“Azərbaycanda referendum baş tutmayıb”

Arif Hacılı: “Müşahidəçi adı altında televiziyaya çıxarılan adamlar hakimiyyətin dostlarıdır”

“Bu referendum yalnız Azərbaycan cəmiyyətinin yox, oliqarxların da maraqlarına qarşıdır”

“Azərbaycan hakimiyyəti nəinki siyasi islahatlar aparmaq niyyətində deyil, əksinə hakimiyyətin bir əldə cəmləşməsi istiqamətindəki fəaliyyətini daha da gücləndirir” 

Sentyabrın 26-da Azərbaycanda ümumxalq səs verməsi (referendum) keçirildi. Rəsmi məlumatlara görə, referndum zamanı seçilərin 69.7 faizi səs verib. Lakin müxalifət tamamilə fərqli fikirdədir. Belə ki, əksər müxalif siyasi partiyalara görə, referendumda seçicilərin iştirakı 10 faizi keçməyib.
Müsahibimiz, Müsavat Partiyasının başqanı Arif Hacılı da bu fikirdədir. O hesab edir ki, seçici aktivliyi ilə bağlı açıqlanan rəsmi rəqəmlər ən az 5 dəfə şişirdilib...

- Arif bəy, rəsmi məlumata əsasən, referendumda seçicilərin 69.7 faizi iştirak edib. Bu barədə Siz hansı fikirdəsiniz?

- Bu, azı beş dəfə şişirdilmiş rəqəmdir. Ümumiyyətlə, Azərbaycanda heç vaxt seçki və referendum kampaniyalarında 70 faizədək seçici iştirak etməyib, etmir. Seçkilərin nəticələri saxtalaşdırıldığı üçün seçicilər inamsızlıq göstərir. Bu referendumda isə xüsusi fərqli bir vəziyyət yaranmışdı. İctimai debatlar, ictimai diskussiyalar mövcud deyildi. Opponent tərəflərin referendumda iştirakına imkan verilmədi. Müsavat Partiyası tərəfindən yaradılan “Respublika” təşviqat qrupu qeydə alınmadı. Televiziya debatları təşkil olunmadı. Hakimiyyət dairələri referenduma çıxarılan məsələlərin hansı zərurətdən doğduğu barədə təşviqat kampaniyası belə aparmırdı. Ona görə, referendum ictimai maraq kəsb etmirdi. Bizim qənaətimiz ondan ibarətdir ki, bu referendumda seçicilərin ümimi sayının maksimum 10-12 faizi iştirak edib və Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən bəyan olunmuş 69 faiz rəqəmi saxtadır.

- Sizcə, bundan öncə keçirilən seçkilər və 2009-cu ildə baş tutan referendumla indiki ümumxalq səsverməsi arasında hər hansı fərqlilik oldumu?

- Hakimyyət dairələri bu referendumda bundan əvvəlki seçkilərdə və referendumlarda olduğundan fərqli mövqe tutdular. 7 il əvvəl də referendum keçirilmişdi. O zaman müxalifətin iki təşviqat qrupu qeydə alınmışdı: Müsavat Partiyasının yaratdığı “Respublikaçılar” qrupu və ümumi müxalifətin yaratdığı “Respublika və Qarabağ Uğrunda” təşviqat qrupu. Onda televiziya debatları da təşkil olunmuşdu. Ancaq bu dəfə təşviqat qrupumuz qeydə alınmadı. Bundan əvvəlki seçkilərdə bir qayda olaraq Mərkəzi və Dairə seçki komissiyaları müşahidəçilik üçün mürəciət edən şəxslərin ərizələrinə müsbət cavab verirdilər və onların seçkilərdə müşahidəçi kimi iştirak etməsinə imkan yaradılırdı. Bu dəfə Müsavat Partiyası 250-dək müşahidəçinin sənədlərini hazırlayıb MSK-ya müraciət etdi. Baxmayaraq ki, həmişəki qaydada müraciət etdik, ancaq MSK müxtəlif bəhanələrlə bizim müşahidəçiləri qeydə almaqdan imtina etdi. Dairə və Məntəqə seçi komissiyalarında da buna oxşar hallar baş versə də, biz bir neçə yüz müşahidəçinin Dairə və Məntəqə komissiyalarında müşahidəçi kimi qeydə alınmasına nail olmuşduq. Bu müşahidəçilərimiz referendum prosesini müşahidə edirdilər və onların qarşısına sadə bir vəzifə qoyulmuşdu ki, seçkilərə gələn şəxsləri saysınlar və məntəqələrdə seçicilərin sayını müəyyənləşdirsinlər. Biz həm öz müşahidəçilərimizin, eyni zamanda Müsavat Partiyasının yerli strukturlarının, fəallarının, ayrı-ayrı seçicilərin, mətbuat nümayəndələrinin verdiyi məlumatlara əsaslanaraq o nəticəyə gəldik ki, bu referendumda seçicilərin 10-12 faizindən artığı iştirak etməyib və qanuna görə referendum baş tutmayıb.

