“Azərbaycanda “Lalə dövrü”nün başlayacağına ümid edə bilərik” – SƏRDAR CƏLALOĞLU

 “Mehriban xanımın birinci vitse-prezident gətirilməsini Azərbaycanın təhlükəsizliyi baxımından çox vacib hesab edirəm”
 
“Heydər Əliyev Fondu əslində “paralel dövlət” kimi mövcud olub”

 
Prezident İlham Əliyevin birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsi, heç şübhəsiz, hazırda ölkə gündəminin başlıca mövzusudur. Hətta bu təyinat qısa zamanda bir çox xarici ölkə mətbuatının da diqqətini cəlb edib. Əlbəttə, Mehriban xanımın birinci vitse-prezident vəzifəsinə gətirilməsi hakimiyyət daxilində gözlənilən idi. Bəs müxalifət necə, M.Əliyevanın bu posta təyin olunacağını gözləyirdi? Bu və digər suallara ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
 
- Sərdar bəy, Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsini gözləyirdiniz?
 
- Əslində, gözlənilməz bir hadisə deyildi. Bu, Mehriban xanımın Azərbaycan dövlətində, Azərbaycan cəmiyyətində faktiki iştirakının təsdiq olunmasından başqa bir şey deyil. Yəni bu günə qədər Mehriban xanım vitse-prezidentə indi verilmiş səlahiyyətlərdən faktiki olaraq istifadə edib. Bunun aydın nümunələrindən biri Azərbaycanda keçirilən çox ciddi beynəlxalq tədbirlərdə nazirlərin Mehriban xanımın rəhbərliyinə verilməsi və uzun müddət onun rəhbərliyi altından fəaliyyət göstərməsidir. Yəni istər “Eurovision”, istər Avropa Oyunları, istər də İslam Oyunları ilə bağlı Azərbaycanda yaradılan komitəyə Mehriban xanımın rəhbərlik etməsini misal göstərmək olar. Bilirsiniz ki, Konstitusiyaya görə, Azərbaycanda nazirlər baş nazirə və prezidentə tabedir. Əgər bu nazirlər müəyyən müddətə, keçici olsa da, baş nazirin tabeçiliyindən alınıb, prezidentin yox, başqa bir şəxsin nəzarətinə verilibsə, bu o deməkdir ki, həmin adam baş nazirlə prezidentin arasında, orta bir statusa malik olub. Hansı ki, istər “Eurovision”, istər Avropa Oyunları, istər də İslam Oyunlarının təşkili ilə bağlı komitə yaradılıb və Azərbaycanın bir çox mühüm nazirliklərinin rəhbərləri Mehriban xanıma tabe etdirilib. Bu, faktiki olaraq Mehriban xanımın vitse-prezident statusuna, yəni baş nazirdən yüksək, prezidentdən aşağı bir statusa malik olmasının dəlili idi. Bunu heç kəs başqa cür izah edə bilməz...
 
- Belə desək, Mehriban xanımın qeyri-rəsmi səlahiyyətləri sadəcə rəsmiləşdirildi...
 
- Bəli. Çünki dünyanın heç bir ölkəsində bir naziri, yəni dövləti təmsil edən bir adamı dövlətdə təmsil olunmayan bir adamın rəhbərliyinə vermirlər. Dünyda belə bir şey yoxdur. Ona görə ki, bu adam dövlətin adından çıxış edir. Əslində, bu adam dövlətin heç bir vəzifəsində işləmirsə, heç vaxt gəlib dövlət işçisinin üzərində rəhbər ola bilməz. Rəhbər olubsa, bu o deməkdir ki, qeyri-rəsmi şəkildə rəhbər kimi qəbul olunub. Sadəcə, İlham Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda qeyri-rəsmi olaraq ikinci şəxs olan Mehriban xanımın indi bu statusu rəsmiləşdirilib.
Bu təyinat təkcə Azərbaycanda keçirilən oyunlarla bağlı deyil. Bu, həm də Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlıdır. Əgər biz Heydər Əliyev Fondunun binasına baxsaq, görərik ki, bu bina Prezident Administrasiyası böyüklükdə, Nazirlər Kabinetindən isə böyükdür. Bu binaların da ölçüləri onların funksiyaları ilə bağlıdır. Bu baxımdan, əgər biz Heydər Əliyev Fondunun Prezident Administrasiyası boyda bir binada yerləşdiyini nəzərə alsaq, onda Heydər Əliyev Fondunun fəaliyyətinin də Prezident Administrasiyasının fəaliyyətinə uyğun olduğunu qəbul etməliyik...
 
