Azərbaycanda pensiya və sosial müavinət təyinatı tam elektronlaşdırılacaq

Baxış sayı:
238

"Bu ilin sonuna qədər 19 növ müavinətin proaktiv xidmət olaraq vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur. Proaktiv xidmət odur ki, vətəndaşlardan nəinki yazılı, hətta elektron müraciətlərin daxil olmasına da ehtiyac olmur. Onun hüququ dövlət tərəfindən tanınaraq təmin olunur".

Bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazirin sözlərinə görə, bu sırada həm əlilliyə, həm yaşa, həm də ailə başçısını itirməyə görə olan müavinətlər yer alır:

"Bunların hər biri barədə ilin sonuna qədər silsiləli şəkildə məlumat veriləcək. Ümumilikdə ilin sonunadək illik 25 min müraciəti əhatə edən pensiya təyinatı və 150 min müraciəti əhatə edən sosial müavinət təyinatını tam şəkildə proaktiv xidmətlərə keçirmək fikrindəyik. Bu xidmətlər elektronlaşdırıldıqdan sonra il ərzində orta hesabla 200 minədək müraciətin proaktiv qaydada icra edilməsi təmin ediləcək".