AZƏRBAYCANDA İSLAHATLAR YAP-DAN BAŞLAMALIDIR - Partiya sədrlərindən açıqlama

Baxış sayı:
3226

Seçki saxtakarlıqlarının arxasında hakim partiyanın uzun illərdir dəyişməyən simaları dayanır...

Sərdar Cəlaloğlu: “Bu seçkilər İlham Əliyevin iradəsinə zidd keçirilib”

Əli Əliyev: “Bu hakimiyyətin islahat aparmaq niyyəti yoxdur”

Ölkədə bir çox qanunsuzluqların, o cümlədən də seçkidə baş verən saxtakarlıqların arxasında hakim Yeni Azərbaycan Partiyası (YAP) dayanır. Təsadüfi deyil ki, sonuncu seçkilərdə özünü buraxan deputatların böyük əksəriyyəti yenidən YAP-ın siyahısına salındı. Əslində, bu, o deməkdir ki, hakim partiya prezidentin islahatlarına “çidar” vurur. Bu baxımdan nə qədər ki, Yeni Azərbaycan Partiyası hakimiyyətdə yekdil söz sahibidri, Azərbaycanda heç bir islahatdan söhbət gedə bilıməz. Odur ki, prezident İlham Əliyev islahatlara ilk növbədə YAP-dan başlamalı, ya hakim partiya tamamilə yenilənməli, ya da köhnə zehniyyətə alternativ bir partiya formalaşdırmalıdır ki, bütün islahatlar yeni yaradılan təşkilatın üzərində qurulsun.

Maraqlıdır, müxalif partiya sədrləri bu haqda nə düşünür?

 “Yeni Azərbaycan Partiyasının nəyi hakim partiya olur?”

Картинки по запросу "Sərdar Cəlaloğlu"

“Hürriyyət”in sualını cavablandıran Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu dedi ki, bu seçkilərdə formal olaraq Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülmüş şəxslərin əksəriyyəti o dairədə bitərəflərə uduzdu: “Məsələn, bizim dairəmizdə Yeni Azərbaycan Partiyasının nümayəndəsi vardı, amma orada Ülvi seçildi. Yəni belə çıxır ki, ən böyük məğlubiyyətə uğrayan Yeni Azərbaycan Partiyasıdır. Halbuki, hakim partiyadır, bitərəflərə uduzdu. Yəni seçki saxtakarlığını o qədər ağılsız, düşüncəsiz həyata keçiriblər ki, bunun nəticələrinin nə olacağını, analitiklərin buna necə qiymət verəcəyini nəzərə almayıblar. Deyirsən ki, mən ölkədə ən güclü partiyayam. Faktiki olaraq sən bir bitərəfə uduzursan. Sənin nəyin güclü oldu? Ülvinin heç bir partiyası, təşkilatı yox, həm guya, Yeni Azərbaycan Partiyasını, həm Müsavat Partiyasının sədrini, həm də Azərbaycan Demokrat Partiyasının sədrini udub. Bunların gülünc saxtakarlığının məntiqi nəticəsi budur. Vacib deyil ki, burada 2 bülleteni kimin xeyrinə atıblar, ya Ülvi orada pul paylayıb, ya tutaq ki, “meşok”la ora bülleten töküblər. Seçkinin nəticəsi odur ki, bir dairədən iki partiyanın sədrini,  hakim partiyanın da siyahısında olan bir şəxsi bitərəf gəlib udubdur. Yeni Azərbaycan Partiyasının nəyi hakim partiya olur?”

“Azərbaycanın Milli Məclisi Rusiya Dumasının Azərbaycandakı filialıdır”

S.Cəlaloğlunun sözlərinə görə, əslinədə, Azərbaycanın Milli Məclisi Rusiya Dumasının ölkəmizdəki fililalıdır: “Orada 30 ildir ki, dəyişməyən tərkib var. O tərkibin hamısı Rusiyanın buradakı maraqlarını müdafiə edən insanlardır. Bunu başqa cür gizlətməyin heç bir mənası yoxdur ki. Rus liderləri açıq şəkildə özləri deyir ki, keçmiş SSRİ respublikaları demokratiyaya doğru inkişaf etsələr də, Qərbə inteqrasiya etsələr də, tək bir Azərbaycan Rusiyanın köləliyində qalacaq. Bunu açıq şəkildə deyirlər və bunun əsas gücü, qüvvəti parlamentdədir. Bu Parlamentin 90%-i bu günə qədər 30 ildir dəyişməyib. Bu dəyişməyən qüvvələrin hamısı Rusiyanın maraqlarını müdafiə edən adamlardır. Orada bir nəfər təzə adam - Razi Nurullayev - var. Razi Nurullayev da seçkidən qabaq məqalə yazıb, Rusiyanın maraqlarını müdafiə edən bir məqalədir. Seçkidən qabaq Qüdrət Həsənquliyev bəyanat verir ki, biz mütləq Rusiyanın bütün şərtlərini qəbul etməliyik. Seçkidən qabaq digər bir seçiləcək adam Rusiya ilə bağlı bəyanat verir. Heç kəs Türkiyənin qardaşlığı, Avropaya inteqrasiya, Azərbaycan xalqının problemlərinin həlli, Qarabağın azad olması haqqında ağzını açıb danışmır. Ancaq danışdıqları Rusiya ilə əməkdaşlıq, Rusiyanın şərtlərini yerinə yetirmək, onun istədiklərini etmək, “Rusiyadan qopmağın bizə fəlakət olacağını” deməkdir. Bunun da hamısı göstərir ki, Azərbaycanda Milli Məclis yoxdur və Rusiya Dumasının Azərbaycandakı regional silahıdır. Bu parlamentin yeganə  məqsədi Azərbaycanı Qərbə inteqrasiyadan saxlamaq, Rusiyanın təsiri altında saxlamaq və Azərbaycan xalqına qarşı genosid siyasəti aparmaqdan ibarətdir”.

