AZƏRBAYCANDA NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİ GÖZLƏNİLİR

Baxış sayı:
6661

Natiq Cəfərli: "Növbədənkənar parlament seçkiləri tək qanunun yox, o cümlədən zamanın da tələbidir"

"Növbədənkənar parlament seçkiləri zamanı indiki deputatlar üçün müəyyən problemlər yaşana, seçilməyə bilərlər"

"Xalqın maraqlarını ifadə edən qüvvələrin, real müxalifətin Milli Məclisdə təmsil olunması vacibdir"

Azərbaycanda 2016-cı il 26 sentyabr tarixində keçirilmiş sonuncu referendumla Konstitusiyaya dəyişiklik edildi. Bu dəyişikliyə əsasən, prezidentə növbədənkənar seçki təyin etmək səlahiyyəti verilib. Məhz elə bu səbəbdən də 11 aprel 2018-ci il tarixdə ölkədə növbədənkənar prezident seçkiləri keçirildi.
Prezident seçkilərindən sonra cəmiyyətdə belə bir fikir formalaşıb ki, Konstitusiyaya edilmiş dəyişikliklərə əsasən, parlament seçkilərinin də vaxtı önə çəkilə bilər. Sözügedən fikri dəstəkləyənlər hesab edir ki, hazırda bunun üçün kifayət qədər əsas var.
Belə ki, prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncama əsasən, 4 deputat Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanına rəhbər təyin olunub. Daha dəqiq desək, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə, millət vəkili, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev ekologoya və təbii sərvətlər naziri vəzifəsinə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev isə "Dövlətqaçqınkom"un sədri vəzifəsinə təyinat alıb. Bu səbəbdən də Mərkəzi Seçki Komissiyası (MSK) adıçəkilən millət vəkillərinin deputatlıq səlahiyyətlərinə xitam verməlidir. Çünki Azərbaycan Konstitusiyasının 89-cu (Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinin 4-cü hissəsində deyilir ki, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.
Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, ölkənin birinci xanımı Mehriban Əliyeva Birinci vitse-prezident təyin edildiyi üçün 2017-ci ildə onun deputatlıq səlahiyyətlərinə xitam verilib. 120 saylı Cəbrayıl-Qubadlı dairəsinin deputatı Astan Şahverdiyev isə bugünlərdə qəfil ürəktutmasından dünyasını dəyişib. Bununla da hazırda parlamentdə 6 deputat yeri boş qalıb. Odur ki, həm bunu, həm də Konstitusiyaya edilmiş dəyişiklikləri, o cümlədən narazı elektoratın Milli Məclisdə öz təmsilçilərini görmək arzusunda olduğunu nəzərə aldıqda, o zaman növbədənkənar parlament seçkilərinin keçirilməsinin məqsədəmüvafiq olduğu demək mümkündür.
Lakin nədənsə deputatların bir qismi bunun əleyhinə olduqlarını bəyan edirlər. Məsələn, deputat Zahid Oruc hesab edir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsinə zərurət yoxdur: "Parlament nəyə görə növbədənkənar seçkilərə getməlidir ki?! Hətta, parlamentin yarı heyəti getsə belə, növbədənkənar seçkilərə getməyə ehtiyac olmaz. Sadəcə olaraq, boş qalan yerlərə seçkilər keçirilməlidir". Həmkarı ilə eyni mövqedən çıxış edən digər deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da erkən parlament seçkilərinin keçirilməsinə əsas olmadığını vurğulayıb: "Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hüquqi zərurət yoxdur, çünki son referendumda gerçəkləşdirilən Konstitusiya dəyişikliklərinə görə, Milli Məclisin statusunda hansısa əhəmiyyətli dəyişiklik baş verməyib, müddət də olduğu kimi qalıb. Növbədənkənar seçkilərə hansısa siyasi tələbatın olduğunu da düşünmürəm. Əlbəttə, parlament çoxluğunun qərarı ilə vaxtından əvvəl seçkilər keçirilə bilər, lakin bunun məntiqi izahının necə veriləcəyini təsəvvürə gətirə bilmirəm. Böyük ehtimalla, son təyinatlarla əlaqədar Milli Məclisə boş qalan yerlərə seçkilər keçirilə bilər. Ancaq erkən parlament seçkilərinin keçiriləcəyini güman etmirəm".
Bu arada, prezidentliyə keçmiş namizəd, ADP sədri Sərdar Cəlaloğlu isə tamam fərqli düşüncədədir. Onun fikrincə, aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərinin yeganə qanuni əsası ondan ibarətdir ki, referendum keçirilib və buna görə də yeni prezident Azərbaycan Konstitusiyasına uyğun səlahiyyətlər əldə etməlidir: "Bunun başqa heç bir izahı yoxdur. Əgər bu iqtidar növbədənkənar parlament seçkiləri keçirməsə, o zaman prezident seçkiləri ilə bağlı revanşist müxalifətin iddia etdiyi bütün ittihamların düzgün olduğunu sübut edəcək. Buna görə də mütləq növbədənkənar parlament seçkiləri keçirilməlidir. Çünki konstitusiyaya görə, parlamentin səlahiyyətləri dəyişdirilib. Bu səbəbdən də mövcud parlament bu konstitusiyaya uyğun deyil. Odur ki, əgər növbədənkənar parlament seçkiləri keçirilməsə, onda iqtidarın prezident seçkilərinin vaxtının önə çəkilməsi ilə bağlı bütün arqumentləri suya düşəcək".
ADP sədri hesab edir ki, cəmiyyətdə iqtidara qarşı böyük narazılıq dalğasının olmaması üçün Azərbaycan cəmiyyətinin, xalqın maraqlarını ifadə edən qüvvələrin, real müxalifətin Milli Məclisdə təmsil olunması vacibdir: "İndiki parlamentdə belə bir qüvvə yoxdur. Hazırkı deputatların heç biri xalqın maraqlarını müdafiə etmir. Buna görə də növbədənkənar parlament seçkiləri keçirilməli və narazı elektorat öz təmsilçisini Milli Məclisdə görməlidir. Baxın, seçkinin nəticələrinə görə, deyirlər ki, mən 3 faiz səs toplamışam. Yaxşı, mən həmin 3 faiz adamın maraqlarını harda ifadə edəcəm? Gərək parlamentə gedəm ki, həmin insanların maraqlarını ifadə edə biləm. Odur ki, bu, çox mühüm məsələdir. Əks halda, cəmiyyətdə çox ciddi konfrantasiyalar olacaq, vəziyyət pisləşməyə doğru gedəcək".
  
Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi, politoloq Natiq Cəfərli də bu qənaətdədir ki, növbədənkənar parlament seçkiləri tək qanunun yox, o cümlədən zamanın da tələbidir: "Çünki Konstitusiyaya edilən son dəyişikliklərdən sonra parlamentin buraxılmasının səlahiyyəti prezidentin sərəncamındadır. Bu, artıq indiki hökumət və prezident üçün bir təhlükəsizlik yastığı yaradır. Yəni istənilən vaxt parlamenti buraxa bilər. Odur ki, həm bunu, həm də parlamentin tərkibindəki bir hissənin artıq icra strukturuna keçdiyini nəzərə alsaq, parlamentin yenilənməsinə, cəmiyyətdə gedən diskusiyaların parlament çatısı altına keçməsinə, normal işləmək qabiliyyəti olan, diskusiya məkanı olan bir Milli Məclisə ehtiyac var. Yəni bu məsələ artıq ehtiyacdan doğur".
İndiki deputatların bəzilərinin bunun əleyhinə çıxmasını təbii qarşıladığını deyən Natiq Cəfərli hesab edir ki, növbədənkənar parlament seçkiləri zamanı onlar üçün müəyyən problemlər yaşana bilər: "Hazırkı deputatların hələ iki il səlahiyyət müddəti var. Növbədənkənar parlament seçkiləri isə onların səlahiyyət müddətinin öncədən xətm olunması deməkdir. Ümumiyyətlə, növbədənkənar parlament seçkiləri zamanı onlar üçün müəyyən problemlər yaşana, növbəti dəfə seçilməyə bilərlər. Buna görə də bu məsələnin əleyhinə çıxırlar. Lakin artıq Azərbaycanda sistemdaxili gərginlik, cəmiyyətdə olan gərginlik özünü diskusiya müstəvisində biruzə verməlidir. Bunun üçün isə ən yaxşı məkan parlamentdir. Yəni müxtəlif fikirli insanların, siyasi təşkilatların seçkilər yolu ilə parlamentə düşməsi və parlament çatısı altında diskusiyaların aparılması, əslində hökumətin özü, o cümlədən cəmiyyətdəki gərginliyin azaldılması üçün də çox yaxşı hal olardı. İndiki sərt vertikal prezident üsul idarəsinə söykənən sistemdə artıq parlamentə ayrılan yer də dəyişməlidir. Yəni parlament sırf qanunvericilik təşəbbüsü ilə məşğul olaraq bir debat, diskusiya mərkəzinə çevrilməlidir. İndi isə Milli Məclisdə qəbul olunan qanunların və qanun dəyişikliklərinin 96-97 faizinin müəllifi prezidentdir. Həmin qanun layihələri prezidentin adı ilə təqdim olunur. Bu isə indiki parlamentin öz funksiyalarını yerinə yetirə bilməyən bir qruma çevrildiyinin ən bariz nümunəsidir. Ona görə də əgər parlament seçkiləri köhnə qayda ilə keçiriləcəksə, heç nə dəyişməyəcək. Yox, əgər parlament seçkilərində normal siyasi mübarizə aparıb öz fikirləri və dünya görüşü ilə rəqabətli şəkildə normal seçkilər keçirilib cəmiyyətin müxtəlif kəsimlərinin Milli Məclisdə təmsilçiliyi yaranacaqsa, bu, ölkəmizin gələcək inkişafı üçün çox yaxşı hal ola bilər"./Hurriyyet/