AZƏRBAYCANDA İDEOLOJİ İŞ BƏRBAD GÜNDƏDİR - On illərdir ideoloji təhlükəsizlik üçün qara qəpiklik iş görülməyib...

Baxış sayı:
244

1916-cı ilin 25 iyununda çar II Nikolay bütün Türküstan əhalisinin səfərbər edilməsi haqqında fərman verdi. 480 min qazax, qırğız, özbək cəbhədə ən ağır işləri görməli idi. İş nədən ibarət idi? Səngər və tranşeyalar qazmaq, dağılmış şosse və dəmir yollarını bərpa etmək, digər ağır zəhmət tələb edən işləri görmək. Məxləs, yarım milyon müsəlman rus ordusu üçün qul kimi işləməli və əvəzində də heç nə istəməməli idi. Kətmən, külüng, bel və əl arabası, bütün iş inventarı bununla kifayətlənirdi. Camaatın bütün mal-qarası, atları müsadirə olunmuşdu, əvəzində isə qəpik-quruş verilirdi.

İllər boyu rus rəislərdən həqarətdən başqa heç nə görməyən müsəlmanların həyatı onsuz da cəhənnəm idi. Bircə onu demək kifayətdir ki, rus məmurları ən gözəl, ən axarlı-baxarlı torpaq sahələrini, otlaqları yerli camaatdan alaraq rus kəndlilərinə, mülkədarlara vermişdilər. Səfərbərlik barəsində verilmiş fərman isə yerli camaat üçün açıq ölüm hökmü idi.

Bütün müsəlmanlar üsyana qalxdılar... Qazaxlar, özbəklər, taciklər, qırğızlar illərlə onları adam yerinə qoymayan, alçaldan, təhqir edən rus kolonistlərinin məskunlaşdığı şəhər və qəsəbələrə hücum etdilər. İlk həftələr polis və jandarmeriya üsyançılarla bacara bilmədi. Hökumət rus-yapon müharibəsində biabır olmuş general Aleksey Kuropatkini böyük səlahiyyətlə qubernator təyin edəndə vəziyyət dəyişildi. Cəbhədən seçmə hərbi hissələr gətirildi, bütün ruslara silah paylandı, xüsusi pulemyot komandaları yaradıldı. Rəsmi göstəriş də belə idi, heç kimə aman verilməməli, tabe olmayan məntəqələr, kəndlər dağıdılmalı, cəza dəstələrinin iştirakçıları kefləri nə qədər istəsə müsəlmanların varidatını müsadirə edə bilərlər. Sonra da əsl qətlam başlandı... On minlərlə türk övladı bütün varını-yoxunu qoyub Çinə köçməyə məcbur oldu. Rus tarixçiləri indi-indi etiraf edirlər ki, Türküstanda bir milyona qədər müsəlman türk məhv edilib.

“Russkaya istoriya” jurnalının 2019-cu il tarixli üçüncü sayında dərc olunmuş “Orta Asiya üzərində tufan” adlı məqalədə xalq üsyanı qiyam da adlansa belə, hər halda müəyyən həqiqətlər də aşkarlanıb. Sözümün canı odur ki, erməni vələdüzina görün neçə ildir ortaya “genosid” sözünü salaraq az qala bütün dünyanı Türkiyənin üzərinə qaldırıb. Bizim isə bir qələm əhlimiz 1916-cı ildə Türküstanda törədilmiş müdhiş Qətlamdan bircə kəlmə də yazmayıb. Elə buradaca öz-özümə sual verirəm, 1920-cı ildə İşğalçı XI Ordunun dəmir yolu boyu kəndlərdə, Gəncədə törətdiyi cinayətlərədn əməlli-başlı danışan olubmu? Otuz il olar ki, sovet hakimiyyəti yoxdur. Bizim titullu həpəndlərimiz hələ də hürkə-hürkə o yana, bu yana boylanırlar.

... Artıq kor-kor, gör-gördür ki, ölkədə ruslaşmanın növbəti dalğası qalxıb. Özü də hiss olunur ki, biz bu bəla ilə bacara bilməyəcəyik. Təhsil sistemi bərbad, qeyrətli ziyalı yox, söz deyə biləcək ağsaqqallar da özlərini hörmətdən salıblar.

