​Azərbaycanda hansı banka etibar etmək olar? – Pulunuzun batmasını istəmirsinizsə...

Baxış sayı:
17136

İnsanlar hər hansı bankdan kredit götürmək istədikdə və ya özlərinə bank hesabı açdıranda tərəddüdlü olurlar. Burada onları daha çox narahat edən məqam bankların bağlanması, pullarının batması ilə bağlıdır. Düşünürlər hansı bankda daha yaxşı olar. Bu banka inanmaq olarmı, ya yox? Ümumiyyətlə, insanlar hər hansı banklara üz tutanda daha çox nəyə diqqət etməlidirlər? 
Məsələylə bağlı iqtisadçı ekspert Natiq Cəfərlinin “Yeni Sabah”a açıqlamasında ilk olaraq bankların vəziyyətindən danışıb:
“Azərbaycanda bank sektorunun indiki durumu hələ tam ürəkaçan deyil. Çünki iki kəskin devalvasiyadan sonra bankların tam özünə gəldiyini söyləmək mümkün deyil. Amma son 1 ildə müəyyən toparlanma prosesinin şahidi oluruq. Problemli kreditlərlə bağlı Prezidentin fərmanından sonra bankların xeyli problemlərinin həll olunacağını düşünürəm. Belə də olacaq. Çünki bu fərmanın ən çox banklara xeyri olacaq. Banklar öz taksit kreditlərini silə və sağlamlaşdırma addımlarını ata biləcəklər. Ona görə də banklarla bağlı vəziyyətin tam düzəldiyini  söyləmək mümkün deyil”.
N.Cəfərli bank seçərkən vətəndaşların əsasən nəyə diqqət etməsini vurğulayıb:
“Vətəndaşlar bank seçərkən mütləq  bankların illik, rüblük hesabatlarını baxmalıdır. Gəlir kreditlərini və ziyanlarını nəzərə almalıdır. Bununla bağlı açıq məlumatlar var. Banklar ən azından rübdə bir dəfə belə hesabatlar açıqlayırlar. O hesabatları nəzərə alaraq, bankların durumunu öyrənərək,  hər hansı depozit yerləşdirmək və banklarla müqavilə bağlamaq daha doğru olar. Hansısa bankların adını çəkmək istəmirəm. Amma dayanıqlı banklarla bağlı məlumatlar açıq şəkildə var. Bu Banklaraarası Assosiasiyanın və Mərkəzi Bankın hesabatlarında öz əksini tapır. Vətəndaşlarımızın hər hansı formada banklarla  əməkdaşlıq edərkən  o məlumatlara diqqət yetirməsi və ya mütəxəssislərlə  məsləhətləşməsi daha yaxşı olardı”.