AZƏRBAYCANDA İSLAHATLARA QARŞI BİRLƏŞƏN MƏMURLAR – Nazir Əbülfəs Qarayev istefaya göndərilsə də, onun kadrları hələ də iş başındadır

Baxış sayı:
617

Mədəniyyət Nazirliyində kök salmış “NUMİNİSM” konsepsiyasına dayanıqlı şəkildə əski Misir fironlarının sərgilədiyi ierotpoik sakral sistemi gücləndirmək üçün bütün iriçəkili məmurlar hərəkətə keçiblər.
Bu, “şəxsiyyətəpərəslik” xəstəliyinin ideoloji strategiyası şəklində kulta çevrilmənin düsturuna pərçimlənibdir. Ona görə də, 2018-ci ilin aprel ayından ölkəmizdə başlanılan islahatlar faktiki olaraq əyləc dilemması ilə üz-üzə qalıb. Mədəniyət Nazirliyində DTX, Baş Prokurorluq, Vergilər və Maliyyə nazirlikləri, Audit Palatası, Korrupsiyaya qarşı Mübarizə İdarəsi və digər rəsmi dövlət orqanları tərəfindən aparılan istintaq işləri də bir qədər kölgədə qalıbdır. Nazirlikdə həbs olunanların dışında kimsəyə toxunulumayıb. Teatrların direktorları, regional mədəniyyət idarələrinin müdirləri hələ də tutduqları vəzifədə qalıblar. Ən adi musiqi məktəbində dövlət əmlakını dağıtmaq halları təsdiq olunubsa, deməli onları idarə edən yuxarı instansiyaların rəhbələri azından vəzifələrindən uzaqlaşdırılmalıdırlar. Min dəfələrlə təəssüflər olsun, nazirlikdə və onun strukturlarında uzun illərdir yuva salmış “ÇETELƏR”, mədəniyyət feodalları-quldurları müşahidərlərimizə görə, son günlər toparlanaraq öz mövqelərini qorumaq üçün bir araya gəliblər.

Uyumusuz “regional mədəniyyət idarələri” və mafiya sistemi ilə idarəetmə 

29 mart 2016-cı ildə yaradılan “Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi sərəncam”ı Azərbaycan mədəniyyətinin tapdaqlar altına alınmasına xidmət edən bir anlayışa çevrildi. Regional mədəniyyət idarələrinin rəhbərləri hər ay mədəniyyət nazirliyinə onminlərlə manat rüşvət ödədiklərini etiraf etsələr də, onlar vəzifələrinin  icrasını hələ də davam edirlər. Kino sektorundakı korrupsiya ilə bağlı aşkarlanan yetintilər də istintaqa gün kimi aydındır. Ancaq bu sektorda çalışan sorumlular bir araya gələrək qondarma şəkildə “Kino Şurası” adlı qurum yaradıblar.
Regional mədəniyyət idarələri faktiki olaraq, Azərbaycan Ana Yasasının qanunlarına qarşı formalaşdırılıbdır. Nazirlik tərəfindən yaradılan Bakı, Sumqayıt (Abşeron, Xızı, Zəngilan, Qubadlı, Şuşa), Xaçmaz (Quba, Qusar, Şabran, Siyəzən), İsmayıllı (Ağsu, Şamaxı, Qobustan, Qəbələ), Şəki (Oğuz, Qax, Zaqatala, Balakən), Kürdəmir (İmişli, Füzuli, Beyləqan, Xocavənd), Ağstafa (Qazax, Tovuz), Şəmkir (Göy-Göl, Daşkəsən, Gədəbəy), Gəncə (Naftalan, Samux, Xocalı, Kəlbəcər), Bərdə (Yevlax, Mingəçevir, Tərtər), Ağdaş (Ucar, Zərdab, Göyçay), Ağcabədi (Ağdam, Laçın),  Sabirabad (Şirvan, Saatlı, Hacıqabul), Biləsuvar (Salyan, Neftçala, Cəbrayıl), Masallı (Yardımlı, Cəlilabad), Lənkəran (Astara, Lerik) regional mədəniyyət idarələrinin mənzərəsi bunu isbat edən ən mühüm fakt olaraq qalır.
Əslində regional mərkəz statusları belə olmalıdır:
Şuşa (Xankəndi, Xocalı, Laçın, Qubadlı, Ağdam,), Füzuli (Zəngilan, Xocavənd, Cəbrayıl), Beyləqan (Saatlı, Sabirabad, İmişli), Bərdə (Ağcabədi, Goranboy, Ağdaş),
Mingəçevir (Tərtər, Yevlax, Naftalan), Gəncə (Samux, Göy-Göl, Daşkəsən, Şəmkir),
Qazax (Gədəbəy, Ağstafa, Tovuz, Gədəbəy), Şəki (Qax, Zaqatala, Balakən, Oğuz),
Şamaxı (Qəbələ, İsmayıllı, Ağsu, Qobustan), Göyçay (Kürdəmir, Ucar, Hacıqabul),
Salyan (Neftçala, Şirvan, Biləsuvar), Quba (Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzən),
Lənkəran (Masallı, Cəlilabad, Yardımlı, Lerik, Astara), ayrıca şəhər statusuna malik  Bakı, Sumqayıt və Abşeron regional mədəniyyət idarələri olmalıdır. Bundan əlavə Naxçıvan Muxtar Respublikası nazirliyin regional mədəniyyət qurumu kimi heç qeydə alınmayıb. Köhnə struktur dolayı yolla Qarabağın unutdurulmasına hesablanmış “Beşinci Kalon” siyasətinin dərin hədəflərinin strategiyası olaraq görülür. İndiki halda heç nə olmamış kimi köhnə strukturun başında duranlar mövqelərini qorumaq üçün islahatlara qarşı dirənişlər nümayiş etdirirlər.