On illər boyu məmləkətin mənəvi, ideoloji təhlükəsizliyi üçün iki qara qəpiklik iş görə bilməmiş bizim pulgir ideoloqların “səyi-zəhməti” nəticəsində müxtəlif çaplı missionerlərin, vəhhabilərin, “Yehova şahidləri” adlanan mənfur qurumun qol-qanad açmasını bilirik. Hansı pəstahlardan çıxdıqlarını da görürük. Yolundan azanların sürətlə artması onu göstərir ki, bizə qarşı mənəvi təxribat aparanlar camaatla dil tapa biliblər.

İndi də buyurun tamaşa edin, cavanlar boyunlarına xaç asırlar! Düzdür, bu kütləvi hal olmasa da, amma dözüləsi də, dilə gətiriləsi də deyil. Görəsən, bu zinakarlığa qol qoyanlar əsir düşmüş soydaşlarımızın sinələrinə qızmar dəmirlə xaç işarələrinin çəkildiyini görüblərmi? Qeyrətinizə bərəkəllah!

Azərbaycanlı gənc boynuna xaç asır! Bu sondur, ay bədbaxt millət! Bu bizim arsızlığımızın, biganəliyimizin məntiqi nəticəsidir!

Siz boynuna ay-ulduz, aypara asan erməni, ya da rus gənci təsəvvür edə bilərsinizmi?

Bir torpaqda ki, millətin qaymağı sayılan insanların vaxtilə qürurla daşıdıqları fəxri adlar Faiq Ağayevlərə, Aygün Kazımovalara, Ədalət Şükürovlara, digər odioz fiqurlara verilir, orada boyunlarına xaç asanlara hiddətlə baxmayacaqlar. O adam yoxdur ki, özəl telekanallarda baş alıb gedən heyvərəliyə, zövqsüzlüyə, bayağlığa nifrət bəsləməsin. Amma, heç kim nə nəticə çıxarır, nə də bir tədbir görür.

Telekanal sahibləri qəsdən insanların əsəbləri ilə oynayırlar. Bunu deməyə tam əsasım var.

İdeololi işin bərbad gündə olduğunu sübut edən onlarla faktdan biri. Özlərini azərbaycanlı sayan üç həpənd eləmə tənbəllik, İŞİD-ə beş yüz min dollar nağd pul ötürüb. Mən hələ bu illər ərzində Suriyaya gedib terrorçulara qoşulanlardan danışmıram.

Üzümü məddahlıqdan başqa əllərindən heç nə gəlməyən, ədaları yerə-göyə sığmayan YAP ideoloqlarına tuturam, ağalar, utanın yerə girin, görün bu ölkəni necə günə salmısınız ki, cavanlar burada yox, yad torpaqda ölməyi üstün tuturlar. Burada insan kimi yaşamaq müşkülə dönüb, amma Suriyadakı terroristlərə sədəqə pərdəsi altında külli miqdarda maddi vəsait göndərirlər. Aydın Mirzəzadə, bu sizin kimilərin “vətənpərvər” siyasətinizin bəhrəsidir.

Bir neçə gün bundan əvvəl hamının ikrahla yanaşdığı Rasim Musabəyovun gül-camalı yenə də tele-ekranlarda göründü. Popkorn əhvalatından sonra elə bildim ki, biz bu siyasi karikatiranın gül camalını bir daha görməyəcəyik. Yadınıza salın, siyasi şəbəkədə daha o tənə, o acı söz qaldı ki, bu təyin olunmuş deputata deyilməsin? Biz iqtidarın hikkəsinə yaxşı bələdik, o əgər birini öz əziz-giramı sayırsa, iş bitir. Bundan sonra həmin şəxsin din və millət xaini olması sübut edilsə də, heç kim cürət edib dillənmir.

...Masamın üstündə general-polkovnik Nəcməddin Sadıqovun “şücaətlərindən” bəhs edən neçə-neçə məqalə var, qəhərdən boğula-boğula onları dəfələrlə oxumuşam. Bu da mənim müstəqil dövlətim, bu da mənim ordum! Belə generalı olan millətə daha düşmən lazım deyil... Yazılanlardan belə nəticəyə gəlmək olar ki, bu “şücaətli” generalın əməllərinin böyük tarixi var. Belə çıxır ki, nə qədər əsgərimiz, zabitimiz qırılıb, nə qədər yaşayış yerlərini itirmişik, amma heç kimin, heç nədən xəbəri olmayıb.

