Azərbaycanda işdən çıxarılan, təyinat alan mətbuat katibləri – SİYAHI

Baxış sayı:
9691

Xəbər verdiyimiz kimi Azərbaycanda daha bir nazirliyin mətbuat xidmətində dəyişiklik baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova işdən ayrılıb. Bu, son iki gündə mətbuat katibləri ilə bağlı aldığımız ikinci belə xəbərdir.
Muxalifet.az Primetime.az il başlayandan nazirliklərə təyin olunan və işdən azad edilən mətbuat katibləri ilə bağlı yazını təqdim edir.
Belə ki, 2019-cu ildə mətbuat katibləri ilə bağlı xəbərlərdən biri Nazirlər Kabinetindən (NK) gəldi.  Belə ki, qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli vəzifədən azad olundu. O, mətbuata açıqlamasında baş nazir Novruz Məmmədova təqaüdə göndərilməsi üçün müraciət etdiyini bildirmişdi. Ardınca NK-ya yeni mətbuat katibi təyin edildi.  Baş nazir Novruz Məmmədovun müvafiq əmri ilə bu posta tanınmış jurnalist Ayaz Mirzəyev gətirildi.
Bu il Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimiayyətlə əlaqələr şöbəsinə də yeni təyinat oldu. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası Vüqar Hüseynova həvalə edildi. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin əvvəlki müdiri Anar Hüseynov  isə "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edildi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi vəzifəsinə Aynur Osmanqızı, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mətbuat katibi vəzifəsinə isə Gülnar Əzizova təyin edildilər. Hazırkı vəzifəsinə qədər A.Osmanqızı "Report” İnformasiya Agentliyinin müxbiri, G.Əzizova isə CBC telekanalında "Xəbər” proqramının aparıcısı və müxbiri kimi fəaliyyət göstərib. Daha sonra telejurnalist Şahin Əliyev Nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin mətbuat katibi vəzifəsinə təyinat alıb.  O, bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışıb, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsi isə telejurnalist Əsmər Nəcməddinqızına həvalə olunub. O, bu təyinata qədər ATV-nin "Xəbər” proqramının aparıcısı olub.
Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni mətbuat katibi təyin olundu. Bu vəzifəyə İctimai Televiziyanın "Xəbərlər” proqramının və "Diqqət mərkəzi” verilişinin aparıcısı Ramiz İdrisoğlu gətirildi. O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi vəzifəsilə yanaşı, İctimai Televiziyadakı işinə də davam edir.
Ardınca Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə Yahya Babanlı nazirliyə mətbuat katibi təyin edildi. Lakin onun postdakı fəaliyyəti uzun çəkmədi. Belə ki, ötən gün Y.Babanlı öz ərizəsi ilə işdən ayrıldı. Buna qədər Y.Babanlı  "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri idi. Qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti ləğv edilərək yerində İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzi yaradıldı və mərkəzə rəhbərlik Teymur Abdullayevə həvalə edildi.
Qeyd edək ki, FHN-nin mətbuat katibi vəzifəsinə hələ ki yeni təyinat olmayıb.
Bu il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də dəyişiklik oldu. Nazirliyin mətbuat katibi Zamirə Adilova 11 illik iş yerindən ayrıldı. O, bunun öz istəyi ilə reallaşdığını bildirdi. Z.Adilovanın yerinə isə  tanınmış jurnalist və teleaparıcı Günel Gözəlova gətirildi. Bu təyinata qədər Günel Gözəlova "Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.