​“Azərbaycanda işsizliyin səviyyəsi hətta bir sıra Avropa ölkələrindən aşağıdır” – DEPUTAT

Baxış sayı:
2806

"Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan regionların sosial-iqtisadi inkişafı üzrə proqramlar özünü tamamilə doğrultdu".
 
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində son 15 ildə Azərbaycan iqtisadiyyatı yüksək dinamika ilə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, valyuta ehtiyatlarımız isə 24 dəfə artıb.
Muxalifet.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
 
A.Hüseynov bildirib ki, Azərbaycan iqtisadi inkişaf tempinə görə dünya miqyasında rekord göstəriciyə malikdir: "Ötən 15 il ərzində Azərbaycanın valyuta ehtiyatları 24 dəfə artaraq 45 milyard dollara çatıb, ixrac 4,7 dəfə, sənaye istehsalı 2,6 dəfə artıb, 2 milyon yeni iş yeri yaradılıb".
 
Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin yorulmaz fəaliyyəti nəticəsində 15 ildə ardıcıl olaraq həyata keçirilmiş tədbirlər, icra edilmiş proqramlar sayəsində əhalinin aztəminatlı təbəqəsinin ümumi əhali nisbətində xüsusi çəkisi azalıb, yoxsulluq 49 faizdən 5 faizə düşüb: "Son 15 ildə əhalinin sayı 1,6 milyon nəfər artsa da, işsizliyin statistikasında azalan temp saxlanılıb. Hazırda Azərbaycanda işsizliyin səviyyəsi hətta bir sıra Avropa ölkələrindən aşağıdır. Bu onu deməyə əsas verir ki, Azərbaycanda həyata keçirilən iqtisadi strategiya çox düzgündür və birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları özünü tamamilə doğrultdu. Xüsusilə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılıb".
 
O əlavə edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı yürüdülən siyasət ötən illər ərzində ölkə iqtisadiyyatının şaxələnməsinə, qeyri-neft sektorunun inkişafına möhkəm zəmin yaradıb: "Ümumilikdə, regionların inkişafı strategiyasının başlanmasından indiyədək 1 milyon 300 mindən artıq iş yeri açılıb, onlardan təxminən 1 milyonu daimi iş yeridir. Regionların inkişafı ilə bağlı strategiyanın davam etdirilməsi bölgələrdə işsizliyin səviyyəsinin azalmasına mühüm təsir göstərib".
 
A.Hüseynov qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın modernləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlara yaradılan münbit şərait beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir: "Dünya Bankının son "Doing Business" hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerdədir. Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlardan belə yüksək qiymət alması eyni zamanda ölkəmizə yeni investisiyaların cəlb edilməsinə şərait yaradır".