​Azərbaycanda Həcc ziyarətinin qiyməti niyə iki dəfə bahadır? – EKSPERT RƏYİ

Baxış sayı:
7990

“Həcc ziyarəti üçün qiymətlərin artırılması Azərbaycanda birbaşa monopoliya ilə bağlıdır”

2017-ci ildə Azərbaycandan Həccə getmək 5750, bu il 4150 dollara başa gəlsə də, Türkiyə, İran, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və s. ölkələrdə qiymətlər 2000-3000 dollara bərabərdir
Statistik məlumatlara görə, hər il 2400-dən çox azərbaycanlı Həcc ziyarətinə yollanır. 2017-ci ilin mart ayında bildirilirdi ki, 2018-ci ildə Həcc ziyarəti üçün qiymətlər daha da bahalaşa bilər. Buna Səudiyyə Ərəbistanı şirkətləri tərəfindən göstərilən xidmətlərin qiymətinin növbəti dəfə artması səbəb göstərilirdi. Qeyd olunurdu ki, xüsusilə Mədinə-Məkkə-Maşayır-Ciddə marşrutu üzrə nəqliyyat qiymətləri artacaq. Əlavə olaraq Mina vadisində və Ərəfatda çadır düşərgələrində yerləşmə qiymətlərinin də bahalaşacağı ehtimal olunurdu. Məlumat verilirdi ki, 2018-ci ildən etibarən hər bir hacı üçün qurbanlıq qiyməti təqribən 170 dollar təşkil edəcək. Həcc ziyarəti xərcləri ödənilmədən isə viza almaq mümkün olmayacaq. Beləliklə, ilkin qiymətləndirilmələrə görə, 2018-ci ildə həcc ziyarətinin qiyməti 2600-3400 dollar arasında dəyişməli idi.
Qeyd edək ki, 2017-ci ildə Azərbaycanlı zəvvarların daha yaxşı otellərdə, 4 nəfərlik otaqlarda qalmaq, bahalı yeməklərlə təmin olunmaqla 5750 dollara, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq 4700 dollara başa gələn seçim etmək kimi iki variantları vardı.
Fevralın 12-dən etibarən Qafqaz Müsəlmanları İdarəsinin Ziyarət şöbəsi bu il Həccə getmək istəyən vətəndaşlardan sənəd qəbuluna başlayıb. Bu il ötənilki kimi iki variantda deyil, bir variantda həcc ziyarəti üçün qiymət müəyyənləşib.
Həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə (XİN) pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4*6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.
Eyni zamanda builki həcc ziyarətinin qiyməti də məlum olub. Bu il Həcc ziyarətinin qiyməti 4150 dollardır. Bu isə Həcc ziyarətinin ötən ilə nisbətən cüzi də olsa ucuzlaşmasından xəbər verir.
Builki Həcc ziyarətinin xərcləri barədə daha səhih məlumat almaq üçün Qafqaz Müsəlmanları İdarəsinə dəfələrlə zəng vursaq da, idarədən cavab ala bilmədik.
İdarənin məlumat şöbəsi (492-82-19 nömrəsi) zənglərimizə ümumiyyətlə cavab vermədi. Qurumda müşavir vəzifəsində çalışdığını deyən şəxs isə (492-23-19 nömrəsi) bu sualın mətbuat şöbəsinə ünvanlanmalı olduğunu bildirərək, bizə 492-39-21 nömrəsini yığmağı məsləhət bildi. Amma o nömrə faksa qoşulduğundan heç kəslə əlaqə saxlaya bilmədik. Odur ki, özümüz vəziyyəti araşdırmaq qərarına gəldik və çox maraqlı faktlarla qarşılaşdıq.
Məlum oldu ki, vaxtilə Azərbaycanla eyni ittifaqda olan Türkmənistanda Həcc səfərinə gedənlər ümumiyyətlə heç bir ödəniş etmirlər. Bütün səfər xərcləri dövlət büdcəsi hesabına ödənilir. Burada Həccə getmək istəyənlər növbəyə dururlar və vaxt çatanda əlaqədar orqan həmin şəxslərə bu barədə xəbərdarlıq edir. Vətəndaşa isə sadəcə hazırlaşıb, səfər üçün təyin edilmiş vaxtı gözləmək qalır. Gediş-gəliş, həmçinin oteldə qalmaq və gündəlik qidalanma yüksək səviyyədə həyata keçirilir.
Türkmənlərin qonşusu olan qırğızların müqəddəs torpaqlara səfəri orta hesabla 2500 dollar, qazaxların isə 3000 dollar təşkil edir.
