Spigel”, bunlar yüksək səviyyəli media qurumlarıdır. Onlar jurnalistikanın qızıl qaydalarına riayət edirlər, balansı gözləyirlər. Xəbərdə ictimai əhəmiyyət nədir, cəmiyyət üçün nədir, bunları verirlər. Amma tutaq ki, bizim cəmiyyətdə 15 il əvvəllə müqayisədə çox keyfiyyətsiz media formalaşıb. Sosial şəbəkələr buna bir az da impuls verib. Etik qaydaları gözləməyən, xəbərin nə olduğunu bilməyən, əlinə nə gəldi sadəcə online sistemin mövcudluğunu təsdiqləmək üçün hər an xəbərləri dəyişən media qurumları, olduqca keyfiyyətsiz materiallar verirlər. Məsələn, çox ciddi problem olur, onunla bağlı heç bir araşdırma aparılmır. Ona görə, hesab edirəm ki, bu gün konkret televiziyaları nəzərdə tutsaq, burada çox ciddi problemlər var. Azərbaycan cəmiyyətində hamı bu televiziyalardan narazıdır. Niyə narazıdır? Ona görə televiziyalar birbaşa öz missiyasını yerinə yetirmir. Keyfiyyətsiz verilişlər, ucuz şoular, xüsusilə əhalidə sosial reaksiya doğurmayan verilişlər verilir. Bunlar da təbii ki, aşağı keyfiyyətdə olduğuna görə cəmiyyəti və insanları qane eləmir.
- Hökumətin peşəkar, məsuliyyətli və qərəzsiz medianın inkişafına dəstəyi varmı? Bu sahədə aparılan işləri dəstəkləyirsinizmi?
- Burada çox ciddi məsələlər var. Nədir bunlar? Birinci növbədə, əlbəttə, məsəl üçün hökumətin yazılı və elektron media sahəsindəki siyasətini tənzimləyən qurumlar var. Məsələn, Milli Teleradio Şurası (MTRŞ) var ki, bu, televiziya sahəsində siyasəti tənzimləyir. Bir də var, Prezident yanında KİV-ə Dəstək Fondu. Onun son bir il yarım, iki ildəki fəaliyyəti göstərir ki, çox yaxşı niyyətlə yaradılmış bu qurum Azərbaycanda medianın inkişafına heç bir dəstək vermir. Məsələ pul ayırmaqda deyil. Pulu kimə ayırmaqda, hansı məqsədlə ayırmaqda, kimlərin media qurumlarına, hansı oliqarxların, hansı məmurların himayə elədiyi, deməli, media qurumlarına pul ayırmaqdan söhbət gedir. Mən sosial şəbəkədə də, facebook səhifəmdə də yazmışdım, sonuncu pul ayırmaları məni heyrətə gətirdi ki, yəni birinci yeddilikdə elə qəzetlərin adları var ki, onların adlarını Azərbaycanda çox adam bilmir. Məsələn, “Mövqe” qəzeti, nə bilim “Səs” qəzeti, çox az oxunan “Kaspi” qəzeti və sair və ilaxır. Amma ənənəvi media qurumları var ki, düzdür, bunlar da müəyyən dərəcədə, həm yaradıcılıq, həm maddi böhran içərisindədir. Mən nəzərdə tuturam “Şərq” qəzetini, “525-ci qəzet”i, başqa qəzetlər də var. Hesab edin ki, Azərbaycan cəmiyyətində tənqidi media yoxdur. Adamlar tənqidi materialları axtarırlar harada, - “Reytinq” qəzetində, harada, - “Təzadlar” qəzetində, mən nə bilim... Yəni dəxli olmayan media qurumları var ki, bunlar artıq elə bir həddə gətirib çıxarıblar ki cəmiyyəti, yəni biz bunları az qala standart kimi qəbul etməyə çalışırıq. Məsələn, o dediyim “Səs”də də, “Mövqe”də də ola bilər ki, babat, istedadlı jurnalistlər var. Mən bunu istisna etmirəm. Amma, bu, siyasət o yerə gətirib çıxarıb ki, bunlar ölkənin aparıcı mediasına çevrilir. Bax, birinci yeddilikdə, ənənəvi olan çox az qəzet adı var. Ona görə də mən hesab edirəm ki, bu dəqiqə dövlətin mediaya yardımı ondan ibarət ola bilər ki, deməli, senzura, yəni söhbət daxili senzuradan gedir, maddi aslılıqdan gedir, siyasi qurumlardan aslılıqdan gedir. Azad media, sərbəst media, müstəqil media, niyə bü gün dünya onun hayındadır. Bu gün Azərbaycanda hamının baxdığı televiziya kanalı yoxdur. Bu gün Azərbaycanda hamının oxuya biləıcəyi ümummilli qəzet yoxdur. Yəni, bu gün Azərbaycan cəmiyyətinə təmənnasız xidmət göstərən, onu maarifləndirən, deməli, media qurumları yoxdur. Məsələn, son illər ASAN radio yaradılıb, bu dövlət xidmətləri sahəsində məlumatlandırır. Tək bunu bir işartı kimi, mən hesab edirəm ki, müəyyən qərarlardır, qanunlardır, vergi tətbiqi ilə bağlı məsələlərdir, bunları şərh və izah edir. Məsələn, nə təhər olur, Yaponiyada evlərə qəzetlər pulsuz verilir. Nədir bunun mahiyyəti? Dövlət qanunları, qərarları həmin qəzetlər vasitəsi ilə əhali arasında yayır. Bizim kimi az məlumatlı, az oxuyan bir cəmiyyətə bu cür qəzetlərin çatdırılması çox vacibdir. Amma, təəssüf ki, o yoxdur.
- Hökumətin və cəmiyyətin tənqidi mediaya dözümü necədir? Bu sahədə çalışan medianın və jurnalistlərin fəaliyyəti üçün şərait varmı?
- Dərin təəssüf hissi ilə demək lazlımdır ki, nə tənqid eliyənlər o dərəcədə etik hədləri gözləmirlər, nə də hökumətdə o hövsələ, səbr yoxdur ki, tənqidə dözümlü yanaşsınlar. Bu gün tənqidi mediaya ehtiyac var. Sosial şəbəkələr o tənqidi medianı əvəz eləməyə çalışanda çox biabırçı situasiya yaranır. Nədir bu? İnsanlar hesab edir ki, hər şeyi yazmaq olar. Əslində çox şeyi də yazmaq olar. Etik həddlər gözlənilməlidir. Tənqid konkret, deməli, fakt əsasında olmalıdır. Araşdırma aparırsansa bunun xətləri görünməlidir. Bu konkret faktlara əsaslanaraq ictimai əhəmiyyəti olan məsələləri, problemləri günədəmə çıxartmaq, cəmiyyəti məlumatlandırmaq, tənqid eləmək məmurları, kim işini yerinə yetirmir onları tənqid eləmək lazımdır. Yəni tənqidsiz cəmiyyət ola bilməz.