- Belə olan halda əksər beynəlxalq müşahidəçilərin seçkiyə müsbət rəy verməsi nə ilə əlaqəlidir?

- Mən yalnız bir qiymətləndirmə qrupunun açıqlaması ilə tanışam. Digər müşahidəçi adı altında televiziyaya çıxarılan adamlar bugünkü hakimiyyətin dostlarıdır. Onları turist kimi bura dəvət ediblər ki, seçkidən əvvəl və sonra istirahət etsinlər, sonra da seçkinin demokratik keçirilməsi barədə bəyanat versinlər. Onların missiyası bundan ibarətdir. Ancaq Avropa Şurası qrupunun belə açıqlama verməsi tamimilə absurddur. Çünki Avrova Şurasının Venesiya Komissiyası dəyişikliklər üçün müzakirəyə çıxarılan məsələlərin antidemokratik mahiyyəti barədə kifayət qədər sanballı bir açıqlama verib. Referendum günü fəallıq olmayıb. Referendum günü seçki məntəqlərində həm müşahidələrin təmin olunmasına şərait yaradılmayıb, eyni zamanda seçki komissiyyalarında hər hansı bir opponent düşüncəli insanların olmasına imkan verilməyib. Yol verilən saxtakarlıqlar barədə kütləvi sayda video görüntülər, şəkillər çəkilib, sosial şəbəkədə və mətbuat orqanlarında geniş yayılıb. Bunun müqabilində “referendumun standartlara uyğun olması”nın bəyan edilməsi təbii ki, absurddur. Mən düşünürəm ki, beynəlxalq təşkilatlar Avropa Şurasının qiymətləndirmə qurupunun bu rəyinə öz münasibətini bildirəcəklər.

- Bundan sonra ədalətli mövqe tutan beynəlxalq təşkilatların hakimiyyətə qarşı hər hansı basqı edəcəyini gözləyirsiniz?

- Əslində, demokratiya hər hansı bir dövlətin daxili işi deyil, yəni beynəlxalq birlik bu məsələyə müdaxilə etməlidir və demokratiyanın inkişafı üçün səylər göstərməlidir. Azərbaycan bir sıra beynəxalq təşkilatlar qarşısında öhdəliklər götürüb. Azərbaycan demokratik, dünyəvi bir cəmiyyətin, cümhuriyyət dəyərlərinə sadiq olan bir cəmiyyətin qurulacağı barədə öhdəliklər götürüb və təbii ki, beynəlxalq qurumlar bu öhdəliklərin yerinə yetirilməsini tələb etməlidir və tələb edəcəklər.

- Prezidentin köməkçisi Əli Həsənov deyir ki, referendumdan sonra ölkədə ciddi islahatlara başlanılacaq. Sizcə, nə kimi ciddi siyasi və iqtisadi islahatlar ola bilər?

- Bu məsələlər hamısı kompleks həll olunmalıdır. Siyasi islahatlar olmadan, iqtisadi islahatlar ola bilməz. Azərbaycanda real hakimiyyət bölgüsü yoxdur. Azərbaycanda ədalət mühakiməsi sistemi, ümumiyyətlə sıradan çıxarılıb. Belə olan şəraitdə, vətəndaşların mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə əməl olunmadığı, iqtisadiyyatın bir çox sahələri üzərində monopoliyanın qorunub saxlanıldığı, məhkəmlərin hüquqsuz olduğu və azad bazar iqtisadiyyatı olmadığı bir şəraitdə liberal iqtisadi münasibətlərin qurulması mümkün deyil. Əgər islahatlar aparılacaqsa, bu, ilk növbədə siyasi sferaya aid olmalıdır və iqtisadi islahatlar siyasi islahatlarla birlikdə aparılmalıdır. Ancaq son referenduma çıxarılan məsələlər göstərir ki, Azərbaycan hakimiyyəti nəinki siyasi islahatlar aparmaq niyyətində deyil, əksinə hakimiyyətin bir əldə cəmləşməsi istiqamətindəki fəaliyyətini daha da gücləndirir. Hakimiyyət indi cəmiyyətdə iqtisadi böhranın doğurduğu narazılıqların qarşısını islahatlar yolu ilə deyil, adminstrativ zorakılıq vasitəsi ilə almaq niyyətindədir. Əvvala, belə olan şəraitdə iqtisadi islahatların aparılacağına ümid yoxdur. Ikncisi, indiki siyasi şəraitdə bu mümkün də deyil.

