“Azərbaycanda ikinci hakim partiya yaranacaq və…” - NATİQ CƏFƏRLİ

Baxış sayı:
3808

“Çox güman ki, 9 Fevralda formalaşacaq Parlament keçici olacaq, bir müddət sonra buraxılacaq, amma ondan öncə ölkədə yeni referendum olacaq, proporsional seçki sistemi bərpa olunacaq, ikinci hakim partiya yaranacaq, prezidentin 2 dəfədən çox seçilmə haqqının olmaması yenidən tədbiq ediləcək, Nazirlər Kabineti, İcra Başçısı institutu ləğv ediləcək, rayonlar əvəzinə iqtisadi və inzibati bölgələr yaranacaq”.
Muxalifet.az xəbər verir ki, bu barədə Natiq Cəfərli bildirib.
Ölkənin böyük və köklü dəyişikliklərə hamilə olduğunu vurğulayan Cəfərli qeyd edib ki, bunu analiz etmək, doğru oxumaq lazımdır: “İdarəetmədə köklü dəyişiklik olmasa, ölkə iqtisadiyyatında heç bir pozitiv irəliləyiş mümkün deyil”.
Cəfərlinin sözlərinə görə, nefti nəzərə almasaq, Azərbaycanın ixrac etdiyi məhsulun 1 kilosunun dəyəri ortalama 1 dollar civarındadı, inkişaf etmək üçün ixrac məhsulunun 1 kiloqramı ortalama azı 10 dollar olmalıdı: “Bu isə pomidor-xiyarla mümkün deyil. Bu gün neft-qazdan gələn gəliri əvəz etmək üçün aqrar ixracatımız 20-25 dəfə artmalıdı. Bu isə fiziki olaraq mümkün deyil. Bu gün bir fermer gərək, 2 ton pomidor satsın ki, bir keyfiyyətli smartfon alsın, bu gün “Volkswagen” şirkətinin 36 saata istehsal etdiyi məhsulun dəyəri Azərbaycanın 1 ilə ixrac etdiyi aqrar sektorun dəyərindən çoxdu. Belə modellə inkişaf etmiş ölkə olmaq mümkün deyil. Əsas bəla da idarəetmə sisteminin zay, məhkəmə sisteminin ədalətsiz olmasıdır”.