- Demək istəyirsiniz ki, bu günə qədər Azərbaycanda Prezident Administrasiyasına paralel olaraq, ikinci bir idarəedici qurum mövcud olub?
 
- Yəni, əslində Azərbaycanda bir “paralel dövlət” mövcud olub. Heydər Əliyev Fondu həm xarici diplomatiya, həm xarici əlaqələr sahəsində fəaliyyət göstərib. İlham Əliyev çıxışında Mehriban xanımın Azərbaycanda gördüyü işlərdən də danışdı. Məsələn, Təhsil Nazirliyindən çox məktəb tikib, təmir edib. Səhiyyə Nazirliyindən çox xəstəxana tikib, təmir edib. Mədəniyyət Nazirliyindən çox mədəniyyət işləri görüb. Hətta Heydər Əliyev Fondu Ekologiya Nazirliyindən çox ekoloji işlər görüb. Dünyanın heç bir ölkəsində heç bir fond dövlətin rəsmi strukturları ilə rəqabət apara, ən azı, dövlətin rəsmi strukturlarından daha çox iş görə bilməz. Amma, bunu gizlətmək lazım deyil ki, Heydər Əliyev Fondu Azərbaycanda bir çox nazirliklərdən daha çox fəaliyyət göstərib. Bu da onu göstərir ki, qeyri-rəsmi bir təşkilat olsa da, Heydər Əliyev Fondu əslində “paralel dövlət” kimi mövcud olub. Yəni, həm xarici əlaqələrin yaradılması, həm daxildə görülən işlərin həcmi, həm də faktiki olaraq ölkənin siyasi həyatına yön verməsi göstərir ki, bu fond Azərbaycanda “paralel dövlət” hakimiyyətini həyata keçirib. Tutaq ki, maliyyə resurslarının paylanılmasında, kadrların müəyyən edilməsində və s. məsələlərdə pərdə arxasında da olsa, müəyyən rol oynayıb. Bu da Azərbaycanda hakimiyyət daxilində çox ciddi problemləri meydana çıxarıb.
 
- Hansı problemləri nəzərdə tutursunuz?
 
- Məsələn, 2009-cu ildə keçirilən referendumda yeganə məqsəd o idi ki, Mehriban xanımın prezidentliyə yolu bağlansın. Bilirsiniz ki, o vaxt İlham Əliyevin üçüncü dəfə prezident seçilmək şansı yox idi. Mehriban xanımın tərəfdarları böyük bir partiya yaratdılar və yadınıza gəlirsə, o vaxt onun prezident olması ilə bağlı açıq kampaniya başladı. Bu zaman Mehriban xanımı hakimiyyətə buraxmaq istəməyən qüvvələr, belə deyək, “X KLAN” Mehriban xanımın yolunu kəsmək üçün İlham Əliyevin yolunu genişləndirdilər. Bunun üçün də referendum keçirdilər. Referendum yolu ilə İlham Əliyevin iki dəfədən artıq seçilmə məhdudiyyətini aradan qaldırdılar. Yəni müvəqqəti olaraq Mehriban xanımın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün İlham Əliyevi üçüncü dəfə ölkəyə prezident gətirdilər.
Mehriban xanımın birinci vitse-prezident təyin edilməsi isə, artıq onun prezident postuna gedişi kimi qəbul edilməlidir. Azərbaycanda son bir neçə ildə gedən proseslər, eləcə də kadr dəyişiklikləri, kadrların qarşılıqlı ifşa olunması heç də təsadüf deyildi. Hansı ki, bir dəfə bu klanın nümayəndəsi olan nazirin, komitə sədrinin, rektorun və s. fəaliyyəti, evi-eşiyi, əmlakı ifşa olundu, ondan bir həftə keçmədi, o biri klana aid olan nazirin əmlakı açıqlandı. Bütün bunlar göstərirdi ki, Azərbaycanda Mehriban xanım və onun tərəfdarlarının rəsmi olaraq hakimiyyətdən kənarda qalması rəsmən hakimiyyətdə olan qüvvələr tərəfindən açıq-açığına gizli rəqabət meydana gətirmişdi. Bu gizli rəqabətin ən təhlükəli əlamətlərindən biri regionlarda iğtişaşların təşkil edilməsi idi. Qubada, İsmayıllıda, Mingəçevirdə və s. digər rayonlarda ki, guya, kortəbii iğtişaşlar vardı. O iğtişaşların hamısını təhlil edəndə, aydın olur ki, bunlar hakimiyyətdə olan müəyyən klanlar, qruplar tərəfindən təşkil olunmuşdu, bir-birinin kadrını vurmaq, bir-birinin mövqeyini zəiflətmək məqsədi güdürdü. O cümlədən Eldar Mahmudovun ifşa olunması, ondan qabaq və sonra da ayrı-ayrı məmurların, bank direktorlarının, iri biznes strukturlarının nümayəndələrinin qalxıb-enməsi Azərbaycan hakimiyyətində klanlararası münaqişənin çox ciddi səbəblərindən biri idi. Hansı ki, bu klanların həm də ölkədən kənarda uzantıları var. Bir klan İran, Rusiyadan dəstək alır, digər klan Avropadan, yəhudilərdən. Heç təsadüfi deyil ki, Eldar Mahmudov daha çox yəhudilərlə əlaqədə ittiham edilir...
 