Xalqı cahil sayanlar belə sözlər də uydurublar, ərizələr, şikayətlər gedib çatmır, Prezidentə məlumat vermirlər, onun xəbəri yoxdur. Mənim də onlarla müraciətimin, ərizəmin qarşısını alıblar, bunun hansı binamusun göstərişi əsasənda edildiyini bilirəm.

Mən ömrümün sonuna çatmış, imansız, nanəcib iqtidarın üzündən insan kimi yaşamaqdan, müalicə olunmaqdan mərhum olmuş qoca publisist, Nəcməddin Sadıqov isə böyük vəzifə sahibi, sərvəti-saman yiyəsi. Onun bəd əməlləri barədə bir nəfər cürət edib Ali baş komandana məlumat verməyib? Prezidentin ətrafında təhlükəsizlik məsələlərinə baxan kifayət qədər adam var, hamısı da yağ-bal içində yaşayırlar. Yəni bunların içində bir əməli saleh tapılmayıb ki, Prezidentə dəqiq və səhih xəbərləri gətirsin? Axı ortada elə ittihamlar var ki, hər birinin əsasında Nəcməddin ağanı dinməz-söyləməz ən ağır cəzaya məhkum etmək mümkündür. Nə qədər insan qırılıb, nə qədər torpaq itirmişik...

Belə çıxır, tüfeyli məddah sürüsünün başı elə “savab” işlərə qarışıb ki, orduda baş verənləri heç sezməyib də. Xeyr, görürdülər, bilirdilər və susurdular, nələrinə lazım idi? Dəfələrlə qorxmadan yazmışam, hakimiyyətdə bütün qazanclı yerləri qamarlaya bilmiş zümrə üçün Azərbaycan vətən yox, müvəqqəti örüş yeridir.

Hamının bildiyi bir məsələdən yenə də danışmaq istəyirəm.

On iki il ərzində Razim Məmmədovun “qayğısı” sayəsində Xətai rayonunda on minlərlə ağac, bəzək kolları kəsildi, məhəllələr arasında, uşaq meydançalarında çoxmərtəbəli binalar tikildi, səkilər satıldı, daha nələr, nələr...

O bina qalmadı ki, işbaz lotu-potu onun birinci mərtəbəsində, zirzəməsində “yenidənqurma” işləri aparmasın....

Onlarla məqalə çap olundu, yazdıq ki, bu barbarlıqdır, binalar bir ballıq zəlzələyə də tab gətirməyəklər. Yaşıllıqlar məhv edildi, bunu başa düşdük, axı indi söhbət on minlərlə insanın həyatından gedir.

Xətai rayonundan “seçilmiş” deputatların birinin də səsi çıxmadı. Bu rayonda, “mən deputatımızı gördüm” sözünü heç kimdən eşitməzsiniz. İl on iki ay bütün rüsvayçılıqlar, yaşıl terror bu müftəxorların gözləri qarşısında baş verirdi. Özünüz deyin, xalq belə iqtidara hörmət edərmi?

YAP-ın yuxarı eşalonunda təmsil olunan, özlərini siyasət elmində Taleyrandan, Çerçildən üstün sayan, heç nədən korluq çəkməyən, “imam övladları kimi məsum, paklıqda, fədakarlqda bizlərə örnək olan” ağalar doğrudan da “rusdilli” generalın, cəmiyyəti artıq vətəndaş müharibəsi həddinə çatdırmış harın hakimlərin, rüşvətxor məmurların əməllərindən bixəbərdirlər.

Bütün telekanalları inhisara almış iqtidar ideoloqları YAP-ın nüfuzunun artırılması, onun hörmətə mindirilməsi üçün nə qədər əlləşsələr də, bihudə zəhmətdir.

Kommunist partiyası neçə qərinə ərzində az qalmışdı kürreyi-ərzi məhvərindən çıxartsın. Anqlo-saks, keşiş-mason dünyasına satılmış beş-on xainin əli ilə SSRİ kimi nəhəng imperiya çökdürüləndə on yeddi milyon üzvü olan partiyadan üç-dörd kişi çıxıb sinəsini qabağa vermədi. Kremlin qurultaylar sarayında baş vermiş həngamələri xatırlayın. Heç kim cürət edib respublikada gedən müsbət, hər alqışa layiq dəyişiklikləri, quruculuğu dana bilməz. Amma heç kim də deyə bilməz ki, göz qabağında xalqın inamını qıran, ideoloji işi urvatdan salan, heç nədən çəkinməyən qanunları saymayan yırtıcı rüşvətxor banda ilə məmləkətin təhlükəsizliyini axıra qədər qoruya biləcəyik.

