Azərbaycanda növbəti devalvasiya gözləntisi

Baxış sayı: 17

Banklar dolların satışını dayandırdı; buna qədər isə ölkədə 2 gündə 370 milyon dollar satılıb

Azərbaycanın banklararası valyuta bazarında kommersiya banklarının ABŞ dollarına cari tələbatı kəskin artıb. Bunun nəticəsində Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına gündəlik dollar satışı sürətlə artır.
"Report"a bank dairələrindən bildirilib ki, ötən iki iş günü ərzində banklar cari tələbata uyğun olaraq AMB-dən 370 mln. dollar həcmində Amerika valyutası alıb. Bunun 47%-i və ya 176 mln. dolları avqustun 20-də, qalan 53%-i və yaxud 194 mln. dolları isə avqustun 21-də satılıb.
Müşahidəçilər hesab edirlər ki, dollara olan tələbatın bu şəkildə artması təsərrüfat subyektləri və s. müştərilərin müvəkkil kommersiya bankları, həmçinin fiziki şəxslərin mübadilə məntəqələri vasitəsilə milli valyutanın ABŞ dollarına konvertasiya etmək istəyi ilə bağlıdır. Bəzi hallarda nağd valyuta bazarında artmış tələbatı nəzərə alaraq mübadilə məntəqələri əsassız olaraq dolların satış məzənnəsini icazə verilən normadan daha çox artırmağa çalışır.
Qeyd edək ki, avqustun 21-də ABŞ dollarının rəsmi məzənnəsi AMB tərəfindən 1,0479 AZN/USD, avronun məzənnəsi isə 1,1814 AZN/EUR səviyyəsində müəyyənləşdirilib. Qanunvericilikdə nəzərdə tutulan marja (+/-2%) nəzərə alınarsa, mübadilə məntəqələri dolları və avronu maksimum 1,0689 AZN və 1,2050 AZN-ə sata bilər.
Qeyri-rəsmi məlumatlara görə isə, AMB şənbə günü dolların maksimal satış məzənnəsini 1,0550 AZN/USD səviyyəsində məhdudlaşdırıb.
Yeri gəlmişkən, bankların cari tələbatı ödəmək üçün AMB-dən 370 mln. dollar həcmində Amerika valyutası aldığı söylənilsə də, son günlər ölkədə tamamilə fərqli mənzərə yaranıb. Belə ki, avqustun 22-də əksər mübadilə məntəqələri səhər saatlarından dolların satışını dayandırıb. Müşahidəçilər bunu kommersiya banklarının AMB-nin bazar ertəsi, avqustun 24-ü üçün müəyyənləşdirəcəyi rəsmi məzənnələri gözləməsi ilə əlaqələndirirlər.  İddia olunur ki, bu səbəbdən bir sıra bankların filiallarına baş ofisləri tərəfindən 22.08.2015-il tarixindən bütün valyutalar üzrə satışı dayandırmaq tapşırılıb. Bir sıra banklarda isə dolların satışına limit tətbiq olunub. Tətbiqə görə, bir nəfərə yalnız 2000 dollar satılır. Dollar alan vətəndaşların şəxsiyyət vəsiqəsi alınaraq sürəti çıxarılır.
Bəzi banklar etiraf ediblər ki, dollar satışının dayandırılması həftənin Bazar ertəsindən yeni məzənnə ilə satılacağı ilə izah olunur. Bu isə son günlər bəzi ekspertlər tərəfindən irəli sürülən növbəti devalvasiya ehtimalını gündəmə daşıyır. 
Qeyd edək ki, iqtisad elmləri doktoru Qubad İbadoğlu özünün Facebook hesabında manatın nəinki 2-ci, hətta 3-cu devalvasiyasının da baş verə biləcəyini yazıb. Ekspert hesab edir ki, hazırkı daxili iqtisadi vəziyyət və mövcud xarici konyuktura inzibati qaydada tənzimlənən və valyuta ehtiyatlarının azalmasını şərtləndirən manatın məzənnəsini yaxın dövrlərdə daim təzyiqlər altında saxlayacaq: “Nə qədər ki, Mərkəzi Bank milli valyutanı bazara müdaxilə yolu ilə tənzimləyəcək, bir o qədər də manatın taleyi ilə bağlı narahatçılıq qalacaq. Odur ki, Azərbaycan manatının xilas yolu ilk növbədə valyuta bazarının və bütövlükdə iqtisadiyyatın liberallaşmasından keçir. Əks təqdirdə, əgər islahatlar aparılmayacaqsa, manatın nəinki 2-ci, hətta 3-cu devalvasiyası da baş verə bilər”.
İbadoğlu qeyd edir ki, hazırkı siyasətin davam etdirilməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının tamamilə xərclənməsinə gətirib çıxaracaq: “Bu halda həm valyuta ehtiyatlarını və həm də manatın dəyərini sürətlə itirə bilərik. Yeganə yol islahatlardan keçir, islahatların nəinki keçirilməməsi, hətta ləngidilməsi belə Azərbaycan maliyyə-bank sistemini iflasa aparacaq”.
Görünür, məhz bu səbəbdən Mərkəzi Bank növbəti devalvasiya siyasətini həyata keçirmək məcburiyyətindədir. Bu barədə məlumatlı olan banklar isə, təbii olaraq, dolların satışını dayandırmaqda maraqlıdır. O cümlədən vətəndaş da mövcud durumu təhlil edərək əlində olan milli valyutanı dollara çevirmək istəyir. Təsadüfi deyil ki, şənbə günü bankların əksəriyyəti dollar satışını dayandırdığından bəzi bankların önündə 90-cı illərin çörək növbəsini xatırladan mənzərənin şahidi olduq...

KƏNAN