Azərbaycanda kimlərin maaşı və nə qədər artacaq? - VƏTƏNDAŞLARI DÜŞÜNDÜRƏN 5 SUALA CAVAB

Baxış sayı:
16726

Azərbaycanda sentyabrın 1-dən 950 minədək işçinin minimum maaşı artırılacaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatından bəlli olur. Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamla büdcədən maliyyələşən bir sıra təşkilatlarda aylıq maaşın aşağı həddi 250 manat səviyyəsinə çatdırılıb. Əməkhaqları artırılan işçilərin 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir, rəsmi mənbələrdə deyilir. Hazırda minimum aylıq maaşın məbləği 180 manatdır. Bundan əvvəl prezidentin 2019-cu il fevralın 8-də imzaladığı sərəncamla minimum əmək haqqı 130 manatdan 180 manata artırılmışdı. O sərəncamla artım 600 minədək insanı əhatə etmişdi. Əmək haqqı artımı kimlərə aiddir? Ötən gün verilən təxminən 17 sərəncamda Mərkəzi Seçki Komissiyasının üzvləri, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi, Dövlət Gömrük Komitəsi, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşları, dövlət qulluqçusu olmayan mülki işçiləri, eləcə də büdcədən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşlarının orta hesabla 40 faiz artırılması qeyd olunur. Bundan başqa, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları sentyabrın 1-dən etibarən orta hesabla 20 faiz artırılır. Maaş artımı nəyin hesabına baş tutur? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlayıb ki, artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 1 milyard 20 milyon manat, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 318 milyon manat əlavə vəsait ayrılacaq. Azərbaycanda maaş göstəricilərinin regionda "çox aşağı" olduğunu bildirən iqtisadi təhlilçi Natiq Cəfərli düşünür ki, Azərbaycanda iki devalvasiya və manatın xeyli dəyər itirməsindən sonra əməkhaqqı artımına ehtiyac var idi. Lakin bu artımların "göstərilməyən mənbələri" təhlilçidə suallar yaradır. "Prezident sərəncamında mənbə göstərilmir və hazırki dövlət büdcəsində sözügedən artımlar nəzərə alınmadığı üçün bu məsələlər barədə suallar ortaya çıxır", təhlilçi iddia edir. Natiq Cəfərli qeyd edir ki, bu artımların maliyyə yükünü ödəyə bilmək üçün iki yol var, ya büdcəyə gəlirlər artırılmalı, ya da da büdcədən hansısa xərclər kəsilməlidir. İqtisadçı deyir ki, Azərbaycanda ən çox büdcə vəsaiti təhlükəsizlik, ordu quruculuğu və hüquq-mühafizə orqanlarına ayrılsa da, ölkənin təhlükəsizlik məsələsi olduğuna görə hökumətin bu sahədə kəsintilərə gedəcəyini düşünmür. O hesab edir ki, kəsintilərin aparıla biləcəyi ən asan sahə təmir-tikinti işləri və böyük layihələrdir, lakin burada da bəzi problemlər ortaya çıxır. "Təmir-tikinti işlərinə və böyük layihələrə il ərzində təxminən 7 milyard manata yaxın pul ayrılır. Problem odur ki, ilin ortasına çatdığımız üçün bu layihələr artıq başlayıb və kəsilsə, yarımçıq qalacaq. Bu layihələrin maliyyələşməsi dayandırılsa isə işsizlik yarana bilər". Cənab Cəfərli söyləyir ki, bu il vergi və gömrükdə rəsmiləşdirmədə ciddiləşdirmə səbəbi ilə Azərbaycan büdcəsinə daxilolmaların artacağı gözlənilir, lakin bu mənbələr kifayət etməyə bilər. İqtisadi təhlilçi Qadir İbrahimli hesab edir ki, "maaşların artırılmasını iqtisadiyyatın leqallaşdırılması hesabına aparmaq olar". "Azərbaycan hökuməti iqtisadiyyatın qismən də olsa leqallaşdırılması barədə qərar qəbul edib və bu ilk növbədə vergi-uçot sisteminin dəqiqləşdirilməsi, vergidən kənar qalan sahələri, gömrükdə dəqiqləşdirmə işlərinə aid edilib. Bu ilin birinci rübünün nəticələrinə görə, vergi ödəmələri ötən illə müqayisədə təxminən 500 milyon manat çox toplanılıb. Bu mənbələr hesabına sosial layihələri maliyyələşdirmək, maaşları, təqaüdləri artırmaq olar". Cənab İbrahimli söyləyir ki, əhalinin gəlirlərinin artması biznes strukturlarının daha yaxşı işləməsinə gətirib çıxaracaq. "Daha çox gəliri olan əhali daha çox alış-veriş edir, daha çox xidmətlərdən istifadə edir. Bu da büdcə daxilolmalarının artımına gətirib çıxaracaq. Bu baxımdan hökumət daha cəsarətli qərarlar qəbul etsə yaxşıdır". Maaşlara yönəldiləcək maliyyənin mənbəyini yaxın günlərdə Milli Məclis təyin edəcək. Bu barədə BBC News Azərbaycancaya danışan deputat Vahid Əhmədov deyir ki, maaşların artırılması ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsinə yenidən baxılacaq. "Əlavə vəsaitlər var. İndi görək hansı vəsaitlər hesabına