Azərbaycanda müharibədən də dəhşətli “qırğın” – İNTİHAR OLAYLARI KRİTİK HƏDDİ AŞIB

Baxış sayı:
3624

Son günlər ölkədə intihar halları yenidən artıb. İntihar olayları ilə bağlı dəfələrlə yazılsa da, heç bir nəticə vermir. İnsanların psixoloji böhran yaşadığı aydın görünür. Respublika Toksikologiya Mərkəzində apardığımız araşdırmanın nəticəsi isə bu sahədəki vəziyyətin daha acınacaqlı olduğunu ortaya qoyur. Belə ki, əldə etdiyimiz məlumata əsasən, hər gün 20 nəfərə yaxın şəxs ağır zəhərlənmə dioqnozu ilə bu Mərkəzə gətirilir və həmin xəstələrin çoxu qadındır. Üstəlik, son vaxtlar ağır halda xəstəxanaya gətirilən insanların ölüm halları da artmaqdadır. Zəhərlənmə faktları mətbuatdan kənarda qalsa da, ölkədə son günlər özünü qatarın altına, dənizə atan, yüksəklidən atılaraq canına qıyan, o cümlədən özünü asan insanların çoxluğu mətbuatın gündəmindədir. Ən azından hər gün 5-6 nəfərin intihar xəbəri yayılır ki, bu da sanki ölkədə müharibə dönəmini xatırladır. Hətta öz həyatına qəsd edən insanların sayı müharibədə həlak olan vətəndaşlarımızın sayını da ötüb. Sözsüz ki, bu xəbərlərin yayılması intihar hallarının çoxalmasına xidmət edir. Amma indi elə bir dövrdəyik ki, informasiya axınının qarşısını almaq mümkün deyil. Bir KİV orqanı intihar halları ilə bağlı xəbər verməsə də, digəri buna əməl etməyəcək. Sadəcə, bu tip xəbərlərin şişirdilmiş şəkildə təqdim olunması düzgün deyil. Əslində, sosial şəbəkələr, xüsusən də ölkəmizdə geniş yayılan “feysbuk”da paylaşılan statuslar da insanların depressiyaya düşməsinin səbəblərindən biridir. “Kimi dindirsən depresiyadayam, deyir” İntiharların artması ilə bağlı açıqlama verən həkim Vaqif Qarayev Muxalifet.az-a bildirdi ki, vətəndaşlarımızın öz canına qıymasında depressiyanın payı təxminən 80 faizdir: “İndi bu sözü hamı bilir. Kimi dindirsən “depresiyadayam”, deyir. Əslində, depressiya ciddi problemdir”. “Xəstə şikayətini həkimə etməlidir, sosial şəbəkədə olan insanlara yox” V.Qarayev “feysbukda” paylaşılan statuslardan narazılığını da ifadə etdi: ““Qızdırmadan yanıram”, “qulağım ağrıyır”, “öskürək amanımı kəsdi”, “xarabada həkim yoxdur ki, müraciət edəm”, “filankəsim ağır xəstədir, dua edin”, “filankəsimi itirdim”, “bu gün filankəsimin qırxıdı, ilidi” bu tipli paylaşımlar hər gün “feysbukda” paylaşılır. Bu tipli paylaşımlar psixo-emosional sferası labil olan adamlarda depressiya yarada bilərmi və ya depressiyani ağırlaşdıra bilərmi? Əlbəttə, yarada bilər, yaradır da. Xəstə şikayətini həkimə etməlidir, sosial şəbəkədə olan insanlara yox. Kədər, faciə yaşayan doğmaları ilə bölüşməlidir, “feysbukda” yox. Ona görə də insanın əsəbini sakitləşdirən faydalı məlumatlar paylaşmaq vacibdir”. “Kifayət qədər güclü, yüksək intellektli insanlar intihar edirlər” V.Qarayevin fikrincə, intihar olayları təkcə iradəsi zəif olanların edəcəyi əməl deyil: “Kifayət qədər fiziki baxımdan güclü, yüksək intellektli insanlar intihar ediblər, edirlər. Hər kəsin, xüsusən də yeniyetmələrin və gənclərin probleminə fərdi yanaşılmalıdır. İnsanları dinləmək lazımdır. Aqressiya depressiyanı dərinləşdirəcək. Onları cəmiyyətdən təcrid edəcək, sonunda da məlumdur ki, intihar edəcək”. “İntihar hadısələrinin mediada davamlı işıqlandırılması başqalarını da intihara təhrik edir” Qarayev onu da nəzərə çatdırdı ki, psixiatriyada Verter effekti deyilən bir şey var: “Yəni intihar hadısələrinin mediada davamlı işıqlandırılması başqalarını da intihara təhrik edir. Xəbər başlıqları şiddət saçır. Bu tip xəbərlərin paylaşılmasında saytlar elə bil yarışa giriblər. Bu barədə müxtəlif ölkələrdə kifayət qədər misallar var. Ona görə, intihar edənləri qınamayaq, qəhrəman kimi də təqdim etməyək. Biliyi, qabiliyyəti olanlar hadisə baş verənə qədər yardım etsə, edə bilsə, belə hadisələr azalacaq”. Şamo EMİN, Muxalifet.az