“Azərbaycanda Irana məhəbbət çoxdur”

Vəfa Quluzadə: “Azərbaycan Qərblə əlaqələr qurduğuna görə Iran tərəfindən tənqid olunmayacaq”

Iranın müdafiə naziri Hüseyn Dehqanın Bakıya rəsmi səfərə gəlişi və keçirdiyi görüşlər maraq doğurur. H.Dehqan Azərbaycanın ali siyasi və hərbi rəhbərliyi ilə görüşüb.

Görüşlərin və danışıqların mövzusu ikitərəfli münasibətlər, regional problemlər və hərbi məsələlər olub. Rəsmi açıqlamalara görə, səfərdə məqsəd Azərbaycanla müdafiə və hərbi sahədə əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdır.

Yəməndə baş verənlərin fonunda bu səfər maraq doğurur. Eyni zamanda Azərbaycan rəhbərliyi Səudiyyə kapitalının ölkəyə cəlb olunması istiqamətində real addımlar atıb ki, bu da Iranın diqqətindən yayınmış deyil.

Politoloq Vəfa Quluzadə bildirib ki, Iran Qarabağ münaqişəsində aktiv rol oynayan bir ölkədir. Hazırda Iranın Qərblə münasibətlərinin normallaşması bu ölkənin regionda nüfuzunu artıran məqamdır: “Iranın regionda sözsüz ki, öz maraqları var. Bu səfər də həmin maraqların təzahürüdür. Qərblə Iranın əlaqələri normalaşarsa, Azərbaycan Qərblə əlaqələr qurduğuna görə Iran tərəfindən tənqid olunmayacaq. Azərbaycanın Iranla iqtisadi, dini, mədəni əlaqələri var. Azərbaycanda Irana məhəbbət çoxdur. Ona görə səfərlər iki ölkə arasındakı əlaqələri gücləndirməyə yönəlib. Nəzərə almaq lazımdır ki, Azərbaycan çox gövrək vəziyyətdədir. Azərbaycan Qərb tərəfindən tənqid olunur, Rusiyanın təzyiqləri ilə üzləşir. Belə şəraitdə Azərbaycan Iranla əlaqələri inkişaf etdirməkdə maraqlıdır”(azadliq.info).