​“Azərbaycanda jurnalistlərə qarşı amansız rəftar, həbslər və zorakılıq hadisələri məni çox narahat edir" - ATƏT NÜMAYƏNDƏSİ

Baxış sayı:
2914

Bu gün ATƏT-in KİV  azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir dünən axşam Bakıda MSK-nın önündə keçirilən etiraz aksiyası zamanı jurnalistlərə qarşı amansız rəftar, həbslər və zorakılıq hadisələrinə görə təəssüfləndiyini bildirib.
“İctimai etirazı işıqlandıran jurnalistlərə qarşı hüquq-mühafizə orqanlarının amansız rəftarı,  həbslər və zorakılıq hadisələri məni çox narahat edir. Bu, xüsusilə yolverilməzdir, çünki jurnalistlər qanunvericilik orqanına seçkilərin nəticələri ilə bağlı ictimai maraq kəsb edən hadisələri işıqlandırıblar”, - A.Dezir əlavə edib.
Məlumatlara görə, ştatdankənar əməkdaş kimi fəaliyyət göstərən və ya müxtəlif kütləvi informasiya vasitələrində, o cümlədən “Amerikanın səsi” (“Amerikanın səsi” radiosunun Azərbaycan xidməti), “Azadlıq” radiosu (RFE / RL Azərbaycan xidməti) və “Meydan” TV-də çalışan ən azı 8 jurnalist  2020-ci il fevralın 11-də Bakıda etiraz aksiyası dağıdılarkən hüquq-mühafizə orqanları nümayəndələri tərəfindən amansız rəftara, saxlanmaya və hücuma məruz qalıb.
A.Dezir “Bastainfo.com” onlayn- platformanın redaktoru Mustafa Hacıbəylinin döyülməsi, jurnalist Aynur Elgünəsin başından zərbə alması, jurnalist Sevinc Vaqifqızının üzündən zərbə və əlindən xəsarət alması barədə məlumatları xüsusilə qeyd edib.
“Mən hakimiyyəti bu hadisələri operativ araşdırmağa, günahkarların hamısını məsuliyyətə cəlb etməyə və zərərçəkənlərə müvafiq müdafiə vasitələri təqdim etməyə çağırıram”, - A.Dezir deyib. “Kütləvi informasiya vasitələri ictimai tədbirləri işıqlandırmaq hüququna malikdir, hüquq-mühafizə orqanları isə  hər zaman jurnalistlərin azadlıq və təhlükəsizlik hüququna hörmətlə yanaşmalı və müdafiə etməlidir”, - o vurğulayıb./Turan