- Sizcə, Konstitusiyada dəyişən 29 maddədən hansısa biri xalqın rifahına xidmət edir?

- Oradakı maddələr əsasən hakimiyyətin yuxarı eşalonunda aparılan dəyişikliklərlə, digər bir məsələ isə mülkiyyət hüququnun üzərinə əl qoyulması ilə bağlıdır. Təbii ki, burada xalqın mənafeyini əks etdirən hər hansı bir məsələ yoxdur. Yaş senzlərinin ləğv olunmasını götürək. Bunu, guya, insan haqlarına uyğun aparılan islahat kimi qələmə verməyə çalışırlar. Ancaq 18 yaşlı bir şəxsin Azərbaycanın dövlət başçısı olmaq hüququ əldə etməsini demokratik islahat adlandırmaq olarmı?!..

- O halda qarşıdakı dönəmi necə görürsünüz: hakimiyyət daxilində hansısa ciddi yeniliklər, dəyişikliklər ola bilər?

- Dəyişikliklərin olacağına heç bir şübhəm yoxdur. Düşünürəm ki, bu referendum yalnız Azərbaycan cəmiyyətinin maraqlarına yox, eyni zamanda oliqarxların maraqlarına qarşı həyata keçirilən bir referendumdur. Yəqin ki, hakimiyyətin yuxarı eşalonunda olan gərginliyi azaltmaq üçün bu referendumun nəticələrindən istifadə ounacaq və bəzi tanınmş simalar syasi arenadan kənarlaşdırılacaq. Biz yaxın zamanalarda hadisələrin nə cür inkişaf edəcəyini görəcəyik.

- Bəs, müxalifət üçün referendum dönəmi artıq bitmiş hesab edilir, yoxsa...?

- Biz referendum kampaniyası dövründə təşviqat qrupu yaratdıq. Ölkənin 88 seçki dairəsindən 41 min imza toplmaq zərurəti vardı. Bu, isti avqust ayında, məzuniyyətlər dövründə iki həftə ərzində və indiki siyasi şəraitdə həddindən artıq çətin bir iş idi. Müsavat Partiyası,"D-18” Hərəkatı və Nida Vətəndaş Hərəkatının oştirakı ilə bu ağır missiyanın öhdəsindən gəlməyə nail olduq. Bununla belə, Azərbaycan hakimiyyəti bizim təşviqat qrupumuzu qeydə almadı. Ancaq zəhmətimizin boşa getdiyi fikrində deyiləm. Həm özümüz gördük, həm Azərbaycan cəmiyyətinə və opponentlərimizə nümayiş etdirdik ki, Azərbaycanda indiki ağır şəraitdə də ortaya real nəticə qoymaq gücünə malik olan partiya var. İkincisi, imza toplanması kampaniyası dövründə bəlkə də 200-300 min seçici ilə təmasda olmaq imkanı əldə etdik və bu referendumun mahiyyəti barədə onlara izahat verdik, refendumdan sonra hansı çətinliklər gözlədikləri barədə fikirlərimizi vətəndaşların diqqətinə çatdırdıq. Seçki kampaniyası dövründə həm Müsavat, həm Milli Şura mitinqlər keçirdi. Bu mitinqlərdə minlərlə adam iştirak etdi. Sentyabrın ayın 18-də keçirlilən Müsavatın mitinq görüntülərini bir neçə saytda 100 min insan canlı izlədi. Təbii ki, mitinqdə səslənən fikirlər, mitinqin qətnaməsi barədə Azərbaycanın 100 minlərlə vətəndaşı xəbər tutdu. Biz referendumun mahiyyətini Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırdıq. Həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə nail olduq. Bundan sonra beynəlxalq birlik referndumun mahiyyəti barədə bəyanat verməyi lazım bildi. Öz müşahidələrim və topladığım informasiyalar əsasında gəldiyim nəticəyə görə, bu referendum bundan əvvəl keçirilən seçki və referendumlar sırasında vətəndaşların ən az iştirak etdiyi siyasi tədbir oldu. Bu da bir nəticədir. Azərbaycan cəmiyyəti bu yolla, refendumda iştrak etməməklə hakimiyyətin apardığı siyasətə etirazını bildirdi. Məncə, bu etirazların fəal etiraz formasına keçəcəyi gün uzaqda deyil.

- Bundan sonra da mitinqlər davam edəcək, yoxsa artıq ehtiyac görmürsünüz?

