Azərbaycanda inqilab gözləntisi

Baxış sayı:
771

Son günlər Azərbaycanda sosil, iqtisadi və siyasi vəziyyət kritikləşməyə doğru gedir. Hökumət ölkə idarəçiliyi üzərində nəzarəti itirməyə başlayıb. Rayonlarda etiraz aksiyaları başlayıb, insanlar artıq dözümsüzlük nümayiş etdirir. Görünən odur ki, əhali çoxillik yalanla artıq qarnını “doydura” bilmir. Buna da təbii yanaşmaq lazımdır. Çünki hər bir rayonda sakinlər ətraflarına baxdıqda çox yaxşı görürlər ki, bir qrup harın vəziyyətdə yaşayır, bahalı həyat tərzi keçirir, onlar isə bir qarın çörəyə möhtacdır.
Son vaxtlar manatımızın da durmadan dəyərini itirməsi nəticəsində ölkədə qiymətlərin dəfələrlə bahalaşması əhalinin güzəranına mənfi təsir edir. Bu bahalaşma bütövlükdə cəmiyyəti yerindən silkələyib. Odur ki, ayrı-ayrı rayonlarda vətəndaşların “spontan” şəklində etiraz aksiyalarına başlaması illərdir yaşanan durğunluq halının yeni müstəviyə keçəcəyini deməyə əsas verir. Belə ki, ölkədəki problemlər - istər bahalaşma, istər sosial ədalətsizlik, istər də insan hüquq və azadlıqlarının tapdalanması xalqın ayağa qalxmasına stimul verə bilər.
Bu gün Azərbaycanda iki fərqli mənzərə mövcuddur - bir tərəfdə harın məmur-oliqarxlar, onların övladları, digər tərəfdə aclığa məhkum edilmiş xalq. Bu proseslərin nə ilə qurtaracağı hələ məlum deyil. Əslində, qeyri-məlum olan bir hal da yoxdur. Çünki son illər regionda baş verən proseslərə istinadən deyə bilərik ki, bu cür şəraitdə bütün hadisələr oxşar sonluqla yekunlaşır - İNQİLABLA. Təbii ki, biz ölkədə hər hansı xoşagəlməz hadisənin yox, xalqımız və dövlətimiz üçün xeyirli ola biləcək proseslərin yaşanmasını arzu edirik. Amma çox təəssüflər olsun ki, hakimiyyət özünün yanlış siyasəti ilə ölkəni uçuruma aparır...
Bəlli olduğu kimi, bu və ya digər səbəblərdən ölkədə bahalaşma və buna paralel olaraq işsizlik hökm sürür. Və bu sahədə vəziyyətin getdikcə daha da ağırlaşacağı haqda ekspertlər tərəfindən ciddi proqnozlar irəli sürülməkdədir. Məsələn, dövlət büdcəsinin 25 faiz azaldılması ondan xəbər verir ki, maaş və sosial müavinətlərlə yanaşı, iş yerlərinin sayı da sürətlə azalacaq. Bundan əlavə, əgər yenidən dövlət büdcəsinə baxılarsa və neftin barelinin qiyməti 50 dollardan 30 dollara endirilərsə, sosial durum bir qədər də zəifləyəcək. Çünki büdcənin 12-13 milyard manata endirilməsi xalqın yaşayış durumunu daha da ağırlaşdıracaq.
Bu arada, ehtiyat kapitalımız da tükənməkdədir. Neftin ən yüksək qiymətə satılan vaxtlarında büdcəyə daxil olan gəlirlər talan edilib, xalqın “qara günü” üçün bir qara qəpik də qalmayıb. Odur ki, indi ölkədə sabahından, gələcəyindən əndişə edən insanlar öz etiraz səsini qaldırmağa məcburdur. Ancaq bu durum hakimiyyəti qətiyyən narahat etmir.
