Azərbaycanda rüşvət verənlər nə üçün cəzalandırılmır?

 
Müzəffər Baxışov: “Rüşvət verənin zərərçəkmişə çevrilməsi onu məsuliyyətdən azad etmir”
 
“Güc orqanlarına rüşvətlə bağlı məlumat rüşvət verməmişdən öncə verilməlidir”

 
Azərbaycanda son illər müşahidə edilən əcaib tendensiyalardan biri hansısa vəzifə tutmaq üçün rüşvət verən, lakin aldadıldıqları üçün arzularına çatmayan şəxslərin zərəçəkmiş qismində məhkəmələrə müraciət etməsi, haqq-ədalət davasına çıxmasıdır. Hansı ki, bu insanların hər şeydən öncə rüşvət verdikəri üçün məsuliyyətə cəlb edilməsi zəruridir və bu barədə qanunvericilikdə müvafiq maddə də mövcuddur. Lakin buna baxmayaraq, bir çox rüşvətxor planı baş tutmayandan sonra baş verənlərlə bağlı hüquq-mühafizə orqanı və məhkəmələrə müraciət edərək verdikləri pulu geri qaytarmağa çalışır, rüşvəti nə zaman, kimə, hansı şəraitdə verdikləri ilə bağlı aləmə car çəkir, rüşvət verdikləri üçün məsuliyyətə cəlb edilmirlər. Bu qəbildən olan şəxslər iddia edir ki, CM-nin 312-ci maddəsinə görə, verdiyi rüşvət haqqında güc orqanlarına könüllü məlumat verən şəxsləri məsuliyyətdən azad edir.
Məlumat üçün qeyd edək ki, CM-nin 312-ci (rüşvət vermə) maddəsində deyilir:
“312.1. Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəş təklif olunması, vəd edilməsi və ya verilməsi - (64) min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
312.2. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Məlum maddənin qeyd hissəsində isə deyilir: “Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir”.
Məsələ ilə bağlı “Hürriyyət”ə açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov 312-ci maddənin qeyd hissəsinin bəzi vətəndaşlar tərəfindən yanlış başa düşüldüyünü vurğuladı. Hüquqşünasın sözlərinə görə, vətəndaş rüşvət verməyə görə məsuliyyətdən yalnız o halda azad edilir ki, o, rüşvət verəndən sonra deyil, verməmişdən öncə, ondan rüşvət tələb edilən zaman hüquq-mühafizə orqanlarına məlumat versin:
“CM-nin 312-ci maddəsində bir qeyd var. Bu qeydə əsasən, rüşvət verən yalnız o halda məsuliyyətdən azad olunur ki, o, rüşvət verənə qədər hüquq-mühafizə orqanlarını bu haqda məlumatlandırır. Əgər şəxs rüşvət verəndən sonra bu barədə hüquq-mühafizə orqanlarını məlumatlandırırsa, bu, həmin şəxsin məsuliyyətini azaltmır. Yəni vətəndaşdan kimsə hansısa işə görə rüşvət tələb edirsə, o, bu haqda hüquq-mühafizə orqanlarına könüllü şəkildə, zamanında məlumat verməlidir.
Bir çox hallarda rüşvət vətəndaşı hansısa işə təyin edən şəxsə deyil, onunla vətəndaş arasında vasitəçilik edən şəxsə verilir. Həmin vasitəçinin isə bir çox hallarda rəsmi səlahiyyəti olmur. Məsələn, kimsə hansısa nazirlikdə hüquq şöbəsinin rəhbəri vəzifəsini tutmaq üçün nazirin özünə rüşvət versə, bu, rüşvətvermə kimi qiymətləndirilir. Lakin vətəndaş nazirin pulyığanına rüşvət verir. Pulyığanın isə özünün bu şəxsi vəzifəyə təyin etmək səlahiyyəti yoxdur. Buna görə də bu kimi hallarda pulyığana qarşı dələduzluq maddəsi ilə iş açılır. Yəni vətəndaşı aldatmaq və onun etibarından sui-istifadə etməkdə təqsirləndirilir. Belə olan halda rüşvət verən şəxs zərərçəkmişə çevrilir. Təsəvvür edin ki, Gülər Əhmədovaya 178-ci maddə ilə ittiham verilmişdi. Amma E.Abdullayev zərərçəkmiş kimi tanınmadı. Bu isə o deməkdir ki, əgər zərərçəkmiş yoxdursa, cinayətin obyekti də yoxdur. Cinayətin obyekti yoxdursa, o zaman kiməsə ittiham vermək olmaz”.
M.Baxışovun sözlərinə görə, kiminsə rüşvət verdikdən sonra zərərçəkmiş vəziyyətə düşməsi onu rüşvət verməyə görə məsuliyyətdən azad etmir: “Rüşvət verən şəxslərin yuxarıda qeyd etdiyim qaydada zərəçəkənə çevrilməsi onları rüşvət verməyə görə məsuliyyətdən azad etmir. Çünki həmin şəxs hansısa vəzifə əldə etmək üçün rüşvət verib. Onları buna görə cəzalandırmaq lazımdır. Lakin Azərbaycanda hüquq sistemi o qədər bərbad vəziyyətə düşüb ki, konkret cinayətlərə görə yox, konkret şəxslərə görə əməllərə qiymət verilir. Yəni şəxslərin kimlərlə münasibətdə olması, kimlərlə qohumluq əlaqəsinə malik olması, onların siyasi hakimiyyətə münasibəti və s. kimi məsələlər əsas götürülür. Əsassız və qanunsuz olaraq, bütün bunlar əsas götürərək cinayət törədən, xüsusilə də rüşvət vermə cinayəti törədən şəxslər cinayət məsuliyyətindən azad edilir, məsuliyyətə cəlb edilmir.
Bu isə öz növbəsində Azərbaycan cəmiyyətində bir hərc-mərclik yaradır. Yüksək vəzifələrdə çalışan insanlar üçün də rüşvət yığmaqla bağlı geniş imkanlar açır. Bəzən bir vəzifə üçün yüzlərlə, minlərlə insan can atır. Yüksək ranqlı məmurlar isə bu fürsətdən yararlanaraq qanunsuz olaraq varlanırlar. Yığılan pullar onların cibinə gedir.
Azərbaycan balaca bir ölkədir və hər kəs yaxşı bilir ki, hansı nazirin pulyığanı kimdir. Sadəcə, onların siyasi hakimiyyətə olan münasibəti bu insanları cinayət məsuliyyətinə cəlb edib cəzalandırmağa imkan vermir. Bu problemlərdən yeganə çıxış yolu Azərbaycanda hüquqi dövlətin qurulmasını təmin etməkdir. Hər kəs törətdiyi cinayət əməlinə görə vaxtında cinayət məsuliyyətinə cəlb edilməlidir. Belə olarsa, bu, başqalarına da dərs olar. Lakin təəssüf ki, ölkəmizdə hələ ki, belə bir hüquqi dövlət qurulmayıb. Buna görə də, məlum tendensiya bu şəkildə də davam edəcək. Bu isə sonda ölkəni böyük bir uçuruma aparacaq”.
 
“Hürriyyət”