Türkiyədə də Həcc səfərinə getmək növbəlilik prinsipi əsasında həyata keçirilir. Qardaş ölkədə Həcc ziyarətinin xərci 2000-3000 avrodur.
İranda da Həcc səfərinə gediş qiyməti 2000-3000 dollar arasında dəyişir. Və ziyarətə getmək növbə ilədir.
Qonşu Gürcüstanda qiymətlər bir qədər baha olsa da, amma yenə Azərbaycandan ucuzdur: 3500-4000 dollar.
Rusiyada isə Həcc səfərinə gedənlər 3100-3800 dollar ödəyirlər.
Bu xərclərin 60%-i Səudiyyə Ərəbistanında hacıların yerləşdirilməsi (hotel və s.) üçün nəzərdə tutulur. Pulun təxminən 32%-i yemək, “Təşriq” günlərində çadırların icarəyə götürülməsi, şəhər daxili və şəhərlər arası avtomobillərin kirayə haqqı və s. bu kimi işlərə sərf olunur. Qalan 8% isə zəvvarın sığorta haqqı, həmçinin səfərlə bağlı bir sıra xırda işlər üçün nəzərdə tutulur.
Bütün bu qiymətlər Azərbaycanda olduğu kimi 4-6 nəfərlik otaqlarda qalmaq və yeməklərin çeşidindəki fərqə görə dəyişir. Amma diqqət etmək lazımdır ki, bu qiymətlərdən ən bahası Rusiyadadır və o da Azərbaycanla müqayisədə 1000 dollar ucuzdur və bu, Rusiyanın komfort qiyməti ilə Azərbaycanın aşağı keyfiyyətli qiymətinin fərqidir. Diqqət etsək görərik ki, Türkiyə və İran kimi müsəlman ölkələri ilə Azərbaycanın təyin etdiyi qiymətlər arasındakı fərq 2750 dollardır.
Maraqlıdır ki, qiymət fərqinin bu qədər yüksək olmasına səbəb nədir? Bununla bağlı danışan mütəxəssis məsələni bir neçə kontekstdən şərh edib: “Həcc ziyarəti üçün qiymətlərin artırılması Azərbaycanda birbaşa monopoliya ilə bağlıdır. Dünyada, eləcə də Türkiyədə Həcclə bağlı müxtəlif operatorlar mövcuddur. Onların arasındakı sağlam rəqabətin nəticəsində qiymətlərin optimallaşması baş verir, həm də ziyarət şəraiti, imkanlar və orada qalma şəraitinin hamısı tənzimlənir. Hazırda Türkiyə və digər ölkələrin nümunəsini götürsək, Həcc mövzusunda monopoliya adlanan bir mövzunun olmaması üçün müxtəlif operatorlar arasında sağlam rəqabət yaradılır. Nəticədə Həcc qiymətlərinin optimallaşmasına və hətta şəraitin daha yaxşı olmasına gətirib çıxarır.
Azərbaycanda mövcud vəziyyətin yaranmasının səbəbi kimi, ölkədə bu sahədə monopoliyanın mövcudluğu və müxtəlif Həcc operatorlarının olmamasıdır. Son illər ölkədə inanclı insanların Həcc ziyarətinə getməsində ciddi artım olduğuna diqqəti yetirsək, onda qiymət artımının süni xarakter daşıdığını görərik. Belə ki, Həccə gedən insanların sayının Azərbaycana ayrılan kvotaya uyğun həyata keçməməsi üçün belə maneə yaradılır. Beləliklə, ölkədə inanclılıq və inanclı insanların, Həcci həyata keçirmiş insanların sayının artmasını əngəlləmək üçün də qiymətlər qaldırılır. Həccə gedən insanların, bu mənada inanc yükü daşıyan və yaşayan insanların sayının artmaması üçün addımlar atılır. Hər milyona görə bir min insanın Həccə getməsi üçün yer ayrılır. Bu mənada Azərbaycanın kvotası 8 min insan civarında olmalıdır. Başqa ölkələrə daha çox kvota ayrılır. Bizdə isə hətta bu kvotanın həyata keçirilməsində çətinliklər yaradılır. Bu mənada qiymətin süni surətdə artırılması insanların Həccə getmək imkanlarını məhdudlaşdırmağa yönəlib”.
Göründüyü kimi, dünyada analoqu olmayan “inkişafı” ilə tanınıb seçilən dövlətimiz bu sahədə də analoqu olmayan qiymətləri ilə seçilir. Təəssüf ki, bu vəziyyətdə soydaşlarımızın inancından qazanc mənbəyi kimi istifadə edən inhisarçıları Allaha tapşırmaqdan savayı əlimizdən bir şey gəlmir. Allah onlara hidayət versin!
Allah bütün müsəlmanlara Həcc ziyarətini qismət eləsin Amin!
Hurriyyet.org