nəzərdə tutulub? Prezidentin bu ilin yanvar ayından apardığı köklü islahatlar nəticəsində təxminən 3 milyard manata yaxın əlavə vəsait xərclənir. Bu xərclərin hara və hansı maddələrə daxil ediləcəyi yaxın günlərdə bilinəcək", parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü qeyd edir. Maaşların artımı bazarlara təsir edəcəkmi? Təhlilçilər deyirlər ki, maaş artımı qiymətlərin artımına, bu isə inflyasiyaya və devalvasiyaya səbəb ola bilər. "Bazara əlavə pul kütləsi daxil olduqca təklif artmırsa, ölkə daxilində istehsalın artımı ciddi templərlə getmirsə, təlabat isə dəyişmirsə, bu, inflyasiyanı yaradacaq əsas faktora çevriləcək", Natiq Cəfərli deyir. Onun sözlərinə görə, yay mövsümünə nisbətdə noyabrdan sonra Azərbaycanda ənənəvi olaraq hər şeyin qiyməti qalxır. "İlin sonunda Azərbaycanda ciddi inflyasiya göstəricilərinin olması ehtimalı çox yüksəkdir. Devalvasiyanın olması bir müddət sonra qaçınılmaz olacaq." Hökumət həmin ərəfədə inflyasiyaya qarşı tədbirlər həyata keçirməlidir, Qadir İbrahimli BBC News Azərbaycancaya deyir. "Hökumət haqsız rəqabətə, bəzi monopolist mövqeli şirkətlərin süni qiymət artımına imkan verməməli, rəqabət mühitini gücləndirməlidir. Belə olanda minimal inflyasiya, təxminən 2-3 faiz inflyasiya ola bilər". Millət vəkili Vahid Əhmədov deyir ki, "istənilən maaş artımı bazarda müəyyən qiymətlərə öz təsirini göstərir". "Maaş artımından sonra bazarda qiymət artımı bizim elə bil ki, xalqın adət-ənənəsidir. Qiymət artımı iki cür olur, obyektiv və subyektiv. Çalışmaq lazımdır ki, subyektiv qiymət artımı olmasın". Vahid Əhmədov qiymət artımının "ciddi olacağını" düşünmədiyini deyir" "Ümumiyyətlə devalvasiya gözləmirəm, inflyasiya, qiymət artımı isə müəyyən qədər ola bilər, amma bunun da qarşısı alınmalıdır ki, ciddi olmasın". Sahibkarların hansı xərcləri artır? Natiq Cəfərli deyir ki, VÖEN-lə çalışan sahibkarların Sosial Müdafiə Fonduna ödənişləri minimum əməkhaqqının məbləğinə bağlıdır, yəni, minimum əməkhaqqının artması onların ödənişlərini də artırır. "Azərbaycanda VÖEN-lə çalışan, qeydiyyatdan keçmiş insanların rəsmi sayı 800 min olsa da, real çalışanların sayı bunun yarısı qədərdir. Minimum əməkhaqqı 250 manatadək artırsa, sahibkarların vergi yükü də artacaq. Hökumətin rəsmi dairələri deyir ki, Sosial Müdafiə Fonduna ödənişlər gələcəkdə həmin şəxslərə təqaüd şəklində geri dönəcək və buna görə hökumət bunu bir vergi kimi görmür". Qadir İbrahimli sahibkarların sığorta ödənişlərinin artmasını "böyük yük" hesab etmir. "İqtisadiyyatda gəlirlərin bölüşdürülməsi prinsipi var, yəni hökumət lazım olanda bir sosial qrupdan toplamaqla digər sosial qrupun problemlərini həll edir. Həmin sahibkarlar 250 manat əməkhaqqı alan insanlardan daha pis vəziyyətdə deyillər. Onların hər ay 36 manat yox, 50 manat ödəməsini, yəni 14 manat artımı böyük hesab etmirəm". Bəs, pensiyalar? Prezident İlham Əliyevin təşəbbüsü ilə pensiyaların minimum məbləğinin 25 faiz artırılması barədə qanun layihəsi Milli Məclisə təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirib ki, pensiyaların minimum məbləğinin 2019-cu ilin il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması nəzərdə tutulur. İqtisadi təhlilçi Natiq Cəfərli hesab edir ki, artımın həcmi "Azərbaycan reallığı və həyat şəraitinə uyğun deyil". "Təqaüdlərin həcmi indikindən azı 50 faiz artıq olmalıdır. Təqaüdçünün günə heç olmasa 10 manat gəliri olmalıdır ki, minimum ehtiyaclarını ödəsin. Azərbaycanda yaşayış minimumu yeni beynəlxalq qaydalarla hesablanmalı və ən azı 300 manat olmalıdır. Təqaüd və əməkhaqqı da ona uyğunlaşdırılmalıdır". İqtisadi təhlilçi Qadir İbrahimli pensiyaların 200 manatadək artırılmasını "normal və real hesab edir". "Pensiyalar ən az minimum yaşayış həddi qədər olmalıdır. Daha yaxşı olar ki, pensiyalar indiki səviyyədən 25-30 faiz yüksək olsun. Bu baxımdan 200 manata çatdırılmasını normal və real hesab edirəm". Millət vəkili Vahid Əhmədov pensiya artımını "labüd" hesab edir. "Minimum əməkhaqqının 180 manatdan birbaşa 250 manata qaldırılması çox ciddi addımdır. Maaşların artması da pensiyalara təsir göstərir. Buna görə də, pensiya artımı labüddür". Bu il minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə etməlidir. Artımın tətbiq edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 54 milyon manat əlavə vəsait tələb olunur.