Dəyərli oxucularımıza məlumdur ki, son vaxtlara qədər sadə camaatdan fərqli olaraq kişik və orta çinli məmurlar məvaciblərindən əlavə həm “paket” alır, həm də əksəriyyəti əlləri çatandan oğurayıb-talayırdı. Yüksək çinli məmurlar isə xalqın sərvətini ölkədən kənara daşımaqla məşğul olurdular. Hansı ki, bu “məşğuliyyət” həmin məmurların bəzisinin “vurulması” ilə üzə çıxdı. Bu zaman o da məlum oldu ki, həmin məmurlar Azərbaycanın daxilində də güclü biznes şəbəkələrinə malikdir. Qanunla qadağan edilən həmin biznes-şəbəkələrinin sonrakı taleyi, hansı məmurun nəzarətinə keçməsi və s. haqqında heç bir məlumat verilməsə də, həmin sərvəti toplayan məmurlara qarşı ənənəvi hücumlar davam etdirildi. Məsələn, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov “vurulandan” sonra bütün TV-lər onun evinin və biznes obyektlərinin, avtomobillərinin görüntülərini yayımladılar. Üstəlik, kilolarla qızıl və brilyantlar, bahalı, daş-qaşlar da öz növbəsində.
E.Mahmudovun bu sərvəti toplayan zaman onun qarşısının nədən alınmaması hər bir şəxsi düşündürən məsələdir. Axı, bu sərvət bir günün və ya bir ilin içində yığılmayıb. O halda, nədən indiyə qədər talançılara vəzifə verilib və şərait yaradılıb ki, onlar xalqın sərvətini yağmalamaqla məşqul olub?! Və yaxud təkcə E. Mahmudov talançılıqla məşqul olub? Xeyr! Bəllidir ki, nəqliyyat naziri Ziya Məmmədov, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin də Azərbaycanın varidatını talaması haqda faktlar üzə çıxdı. Ancaq bu iqtidarın talançılığı bütün bunlarla yekunlaşır? Əlbəttə, bu sualın cavabı hər kəsə aydındır. Hamı yaxşı bilir ki, hələ növbədə neçə eldar mahmudovlar var, sadəcə onlar öz “vaxt”larını gözləyirlər. Unutmayaq ki, “su meymunun xirtdəyinə çıxanda, balasını ayağının altına qoyar”.
Heç kimə sirr deyil ki, Ziya Məmmədovun nazir kimi fəaliyyətdə olduğu dövrdə min kilometrlərlə asfalt və ya beton yol çəkildi. Verilən məlumata görə, Azərbaycan 1 km asfalta çəkilən xərcə görə dünyada “liderdir”. Bu pulların da hamısı sözsüz ki, dövlət büdcəsindən ayrılıb. Həmin vaxt nazir asfalt yolun digər ölkələrlə müqayisədə Azərbaycanda niyə dəfələrlə baha başa gəlməsinə onunla aydınlıq gətirmişdi ki, bu yolların 30 illik “qarantiya”sı var. Nəticə nə oldu? Heç 5 il də çəkmədi ki, həmin asfalt örtük tamamilə sıradan çıxdı. Məlum oldu ki, bu yolların salınması zamanı külli miqdarda dövlət vəsaiti talan edilib. Bu talançılığa görə isə, nazirə “gözün üstündə qaşın var” deyən olmadı.
Öz qanunsuz əməlləri müqabilində istər Eldar Mahmudovdan, istər də Cahangir Hacıyevdən milyardlarla dollar alındığı vurğulansa da, həmin pulların taleyi qaranlıq oldu. Çox güman ki, bir korrupsioner məmurun illər ərzində oğurladığı digər bir korrupsioner məmurun bir andaca “cibinə” daxil oldu...
Çox maraqlıdır ki, Azərbaycan sanki bir qrup məmura babalarından qalma mülkdür. Halbuki, bu gün hər bir vətəndaşın soruşmağa haqqı var ki, dövlət büdcəsindən oğurlanmış pullar hara getdi? Yox, əgər oğurlanmayıbsa, onda onlarla məmuru nədən həbs etmisiniz?
Bir haşiyə çıxım: Bir nəfər dükan sahibi ilə söhbətimdə ona manatın daha da “öldü”yünü dedim. O isə cavabında “manat ölmədi, milləti öldürdülər” - deyə vurğuladı. Bəli, bu fikirdə çox böyük həqiqət var. Bu rejim sanki milləti məhv etməyi qarşıya məqsəd qoyub.
İndi də keçiblər dolları xalqdan gizlətməklə, ancaq bir-iki bank vasitəsilə satmağa. Əsasən də “AzərTürk Bank” vasitəsilə. Görəsən, nədən məhz “AzərTürk Bank”? Çox güman ki, bu bank da hakimiyyəti idarə edən məmuralardan birinə aiddir. Əgər belədirsə, sual vermək olar ki, BU YOLLA MONOPOLİYAYA QARŞI MÜBARİZƏ APARIRLAR?!
Anar QASIMOV