- Hakimiyyət daxilindəki klanların savaşı Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasından sonra da davam edəcəkmi?
 
- İlham Əliyev belə bir söz işlədib ki, “Mehriban erası başlayır”. Yəni Mehriban xanımın həyatında yeni bir era başlayır. Əslində, mən bunu Türkiyənin “Lalə dövrü” ilə əlaqələndirirəm. O “Lalə dövrü” Osmanlı İmperiyasının Avropaya açılması, mədəniyyətin, iqtisadiyyatın inkişafı dövrü oldu. Belə ki, ilk dəfə Türkiyədə zavod-fabriklər tikməyə başladılar, ilk dəfə mətbəə, Türkiyəyə Avropayönümlü tikinti mədəniyyəti gətirildi. O cümlədən, “Lələ dövrü”ndə Türkiyədə mədəniyyət xüsusi olaraq inkişaf etdi. Mehriban xanımın UNESKO-da, Heydər Əliyev Fondundakı fəaliyyətini də nəzərə alsaq, Mehriban xanımın hakimiyyəti dövründə, Azərbaycanda “Lalə dövrü”nün başlayacağına ümid edə bilərik.
Əslində, mən Mehriban xanımın vitse-prezident gətirilməsini Azərbaycanın təhlükəsizliyi baxımından çox vacib hesab edirəm. Çünki, nə qədər ki, Mehriban xanım hakimiyyətə buraxılmırdı, onun qarşısında böyük bir maneə vardı, klanlararası münaqişə Azərbaycan dövlətini çox ciddi surətdə təhdid edirdi. Hamı bilr ki, hakimiyyət daxilində gizli mübarizə gedirdi. Hətta, açığını deyim ki, biz həmişə diplomatik korpuslarla, xarici ölkə nümayəndələri ilə görüşəndə, Azərbaycanda klanlararası münaqişə ilə bağlı da müəyyən fikir mübadiləsi aparırdıq. Ki, klanlar hansı addımları atır, hansı işləri görür və s. Yəni Azərbaycanı nəzarətə almaq və yaxud hakimiyyət üzərində müəyyən basqı yaratmaq baxımından, bu klanlar arasında gedən gizli münaqişə Azərbaycana çox baha başa gəlirdi. Artıq bu gizlilik dövrü başa çatdı. Artıq “paralel dövlət”, və yaxud ən azı gizli idarəetmə aradan qalxdı. İndi Mehriban xanım vitse-prezident olaraq öz kadrlarını açıq şəkildə yerləşdirə, özünün siyasi mövqeyini açıq şəkildə ifadə edə bilər. Əks tərəf də eynilə. Burada bir təhlükəli cəhət nədir – klanlarası balansın pozulması. Müəyyən bir tərəf ki, uzun müddətdir Mehriban xanımın hakimiyyətə gəlməsinə müqavimət göstərirdi, onların fəaliyyəti çox ciddi problemlərə səbəb ola bilər. Əgər proseslər tənzim olunsa, bu Azərbaycanı gizli inkişaf edən bəlalardan qurtarar. Ümumilikdə isə, Mehriban xanımın aşkar şəkildə hakimiyyətə gətirilməsi Azərbaycanı o gizli dövrdə müşahidə edilən problemlərdən xilas edir...
 
- Hesab edirsiniz ki, “X KLANI” Mehriban xanımın vitse-prezident təyin edilməsi ilə barışmaya bilər?

 
(Ardı var)
Anar HƏSƏNLİ, Hurriyyet.org