Azərbaycanda məhbusların sayı kifayət qədər çoxdur - Vəkil

Vəkil Cavad Cavadov "Amerikanın Səsi"nə müsahibəsində Azərbaycanda məhbusların sayı, həbs qərarlarının artması və Avropa təcrübəsindən danışıb.
 
- Azərbaycanda hər yüz min nəfərə neçə məhbus düşür? Bu rəqəmi Avropa ölkələri ilə müqayisə etmək mümkündürmü?
Məhbusların sayı üzrə indeks ölkədəki məhbusların sayına görə yox, əhalinin hər yüz min məfərinə düşən məhbusların sayına görə götürülür. 2016-ci ilin Azərbaycan üçün statistik rəqəmləri dəqiq bəllidir. 2016-cı ildə ölkədə 23 311 nəfər məhbus olub. Azərbaycanda əhalinin hər yüz min nəfərinə 239 məhbus düşüb. Bu rəqəmlərlə biz məhbus sayının çoxluğuna görə Avropada 5-ci, dünyada 12-ci yerdəyik. Ümumən baxanda bizdə məhbusların sayı kifayət qədər çoxdur. Bu rəqəmlər yüksəkdir. Müqayisə üçün deyək ki, Avropada birinci beşlikdəyik və 3-cü yerdə Türkiyədir. Türkiyə 2016-cı ildə 3-cü yeri tutub. Orada kütləvi həbslər 2016-cı ilin iyunundakı məlum hadisələrlə bağlı olub.
- Son illərdə cəzaların yüngülləşdirilməsi ilə bağlı bir sıra sənədlər imzalanıb. Bu səndələr məhbsuların sayının azalmasına kömək edirmi?
Azərbaycanda ümumi məhkum olunan şəxslərə azadlıqdan məhrumetmə növündə təyin olunan cəzaların artma tendensiyası müşahidə olunur. 1993-cü ildən başlayaraq bu tendensiya artan xətt üzrə davam edir. Bu kifayət qədər narahetdidici rəqəmdir. Bu rəqəmləri müqayisə etmişəm. 1993-cü ildə ümumi məhkum olunan şəxslərin 38 faizi azadlıqdan məhrumetmə cəzasına məhkum olunubsa, artıq 2016-cı ildə bu rəqəm 57 faizə çatıb. Bu onunla bağlıdır ki, əvvəllər alternativ cəzalar daha çox təyin olunurdu və azadlığın məhdudlaşdırılması növündə cəza mövcud idi. Sonradan o cəza növü Cinayət Məcəlləsindən çıxarıldı. Bu yaxınlarda parlamentə təqdim olunmuş Cinayət Məcəlləsinin 300 maddəsinə olan dəyişikliklər artıq bundan sonra, deməyə əsas verir ki, məhbusların sayında ciddi azalma müşahidə olunacaq. Çünki orada alternativ cəzaların tətbiqi və yüngülləşdirmələr nəzərdə tutulur. Amma, ümumən Azərbaycanda bu vəziyyətin yaranmasına səbəb həm də odur ki, məhkəməyə qədər təyin olunan həbs qətimkan tədbirləri geniş vüsət alıb. Yəni məhkəmələr alternativ qəti imkan tədbiri təyin etmirlər. Misal üçün, girov qətimkan tədbiri Azərbaycanda ümumiyyətlə tətbiq olunmur. Bu da istintaq, məhkmə dövründə istintaq təcridxanalarının həddindən artıq dolması ilə nəticələnir. Müqayisə üçün deyək ki, qonşu Gürcüstanda Mixeil Saakaşvili 2004-cü ildə hakimiyyətə gəldikdən sonra Amerikada Anqlo-Sakson sistemində mövcud olan müdafiə tərəfi ilə ittiham tərəfinin anlaşma sistemini ilk olaraq qanunvericilik aktlarından biri kimi təqdim etdi. Bundan sonra azadlıqdan məhrumetmə növündə cəzalar deyil, ona alternativ cəzaların tətbiqi geniş vüsət aldı. Beləliklə, Gürcüstanda məhbusların sayı azalmağa başladı. Bizdə də yeni qanunvericilik aktı (Milli Məclis oktyabrın 31-də Cinayət Məcəlləsinə 300-dək dəyişikliyi nəzərdə tutan qanun qəbul edib-red) qüvvəyə minəndən sonra şərtsiz olaraq məhbusların sayı azalacaq. Son illər bizdə tendensiya cinayət qanunvericiliyinin sərtləşməsinə doğru gedirdi. Bu, axırıncı dəyişiklik də təbii ki, kifayət deyil. Amma, yenə də sevindirici bir haldır ki, cinayət qanunvericiliyinin humanistləşdirilməsinə doğru müəyyən addım atılıb.
- Dediyiniz kimi, bir sıra ölkələrdə ittiham tərəfi ilə günahlandırılan tərəf arasında məhkəməyədək razılaşma olur. Bununla da bir çox işlərin məhkəmə perspektivinə son qoyulur. Bu sahədə Azərbaycanda vəziyyət necədir?
Bizdə təəssüf ki, belə bir institut yoxdur. Amma, hətta qonşu Gürcüstanı qoyaq bir yana, Rusiyada belə bu sistem var. Orada da ittiham tərəfi ilə müdafiə tərəfinin anlaşması institutu mövcuddur. Təbii ki, bizdə də bu institut tətbiq olunsa idi, yaxşı olardı. Amma, həmin institutun tətbiq olunması real olmalıdır, yəni həqiqi olmalıdır. Bunun üçün ilk növbədə ədalətli hüquq mühafizə sistemi qurulmalıdır və bu, görünüş üçün olmamalıdır. Həqiqi siyasi iradə tələb edən bir islahatdır. Bunun üçün ciddi siyasi iradə tələb olunur. Bu Azərbaycanda həqiqətdə real olaraq tətbiq olunsa çox yaxşı hal olardı.
- Azərbaycanda cəzaların yüngülləşdirilməsi, həbs qərarlarının azaldılması üçün hansı nəzəri və hüquqi addımlar atılmalıdır?
- İlk növbədə Cinayət Məcəlləsində cinayət hesab olunan bir çox maddələr dekriminallaşdırılmalıdır. Misal üçün, son illər biz gözləyirdik böhtan və təhqirə görə cinayət Cinayət Məcəlləsindən çıxarılacaq, ancaq buna əlavə tövsifedici əlamətlər əlavə olundu, cəzalar daha da sərtləşdirildi. Yaxud, dini ayinlərin icrası ilə bağlı 168.1 maddəsi əlavə olundu. Təbii ki, bu maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır. Bundan əlavə, vaxtından əvvəl həbsdən azad olunma institutu sadələşdirilməlidir. Bütün bunlardan əlavə, ilk növbədə əsassız cinayət məsuliyyətinə cəlb etmə halları aradan qaldırılmalıdır.
- Bəs Andlılar Məhkəməsi?
Andlılar Məhkəməsi Azərbaycanda mövcud olub. Lakin, Cinayət Prossesual Məcəllə 2000-ci ildə qəbul olunanda onun qüvvəsi dayandırılıb. Qonşu ölkələrdə Andlılar Məhkəməsi mövcuddur. Hətta, yaxşı örnək olmayan Rusiyada bu institut var, işləyir. Amma, Azərbaycan reallığında bu institutu inkişaf etdirmək istəmədilər. Yenə də bu institut həqiqi ədalət mühakiməsi çərçivəsində mövcud olsa kifayət qədər işlək bir qurum olar.