Azərbaycanda otellər şəbəkəsi olan Türk iş adamı dələduzluqda ittiham olunur – PREZİDENTƏ ŞİKAYƏT

Baxış sayı:
6133

“Metro City” Hotelin yaradıcı işçi heyəti adından Muxalifet.az xəbər portalının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlahm Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçilər yazırlar:
“Biz, bir qrup peşəkar otel personalı Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 157 ünvanda yerləşən  yeni açılacaq “Metro City” Hotelinin təşkili və açılışı üçün dəvət edilmişdik.  Dəvət edən “Azəri Türk Hotellər” qrupunun rəhbəri olmuş Türk vətəndaşı Murad bəyin xahişilə dostu Mehmet Ayan olmuşdur. Biz hoteldə işləyəcək peşəkar personalı yığaraq, son ay yarımda gecə-gündüz çalışdıq ki, “Metro City” Hotelin bütün çatışan və çatışmayan işlərini avqustun 16-na kimi başa çatdıraq. Öz cibimizin xərcinə nəqliyyata, qidalanmaya, rabitəyə və s. müxtəlif xərcləri tələb olunan yerlərə məsrəf etməklə həvəslə işlədik ki, gələcəkdə oteldə rahat işimizi davam etdirək.
Çox təəssüflər olsun ki,  hotelin açılmasına bir gün qalmış (15 avqustda) Murad adlı şəxs “Riyad” Mühafizə şirkətinin və əvvəldən planlaşdırdığı işçi əməkdaşlarla birlikdə otelə daxil olaraq, bütün depertament rəhbərlərinə qəbuledilməz və ağır şərtlər irəli sürdü. Belə ki, personalın iş saatı yükünü 15 saata qədər artırılmasını, məvacibin 50 faiz azaldılmasını  və əvvəlcədən təlim və treyninq görmüş “peşəkar heyətin” ən azı yarısının saxlanmasını depertament rəhbərlərinə tapşırdı. Biz otel sisteminin peşəkarları olaraq belə əsassız və beş ulduz otel standartlarına cavab verməyən və yaraşmayan məntiqsiz tələbə qəti etirazımızı bildirdik. Bu zaman hər gün otelə gəlib, gördüyümüz işlərə “Allah köməyiniz olsun!” deyib bizi müşahidə edən türk vətəndaşı, lakin türkçülüyə uyğun gəlməyən Murad adlı şəxs bir anda bizi tanımadığını və bizə gördüyümüz işlərin qarşılığında heç bir borcunun olmadığını və əlində hazır kadroların olduğunu bildirərək “Riyad” əməkdaşlarına dərhal bizi (xanım və bəy qarışıq) oteldən uzaqlaşdırılmağımızı əmr etmişdir. Biz isə qarşılığında belə otel təcrübəsi kasad olan, mədəniyyəti, qabiliyyəti, savadı olmayan Murad adlı birisi ilə ümumiyyətlə bir nəfər kimi özümüzə hörmət əlaməti olaraq heç vaxt işləyə bilməyəcəyimizi bildirdik və əziyyət çəkib “Metro City” Hotelini tam hazır vəziyyətə gətirdiyimiz günlərin haqqının dərhal ödənilməsini tələb etdikdə, Murad “Sizi mən işə dəvət etməmişəm, sizi tanımıram və heçnə vermirəm” cavabını verdi. Bu cavabdan sonra biz işçi personalla “Riyad” mühafizə şirkəti əməkdaşları arasında qarşıdurma yaranmasının qarşısının alınması üçün əvvəlcə yerli polisə müraciət etməyi qərara aldıq. Lakin hoteli kor-peşman tərk etdikdən sonra, Muradın bizə qarşı törətdiyi özbaşnalığın və dələduzluğun qarşısının alınması üçün AHİK sədri olmuş cənab Səttar Mehbalıyevə bir ağsaqqal və bir ziyalı olaraq müraciət etdik ki, məsələnin həllində bizə köməklik göstərsin. Bunun üçün 17 avqust tarixində müraciət etsək də bu günədək heç bir reaksiya olmadı. Sadəcə, Murad bu müraciəti də yola vermək üçün bizi 25 avqust tarixində “Metro City” Hotelə dəvət etdi və yenə də “növbəti günlər gələrsiz” xəbərini göndərməklə bizi “süründürməçiliyə” saldı. Maraqlı burası idi ki, biz hotelə daxil olduqda şahidi olduğumuz mənzərə qarşısında şoka düşdük. Belə ki, Mədəniyyət Nazirliyinin Qiymətləndirmə Komissiyası tərəfindən 5 ulduzlu Hotel statusu alan METRO  CİTY  HOTEL-i, Murad bəyin əvvəl bizə təqdim etdiyi “peşəkar kadroları” hoteli işlətməyi bacarmadığından məcbur qalıb hansısa dönərçiyə icarəyə vermişlər. Budur, bizim standartlara cavab verən qurduğumuz otel qaydalarından əsər-əlamət qalmamışdır. Belə ki, hotel adi bir “kafe səviyyəsində” müştərilərə xidmət göstərirdi. İşçi personala aid sanuzel yox idi. İşçilər qonaqlara aid tualetdən istifadə edirlər. Hoteldəki otaqlar yalnız qonaq otağı və ofis kimi istifadə olunur. Hər tərəfdə natəmizlik, səliqəsizlik vardı, servisdən isə söhbət belə gedə bilməzdi. Çünki Muradın otelçilikdən xəbəri olmayan “peşəkar kadroları”nın bundan artıq xidmət göstərməsi qeyri-mümkündür.
Muradın əvvəldən bizə qarşı planladığı bu hərəkəti o anlama gəlir ki, bu adam bizim etibarımızdan və peşəkarlığımızdan süi-istifdə etdikdən sonra, yəni bizim qurub-yaratdığımız iş başa çatdıqdan sonra, o, öz təcrübəsiz adamlarını bizim əvəzimizə rəhbəri olduğu hotelə, bizim zəhməthaqqımızı belə vermədən təyin edib, hoteli əvvəl və indi idarə etdiyi otellərin – “Hotel 28 Baku”, ”Gorgud time”, ”Oscar”, “Riva”, “Sarg Plaza”, “Iva”, ”Old Baku” kimi hotellərin pis gününə salsın. Yəni, o, bizim etimadızdan və peşəkarlığımızdan süi-istifadə istifadə edib, sonra türkə-müsəlmana-insana yaraşmayan formada mədəniyyətsizcəsinə qovmaqla birbaşa dələduzluq etmiş və haqqımızı verməmişdir. Eyni zamanda adları sadalanan və hansısa şəxslər tərəfindən Murada həvalə edilən bu  otellərdə də xarici vətəndaşları (Türkiyə və Pakistandan olan) işə qanunsuz cəlb etməklə qul kimi işlətdiyini, vergi və gömrük rüsumlarından yayındığını, özünə layiq  təcrübəsiz işçiləri 15 saat az əməkhaqqı ilə işlətməyi nəticəsində, xidmət keyfiyyətinin aşağı düşmüşdür və hotellərin imiclərini zərbələr altına qoymuşdur. Budur, 10 günlük qısa tarix də bir daha göstərdi və sübut etdi ki, əslində Murad  Bakı şəhərində rəhbəri olduğu 15-ə yaxın hotellər qrupunun hamısını öz kasad təcrübə və səriştəsizliyi ucbatından pis günə qoymaqda davam etməkdədir. Murad isə arxalandığı vəzifəli şəxslərə güvənərək istər rəhbəri olduğu otelləri pis günə qoymaqla, istərsə də bizim gördüklərimiz iş və xidmətlərin haqqını açıq-aşkar dələduzluq edərək ödəməkdən imtina etməklə biz otel personalına qarşı maddi və mənəvi zərər vurmuşdur.
Odur ki, Cənab Prezident biz yalnız Sizə müraciət edərək xahiş edirik ki, Azərbaycanda turizm sektorunun inkişafına pul qazanmaq hərisliyi ucbatından ciddi ziyan vuran və vurmaqda davam edən “Azəri-türk hotellər” qrupunun rəhbəri olmuş, otelçilikdən xəbəri olmayan  Murad adlı xarici vətəndaşın son beş il ərzində rəhbəri olduğu otellərdəki qanunsuz fəaliyyətinin, vergidən yayınmaqla topladığı vəsaitin hansı təyinat üçün xəclədiyinin araşdırlmasına və biz işçi hotel pesonalına vurduğu maddi və mənəvi ziyanın dərhal ödənilməsi üçün aidiyyatı təşkilatlara göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk”.

Muxalifet.az

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.