Teatr direktorlarının səssizliyinin arxa baxçası

29 dekabr 2006-cı ildə ölkə prezidenti İlham Əiiyevin imzası ilə 92 maddədən və 7 fəsildən ibarət №222 – IIIQ saylı “Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu” təsdiq olunub. Bu qanun müstəqil dövlətçiliyimizin tarixində teatr sənəti ilə bağlı qəbul edilmiş ilk addımdır. Bunun ardınca prezident humanizm göstərərək 18 may 2009-cu il tarixdə Azərbaycan Teatrı 2009-2019-cu illərdə “Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 21 maddədən ibarət №277 saylı sərəncam imzalayıb. Bu qanunlar faktiki olaraq milli teatrımızın inkişafı istiqamətində mühüm addımlardan biri hesab olunur. Ancaq bu qanunların heç bir maddəsində qeyd olunmayıb ki, teatrların birbaşa rəhbəri direktorlar çetesidir. Mədəniyyət Nazirliyi 14 ildir bu qanunsuz əməllərlə məşğuldur. Bu, öncələr yazılarımızda qeyd etdiyimiz kimi əslində keçmiş Sovetlər Birliyi dönəmindən miras qalmış bu anlayış durğunluq illərinin mirası olan idarəetmə sisteminin yaşadılmasıdır. İnzibati amirlik metodundan savayı heç nə bilməyən keçmiş nazir Əbülfəs Qarayev ona görə də mədəniyyətimizi çökdürən durğunluq sistemini tətbiq etmişdi. O, özü kimilərini nazirliyin irili-xırdalı bütün vəzifələrə toplamışdı. Nazir istefaya göndərilsə də, onun kadrları hələ də iş başındadırlar. Əndrəbadi “direktor teatrı” siyasəti elə bu fakta görə davam edir. Teatr aləmində nə qədər istedadsız aktyor və rejissor varsa, onlar Əbülfəs Qarayev və onun teatr siyasətinin başında duran “İncəsənət İdarəsi”nin rəisi İsmayıl Hüseynovun sayəsində teatrlarda direktor vəzifələrini məngirləyiblər. Tutduqları mövqelərindən bir addım da olsa geri çəkilmək fikrində deyillər. Ona görə biz dönə-dönə qeyd edirik ki, ölkədə baş verən islahatlara qarşı teatr aləmində məhz “direktorlar çetesi” dirəniş göstərir. Çünki, teatrlarda səhnəyə qoyulan hər tamaşa onların gizli gəlir mənbəyidir. Tamaşaların hazırlanması üçün nazirlik və ya teatrın öz daxili imkanları sayəsində ayrılan onminlərlə manat “direktor teatrı” siyasətinin rüşvət və korrupsiya mənbəyi deməkdir.
Bizi ən çox rahatsız edən başlıca faktor ölkəmizdə ilk dəfə olaraq, “məmur oliqarxiya” idarəetmə sisteminə qarşı prezident səviyyəsində aparılan mübarizə və islahatların yanında duran bir nəfər də olsun mədəniyyət xadiminin olmamasıdır. Halbuki, onların hamısı dövlətin hesabına xalq artisti fəxri adını, çoxsaylı mənzillər, orden və medallar alıblar. Bu azmış kimi, övladları üçün imkanlar əldə ediblər. Onların arasında neçə-neçə rejissor, dramaturq, bəstəkar, rəssam və aktyorlar var. Halbuki, milli teatrımızı  bataqlığa yuvarladan və “direktor teatrı” ilə mübarizə aparmaqla mədəniyətimizin bu sahəsində yaranmış problemləri həll etmək çox asandır.

