“Azərbaycanda kifayət qədər iş yerləri olsa da, minlərlə yeni iş yeri açılacaq...” - Nazir

Baxış sayı:
2383

İqtisadiyyat naziri Şahin Mustafayev ölkədə yeni istifadəyə veriləcək obyektlərlə bağlı məlumat verib.

"Azərbaycan" qəzetində böyük məqalə ilə çıxış edən nazir ölkədə qeyri-ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan xalqının milli mədəniyyətinin tarixində özünəməxsus yer tutan xalçaçılıq, ipəkçilik və digər ənənəvi sənaye sahələrinin inkişafına böyük diqqət göstərildiyini bildirib: 

"Hazırda xalçaçılığın və ipəkçiliyin inkişafına dair dövlət proqramları uğurla icra olunur. Dövlət başçısının tapşırığına uyğun olaraq, xalçaçılığın inkişafı məqsədilə 11 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi davam etdirilir. 2019-cu ildə daha 9 xalça emalatxanasının, 3 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin tikintisi həyata keçiriləcək ki, bununla da emalatxanaların sayı 30-a, məntəqələrin sayı 8-ə çatdırılacaq.

Azərbaycanda qeyri-neft sektorunun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq, eləcə də regionlarda kənd təsərrüfatı ilə yanaşı, sənaye sahəsində çalışmaq istəyənlərin maraqlarının təmin edilməsi məqsədilə sənaye parkları və məhəllələri yaradılır. Artıq Azərbaycanda kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları fəaliyyət göstərir. Bu sənaye parklarının 40-dan çox rezidenti var və onlar tərəfindən indiyədək 2,7 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Növbəti mərhələdə 1 milyard dollaradək investisiya qoyuluşu və 7000-dək yeni iş yerinin açılması nəzərdə tutulub. Sənaye parklarında fəaliyyət göstərən müəssisələrdə tanker və gəmilər, elektron təhsil avadanlıqları, metal konstruksiyalar, maşınqayırma avadanlıqları, polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar, polipropilen, pestisidlər, müxtəlif növ sürtkü yağları, xortum və fitinq birləşmələri, kabellər, polimer məmulatlar, texniki qazlar, alüminium və plastik profillər, pambıq iplikləri və s. istehsal edilir. Hazırda sənaye parklarında tikintisi davam edən 6 sənaye müəssisəsinin 2018-ci ilin sonunadək, digərlərinin isə növbəti illərdə istismara verilməsi nəzərdə tutulur. Parkın rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, "Made in Azerbaijan" brendi ilə xarici ölkələrə ixrac edilir. Bu yaxınlarda Sumqayıt Kimya Sənaye Parkının daha bir rezidenti - "SOCAR Polymer" MMC ixraca başlayıb. Müəssisə 2018-ci ilin sonunadək 15 min ton polipropilenin xarici ölkələrə ixracını planlaşdırır".

İqtisadiyyat naziri əlavə edib ki, sənaye parklarının rezidentləri üçün dövlət tərəfindən əlverişli infrastruktur yaradılıb və bir sıra güzəştlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azaddır: "Sənaye parklarında rezidentlərin qeydiyyatı "bir pəncərə" sistemi ilə həyata keçirilir ki, bu da sahibkarların daha operativ və rahat fəaliyyətinin təşkilini təmin edir. Bundan başqa, sənaye parklarında sahibkarlara hər cür təşkilati dəstək, o cümlədən onların sorğularının cavablandırılması, müxtəlif sektorlar üzrə investisiya imkanlarının araşdırılması, investisiya layihələri haqqında məlumatların təqdim edilməsi kimi xidmətlər göstərilir.

Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Bu məqsədlə dövlət başçısının müvafiq sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələri yaradılıb. Artıq Neftçala və Masallı sənaye məhəllələri sahibkarların istifadəsinə verilib.

Azərbaycanda ilk sənaye məhəlləsi olan və 2017-ci ildən fəaliyyət göstərən Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Sənaye Məhəlləsində ümumilikdə 500-ə yaxın iş yeri yaradılıb. Sahibkarlar tərəfindən Sənaye Məhəlləsinə böyük maraq göstərilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcəkdir.

Bu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Masallı Sənaye Məhəlləsi istifadəyə verilib. İlk mərhələdə mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5,23 mln. manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri yaradılıb.

Hazırda Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri tamamlanmaq üzrədir və bu ilin sonunadək başa çatdırılacaqdır. Sənaye Məhəlləsində ümumi dəyəri 44 milyon manat olan 7 layihənin icrası nəticəsində 870-dən çox yeni iş yeri yaradılması nəzərdə tutulur. Bu layihələr ağır maşınqayırma, xüsusi vaqonqayırma və kompozit materialları, plastik su qabları və tara, avtomobil, tikinti materiallarının istehsalı avadanlıqlarının istehsalı sahələrini əhatə edir.

Sabirabad Sənaye Məhəlləsində isə tikinti işlərinə başlanılıb. Məhəllənin 2019-cu ildə sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur. Sənaye Məhəlləsində yun tədarükü, tikinti materiallarının, orqanik gübrələrin, müxtəlif avadanlıqların əyləc sistemlərinin istehsalı, kənd təsərrüfatı məhsullarının və işlənmiş təkərlərin emalı sahələrində layihələr həyata keçiriləcəkdir".