Azərbaycanda ruspərəstləin hakimiyyəti…

Mirzə Cəlilin sözü olmasın, aləmlər qarışdı, dünya çaxnaşdı, fələklər kəlləmayallaq aşdı, ancaq biz yenə də oyanmadıq, nə baş verdiyini anlamadıq. Özlərinə “politoloq”, “bişmiş siyasətçi” deyənlərin son hadisələrlə bağlı şərhlərinə baxıram, nə gizlədim, gülünc olduqları qədər də acınacaqlıdır. Guya bizdə bir hakimiyyət varmış, bunun da Qarabağı azad eləmək planı varmış, ancaq bir də Rusiya adında bir “div” bunun yolunu kəsib Qarabağı azad eləməyə qoymurmuş.
Axı, öz xalqını qul eləyən bir hakimiyyət, ölkəni özü boyda bir qazamata çevirən bir iqtidar, Qarabağı necə azad eləyə bilər? Qarabağı azad eləmək üçün arxada qoyub gəldiyi ailəsinin minimum dolanışıq şərtləri içində yaşayacağını bilən döyüşüçlər gərəkdir bizə. Varmı belə döyüşçülərimiz? Qarabağı azad eləyən xalq onu özü üçün azad elədiyini anlamalıdır. Ölkəsinin bir sürü harının əlində əsir-yesir olduğunu, özünün başını güclə dolandırdığını görən bir xalqda Qarabağ üçün döyüşmək həvəsi haradan yaranacaq? Niyə özümüzü aldadırıq?
Gələk o “qara div” məsələsinin üstünə. Azərbaycanın ayağı yer tutan, əli iş tutan, az-çox imkanı olan istənilən insanı özünü hansı üsullasa Rusiyaya çatdırmaq arzusu ilə yaşayır. Birinci imkan yaranan kimi orada evi-ailəsi üçün minbir əzabla çörək pulu qazanır, bu ölkədəki istənilən alçaldıcı şəraitə də, qeyri-insani münasibətə də dözür, çünki bunlara dözmək Azərbaycandakı şəraitə dözməkdən asandır və üstəlik burada çörək qazanmaq imkanı vardır.
Bu yüzminlərlə insanı Rusiyaya üz tutmağa məcbur edən şəraiti Azərbaycanda yaradan kimlərdir? Deyimmi, yoxsa özünüz ürəklənib: bunu eləyən indiki hakimiyyətdir,- deyəcəksiniz..?! Sizcə, çörəyi Rusiyada işləməkdən çıxan bu böyük insan ordusu Rusiyanın Azərbaycana qarşı törətdiyi hansısa təxribata qarşı olacaqmı? Ona sığınacaq və çörək verən Rusiya hakimiyyətindən narazı qalacaqmı?
Sizi inandırıram, vəziyyət o həddə çatıb ki, Azərbaycanın hansı yolla olur-olsun, Rusiya məkanının bir parçasına çevrilməsini istəyən minlərlə vətəndaşımız var. Çünki onların hamısı iyrənc bir iqtidar tərəfindən çörək sınağına çəkiliblər, yenə də yaxşı-pis Rusiyada çörək qazana biliblər.
Bu iqtidarın özü kimə belə arxayındır? Bunlar Səddamdanmı, Qəddafidənmi, Mübarəkdənmi güclüdürlər? Yox! Bunlar Rusiyaya arxayın olub öz xalqına, dünyaya da "meydan oxuyurlar". Ona görə də indiki hakimiyyəti Rusiya basqısından "qorumağa çalışmağınız" çox gülünc görünür, özünə politoloq, siyasətçi deyən xanımlar, bəylər. Bu hakimiyyətin özü Rusiya yönümlüdür, o yaşamaq üçün, hakimiyyətdə qalmaq üçün Rusiyanın gücünə sığınıb. Ona görə də, Rusiya nə istəsə, nə desə, nə buyursa, bunlar üçün qanundur. Rusiya sənin xalqının çöllərə saldığın böyük bir hissəsini dolandırırsa, sənin hakimiyyətini xarici və daxili təsirlərdən qoruyursa, sənin həddin nədir onun dediyini eləməyəsən? Bir sözlə, Azərbaycanın da, Qarabağın da xilası, bu hakimiyyətdən xilas olmaqdan keçir. Bütün başqa sözlər özünü aldatmaqdır. 

Camal Dadaşova