Fırtınadan öncəki səssizliyin bəlirsizliyi

Mədəniyyət nazirliyinin qanunla formalaşmış strukturları qismində “İncəsənət”, “Muzey işi və mədəni sərvətlərə nəzarət”, “Kinematoqrafiya”, “Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı”, “Kitab dövriyyəsi və nəşriyyatlarla iş”, “Regional siyasət”, “Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf”, “Dövlət qulluğu və kadr məsələləri”, “İqtisadiyyat və planlaşdırma”, “Maliyyə və uçot”, “Hüquq və daxili nəzarət”, “Elmi tədqiqatlar” və digər idarə və şöbələri mövcuddur. Fikrimizcə, bu strukturlar tamamilə dəyişməlidir. Kompleks şəkildə Azərbaycan mədəniyyət nazirliyi “Kreml”in, yəni “Beşinci Kalon” düşüncə sistemindən uzaq tutulması üçün inkişaf etmiş dövlətlərin təcrübəsindən faydalanmalıdır. Onu da qeyd etmək gərəkdir ki, bu sahədə Azərbaycanda yetərincə peşəkar kadrlar var. Azacıq onlara şərait və imkan yaratmaqla XX yüzilin ilk çağlarında öz intibahı ilə bütün Türk Dünyasının, eləcə də Şərq aləminin dərin heyrətinə səbəb olan, Azərbaycan mədəniyyətinin coğrafiyasının sərhədlərinin ən üstün səviyyədə qəbul edilməsi prosesini yeniləmək olar.
Bu gün, min dəfələrlə təəssüflər olsun ki, mədəniyyət sahəsindəki səssizliyin dolayı yolla səbəbi neçə illərdir ən mühüm vəzifələri məngirləmiş məmurlar ordusunun, yəni “mədəniyyət feodalları”nın mövqelərini qorumaq üçün ölkədə baş verən islahat  və digər proseslərə qarşı birləşməsi ilə müşahidə olunur. Əslində onların bir rəssam kimi tablosunu cızmalı olsaq, görərik ki, bu rəzil feodallar nə qədər qorxaq olsalar da bir o qədər də qorxaqdırlar. Sadəcə kadr islahatları adı altında onları bu sahədən uzaq tutmaq yetər. Onların indiki səssizliyinin başqa bir səbəbi isə, fürsət gözləmələri ilə bağlıdır.
Milli mədəniyyətimizin bu feodallar tərəfindən uzun illərdir deformasiyaya uğradılması sonucu olaraq, bu gün bizlər tariximizin ən ağır dövrünü yaşayırıq. Mədəniyyətimizin rekonstruksiya olunması üçün onun somatik konsepsiyası çox vacibdir. Bunun nəzəri – metodik əsaslarını hazırlamaqla mövcud sorunlarımızı çox asanlıqla çözə bilərik.
Bu sahədə funksional keyfiyyətləri önə çəkməklə yenidən təşkilatlanma sayəsində  prosesləri zənginləşdirmək mümkündür. Mədəniyyət sahəsi üzrə ixtisaslı kadrların peşə və menecer-texnoloq düsturunun ən üstün səviyyəyə qaldırılmasının maddi-texniki əsaslarının hüquq və vəzifələrinə dəstək olmaqla istənilən uğuru əldə etmək çox asandır.
Bu gün mədəniyyətimizin bütün sahələrində mövcud olan səssizliyin başqa bir yönü yeni “mədəniyyət feodalları” zümrəsinin yaranması təhlükəsinin gündəmə gəlməsidir. Ona görə də cəmiyyətin sinergetik enerjisnin bütün qatlarını nəzərə alaraq, islahatlar aparılmalıdır. Mədəniyyəti “TOP” və ya “POP” təfəkkürünə yuvarlatmaq onun məhvi deməkdir. Əbülfəs Qarayev və onun komandasını təşkil edən “Beşinci Kalon” bu konseptlə Azərbaycan mədəniyyətini neçə illərdir çökdürmək siyasətini yürüdürdülər.
İndiki məqamda bu səssizliyə son qoyulması üçün, bütün peşəkar sənət xadimlərinin aparılan islahatların yanında yer alması bu günün vacib şərtlərindən biridir.

Ənvər BÖRÜSOY, sənətşünas