- Ölkədə gedən proseslər bizim atacağımız addımları diktə edəcək. Hakimiyyətin apardığı səhv siyasət bu fikri deməyə əsas verir ki, bundan sonra ölkədə iqtisadi böhran daha dərinləşəcək. Azərbaycan cəmiyyətində hakimiyyətin siyasətindən narazılıq daha da artacaq. Azərbaycan cəmiyyəti fəallaşacaq və belə bir məqamda kütləvi aksiyaların keçirilməsi və hakimiyyətə qarşı daha ciddi tələblərin irəli sürülməsi, ölkədə siyasi-iqtisadi islahatların keçirilməsi istiqamətində Azərbaycan hakimiyyətinin qarşısında məsələlərin qaldırılmas üçün daha münbit şərait yaranacaq. Hesab edirəm ki, 2016-cı ilin sonu 2017-ci ilin əvvəli Azərbaycanda siyasi fəallıq dövrü olacaq.

- Ölkədə hakimiyyət dəyişikliyi nə dərəcədə realdır və sizcə, buna xaqın iradəsi, yoxsa regiona marağı olan dövlətlərin dəstəyi lazımdır?

- Bu məslələrin hamısı xalqın iradəsi ilə həll ollunmalıdır. Təbii ki, beynəlxalq birlik, ölkədə demokratik seçkilərin keçirilməsi və beynəlxalq standartlara uyğun olan davranışların sərgilənməsi, fundamental insan hüquq və azadlıqlarının qorunması ilə bağlı öz münasibətini bildirə və öz tövsiyyələrini verə bilər. Ancaq nəticə etibarilə Azərbaycanda və istənilən ölkədə siyasi hakimiyyətin və siyasi proseslərin taleyi vətəndaşların əlində olmalıdır. Əgər Azərbaycanda azad və ədalətli seçkilər keçirilsə, Azərbaycan xalqı özünə layiq olan bir hakimiyyəti seçərək, Azərbaycanda fundamental siyasi və iqtisadi islahatların başlanmasına, Qarabağın işğaldan azad olunması istiqamətində real addımların atılmasına və çoxdan toplanıb qalan problemlərinin həll olunmasına nail olacaq. Mən əminəm ki, belə seçkilərin keçirilməsi çox da uzaqda deyil.

- Müxalifətin hakimiyyətə gəlməsi üçün xalqın dəstəyini yetərli hesab edirsiniz?

- Mən bütün müxalifət adına danışa bilmərəm. Müsavat Partiyası olaraq Azərbaycanda hakimiyyətə gəlməyə hazırıq. Əminəm ki, ölkədə azad və ədalətli seçkilər keçirilərsə, Müsavat Partiyası və onun nümayəndələri Azərbaycan seçicilərinin əksəriyyətinin səsini almağa nail olacaq. Ancaq digər siyasi qüvvələrin də hakimiyyətə gəlməsini, xalqın iradəsi ilə hakimiyyətin zaman- zaman dəyişməsini normal, zəruri proses kimi dəyərləndiririk. Məqsədimiz yalnız Müsavat Partiyasının hakimiyyətə gəlməsi deyil, hədəfimiz Azərbaycanda azad və ədalətli seçkilər vasitəsilə hakimiyyətin qurulmasıdır. Biz Azərbaycanda hüquqi dövlətin yaranmasını, real hakimiyyət bölgüsünün aparılmasını, real yerli özünüidarəetmə sisteminin formalaşmasını, azad bazar iqtisadiyatının, sivil demokratik bir cəmiyyətin qurulmasını istəyirk, ərazilərimizin işğaldan azad edilməsini, xalqımızın firavan yaşamasını istəyirik. Əminəm ki, Azərbaycan cəmiyyətinin əksəriyyətinin istəyi də bundan ibarətdir. Azərbaycan xalqı öz iradəsini azad ifadə etmək imkanı əldə etdikdən dərhal sonra, Azərbaycanda normal bir cəmiyyət, iqtidarın da, müxalifətin də normal fəaliyyət gösərdiyi bir siyasi sistem formalaşacaq. Indi 21-ci əsrdir, ölkədə uzun müddət bir ailənin hakmiyyətini qoruyub saxlamaq mümkün deyil, vəziyyət hökmən dəyişəcək. Azərbaycan cəmiyyəti öz hüquq və azadlıqları uğrunda daha fəal mübarizəyə başlayacaq. Mən buna əminəm. Azərbaycan tam qapalı bir cəmiyyət deyil, Azərbaycanda internet sistemi, sosial şəbəkə sistemi movcuddur. Azərbaycan vətəndaşlarının azad ölkələrə gedib-gəlmək imkanları var. Yəni Azərbaycan cəmiyyəti demokratik cəmiyyətin üstünlüklərini görür və belə bir cəmiyyətin Azərbaycanda qurulmasını arzulayır. Bunun qarşısını uzun müddət almaq mümkün olmayacaq.

Hurriyyet.org