​AZƏRBAYCANDA İLLİK İNFLYASİYA 3,5%-ə DÜŞÜB

Baxış sayı:
5164

2018-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,7%, qeyri-ərzaq mallarının qiymətləri 4,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,8% artıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilir ki, cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2% o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5 % azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
Ay ərzində düyünün, unun, manna və qarabaşaq yarmasının, mal və qoyun ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə yağının, limonun, bananın, pomidorun, xiyarın, badımcanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində azalma, zeytun və qarğıdalı yağlarının, portağalın, almanın, armudun, göyərtinin, soğanın, qəhvə və çayın qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Xatırladaq ki, 2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,5%, qeyri-ərzaq mallarının qiymətləri 4,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,9% artıb.
Cari ilin mart ayında isə fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% artıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.(“Report”)