“Parlamentin böyük çoxluğu Rusiyanın nəzarəti altında olan adamlardır”

“Yeni Azərbaycan Partiyasının siyahısında verilən adamlar, yəni Rusiyanın buradakı adamları hamısı “uddular”.  Yəni saxtalaşdırmaları onların xeyrinə etdilər. Burada söhbət yarışdan getmir, təyinatdan gedir. Təyin olunan insanların da böyük əksəriyyəti 30 ildir eyni adamlardır. 30 ildir Azərbaycan Avropaya inteqrasiya etmir. 30 ildir Azərbaycan xalqı hər cür zülmə məruz qalır. Qarabağ 30 ildir işğaldan azad olunur. 30 ildir Azərbaycan Rusiyanın yanındadır. Bunlar hamısı bir-birinə bərabərdir. Parlament seçkilərinin saxtalaşdırılması Avropya inteqrasiyanın dayanması, Rusiyanın köləliyində qalması, Azərbaycan xalqına qarşı genosid siyasətinin aparılması, Dağlıq Qarabağın işğaldan azad olunmamasına bərabərdir. Bütün bu şeylər zəncirvari bir-biri ilə bağlıdır. Bu seçkilərdə Rusiyanın verdiyi siyahı əsasında Rusiyanın maraqlarını müdafiə edən adamlar böyük çoxluqdur. Oraya 5-3 nəfər elə-belə, Mehriban xanımın adamlarını buraxıblar. Parlamentin böyük çoxluğu, yəni 50+1-i Rusiyanın nəzarəti altında olan adamlardır”, - deyə partiya sədri əlavə etdi.

“Müstəqilliyimizin, süverenliyimizin əleyhinə olan qüvvələrdən təşkil olunmuş bir parlamentdir”

S. Cəlaloğlu xatırlatdı ki, Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş nümayəndəsi İlham İsmayıl Azərbaycanda 1 milyona yaxın adamın müxtəlif dövrlərdə Rusiyanın kəşfiyyat orqanlarından pul aldığını deyib: “Yəni Rusiyanın xeyrinə işləyirlər. İndi gör, parlamentdə onların neçəsi təmsil olunur. Yəni Rusiyanın rezidentləri, maraqlarını müdafiə edən, Azərbaycan dövlətinin əleyhinə iş aparan adamlarların hamısı gedib parlamentdə oturub. Necə ki, Prezident Aparatına nəzarəti təmin edirlər, eləcə də parlamentin böyük əksəriyyəti Azərbaycan qanunlarının-qaydalarının elə verilməsinə çalışır ki, Azərbaycan Rusiyanın köləliyindən qurtarmasın. Bu, bizim müstəqilliyimizin, süverenliyimizin əleyhinə olan qüvvələrdən təşkil olunmuş bir parlamentdir”.

“Yeni Azərbaycan Partiyası yoxdur ki...”