Lüzumlu ricət

Bu son illərdə daha o nifrin qalmayıb ki, kommunist partiyasının üzrərinə yağdırılmasın. Repressiyalar, konslagerlər, “donosbazlıq”, Xalq daxili işlər komissarlığının amansızlığı və s. barədə cildlərlə kitab yazılıb. Amma elə məsələlər də olub ki, heç kim cürət edib onların üstündən sükutla keçməyib. Bu da əqidələrində sabitqədəm olan kommunistlərin bu, ya da digər sahələrdə göstərdikləri fədakarlıq və şücaət idi.

İkinci dünya müharibəsi illərində ən ağır döyüşlərdə komandir və komissarların “Kommunistlər, irəli!” əmrilə döyüşçülərin düşmən üzərinə şığımasını heç kim unutmayıb. On munlərlə kommunist faşist zindanlarında, ölüm düşərgələrində ölümə getdi, amma baş əymədilər. Arxa cəbhədə təsərrüfatın elə sahəsi yox idi ki, orada əsl kommunistlər gecəni gündüzə qataraq xariqələr yaratmayaydılar.

Sözümün canı budur ki, iş bərkə düşəndə bizim YAP-dan belə fədakarlıq, belə igidlik görməyəcəyik. Sər-sifətləri tele-ekrandan çıxmayan hansı muzdlu məddahın üzü var ki, min ədalətsizliklə üzləşmiş, adam yerinə qoyulmayan sadə vətəndaşa “Düşmən üstünə irəli!” sözünü desin?!

“Necə yəni, biri burada qəsrlər, villalar ucaldacaq, milyonlar oğurlayacaq, əhli-əyalını, məşuqəsini bahalı kurortlara göndərəcək, bicbalası maşınları yan-yana düzəcək, mən də güllə qabağına ya özüm gedəcəyəm, ya da övladımı yollayacağam? Ay siz öləsiniz! Bir ölkədə ki, əxlaqsızın hörməti şəhiddən artıqdır, bir yerdə ki, Mübariz kimi oğulun xatirəsi təhqir olunur və bir kimsənin də tükü tərpənmir, orada kimə bel bağlayasan, kimə inanasan?”- camaat, gündə min qəbahətlə üzləşən xalq belə düşünür, belə deyir.

...Sosial şəbəkədə söyüş dolu kimi yağır. Mən şəxsən bu əməli bütün cəmiyyət üçün qara ləkə sayıram, buna heç cür bəraət qazandıra bilmirəm. Bütün pullu, gəlirli sahələri qamarlamış, ellik zəmanətlə bir-birinə bağlanmış müdhiş bir zümrə ölkədə dözülməz ab-hava yaradıb, kəsilən başa sorğu-sual da yoxdur – bunu bildik. Amma, bu o demək deyildir ki, mən haqsızlığa, nadürüstlüyə nifrətimi söyüşlə murdarlamalıyam.

...Nəsiminin yubileyi ilə əlaqədar olaraq hər təqdirə, hər alqışa layiq böyük işlər görülür. Mən, açığı, belə vüsəti heç gözləmirdim. Nəcib, savab əməllər göz qabağındadır, hiss olunur ki, məmləkətin bütün, mədəni, elmi imkanları səfərbər edilib.

Köhnə kişilər demişkən, belə savab, bizə baş ucalığı gətirən belə işlərə qol qoyanlara şərəflər olsun! İxtiyarım olsaydı hamımıza sevinc bəxş edən bu tədbirlərə YAP-ın müftəxorlarını yaxın buraxmazdım. Vaxt vardı biri ilə söhbət edəndə qürurla, mən kommunistəm, partiyaçıyam deyərdi. İndi isə ölkədə doğru, yalan YAP-da 700 mindən çox üzvün olduğunu deyirlər. Di gəl indiyə kimi bir bəni Adəmdən eşitmədim ki, “YAP-ın üzvüyəm” sözünü dilinə gətirsin. Utanırlar....

Firuz Haşımov,

Hurriyyet.org