 “Yeni Azərbaycan Partiyasından kim seçilib ki? Tutaq ki, Qüdrət Həsənquliyevdir, Ülvi Quliyevdir, bunlar bitərəf adamlardır. Bunların Yeni Azərbaycan partiyasına nə aidiyyatı var? Bitərəf kimi namizədliklərini veriblər, gedib parlamentdə oturublar, guya, Yeni Azərbaycan Partiyasını udublar. Yeni Azərbaycan Partiyası yoxdur ki. Bu seçkilər İlham Əliyevin iradəsinə ziddi keçirilən seçkilərdir. Mən səmimi şəkildə inanırdım ki, İlham Əliyev həqiqətən də əvvəlkilərdən fərqli, demirəm demokratik, yarım-demokratik seçki keçirməyi planlaşdırır. Ona görə, Qərbə ürəkaçıqlığı ilə deyirdi ki, gəlin, müşahidə edin, baxın, necə seçkilər keçirəcəyik. Amma Rusiya və Azərbaycandakı Rusiyanın maraqlarını müdafiə edən adamlar birmənalı şəkildə, 180% Qərblə Azərbaycan arasında münasibətləri korlayan, Azərbaycanı növbəti dəfə Qərbdən uzaqlaşdıran seçki saxtakarlığı ortalığa qoymaqla sübut etdilər ki, Azərbaycanda Jirinovskinin dediyi ağıllı insanları var, onlar heç vaxt qoymayacaq ki, Azərbaycan xalqı müstəqil olsun, Azərbaycan dövləti suveren olsun, Qarabağ Azərbaycana qayıtsın, Azərbaycan xalqının problemləri həll olsun, vəssalam. Bu parlament seçkilərinin siyasi mesajı bundan ibarətdir. Nə YAP belə gəldi, elə getdi. Azərbaycanda YAP adında partiya var? Guya 700 min üzvü var, Azərbaycanın ən nəhəng partiyasıdır. Televiziya debatlarına çıxmaqdan qorxurlar. Axı, hansı YAP-dan söhbət gedir? Və həmin YAP elə Ülvi Quliyevə uduzdu. Həmin YAP filan dairədə Rusiyanın maraqlarını müdafiə edən Qüdrət Həsənquliyevə, Fazil Mustafaya guya, uduzdu. Yəni filankəsə uduzdurdular. Nə YAP-dan söhbət gedir. Neçə adam seçilib? İndi sual olunur, hakim partiyasan, bitərəflər səni necə udur. Sən axı, hakim partiyasan. Nəyə görə Yeni Azərbaycan Partiyasının tərəfdarlarından ibarət seçki komissiyalarının hamısı YAP-çını uduzdurur, bitərəfi qalib elan edirlər? Bu suala YAP-çılar cavab verə bilir? O məntəqələrdə bütün seçkiləri saxtalaşdıranlar hamsı YAP-ın üzvləridir, müəllimlər, həkimlər, JEK işçiləri, icra başçıları. Amma bax, həmin YAP-ın üzvləri seçkini saxtalaşdırır və YAP-çını Rusiyanın burada maraqlarını müdafiə edən adama uduzdururlar. YAP bu gündədir. Nə YAP-dan söhbət gedir”,-deyə partiya sədri təkrar etdi.

 “Nə YAP-ın, nə də hökumətin daxilində heç bir yenilik etmək istəmirlər”

Картинки по запросу "Əli Əliyev"

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə dedi ki, saxtakarlıqla bağlı Yeni Azərbaycan Partiyasını günahlandırırıqsa, bu partiyanın sədri elə ölkə prezidentidir: “Mən bir söz deyə bilmərəm, haradan islahatları başlamalıdır, özləri müəyyən etməlidir. Amma mən başa düşürəm ki, bu hakimiyyətin islahat aparmaq niyyəti yoxdur. Ancaq görüntüsü var, nə YAP-ın, nə də hökumətin daxilində heç bir yenilik etmək istəmirlər. Bunlar başqa cür idarə edə bilmirlər. Elə bunların idarəçilik forması budur”.

 “İstər köhnə komanda, istərsə də təzə komanda olsun - cəmiyyəti aldadırlar”

Ə.Əliyev qeyd etdi ki, heç bir köhnə, təzə komanda məsələsi yoxdur: “İçəridə nə baş verirsə, versin, ölkədə məsul adamlar var. Heç bir köhnə, təzə komanda məfhumları ilə cəmiyyəti aldatmaq olmaz. Konkret hakimiyyət, komanda var. Konkret ortada olan siyasi qüvvə var. Hər bir şeyə görə də məsuliyyəti o daşıyır. İstər köhnə komanda, istərsə də təzə komanda olsun  cəmiyyəti aldadırlar, ümid verirlər, amma əslində, heç nə yoxdur. Elə hamısının niyyəti eynidir, ölkənin neftini dağıtmaq, pullarını mənimsəmək”.

“Ortada tam komanda var”

Ə.Əliyev düşünmür ki, Yeni Azərbaycan Partiyası prezidentə qarşı çıxır: “Ortada tam komanda var. Öz məqsədlərini həyata keçirirlər və məsuliyyəti də hamısı bir yerdə daşıyır. Mən siyahının İlham Əliyevlə razılaşdırıldığı barədə də bir söz deyə bilmərəm. Mən bilirəm ki, mənim üçün bütöv komanda var. Əgər daxili problemlər varsa, çıxsın xalq müraciət eləsin, biz də ona dəstək verək. Əgər həqiqətən sizin ehtimalınız kimi problemlər mövcuddursa, xalqa, müxalifət  qüvvələrinə müraciət etmək və xalqdan dəstək istəmək lazımdır. Mən hələlik bu addımı görməmişəm. Əgər belə müraciət olarsa, ona dəstək verməyə hazıram”.