AZƏRBAYCANDA HAKİMDƏN BİABIRÇI QƏRAR...

Nəsimi rayon məhkəməsinin hakimi iddiaçının adını yazmağı KİV-lərə qadağan edib
 
Qərar: “İddiaçı ilə bağlı istənilən ictimai şəkildə məlumatın yayılması qadağan edilsin”
 
Hüquqşünas rəyi: “Bu ya savadsızlıqdır, ya da sifariş yerinə yetirməkdir”
 
Nəsimi rayon məhkəməsinin hakimi Rəşid Əfraim oğlu Səmədov 1 avqust 2016-cı ildə bəzi elektron KİV-lərlə bağlı məhkəmə qərarı verib. Qərarda bildirilir ki, iddiaçı ilə bağlı istənilən ictimai şəkildə məlumatın yayılması, dərc olunması qadağan edilsin və qərardad dərhal icra edilsin.
Qeyd edək ki, həmin mətbu orqanlar yüksək rütbəli dövlət məmurlarından birinə yaxın olan iş adamı və həmin məmurun çirkli pullarının yuyulması ilə əlaqədar keçirilən əməliyyatlar barəsində bir neçə yazı dərc edib.
 
“Avropa qanunlarına istinad edib, gülünc nəticə çıxarıb”
 
Həmin saytlardan birinin baş redaktoru bildirir ki, qərardadda əsaslandırma olduqca absurddur. Onun sözlərinə görə, ona və digər cavadeh hesab olunan sayt rəhbərlərinə heç bir bildiriş göndərilmədiyi halda, məhkəmə sənədində əks olunub ki, qarşı tərəf olaraq onlara məhkəmə prosesi barədə xəbərdarlıq edilib, bildiriş göndərilib: “Bizə heç bir bildiriş göndərilməyib. Qərardadda hakim Avropa Məhkəməsinin qərarlarına istinad edir, amma gəldiyi nəticə olduqca gülüncdür. Bu gün mediaya təzyiqlərin azalması söhbət mövzusu olduğu halda, belə bir qərarın verilməsi nə deməkdir? Mən hakimin mətbuatda dərc olunan şəklini gördüm. Şəkildəki gənc görkəmindən belə məlum olur ki,ya o, çox təcrübəsizdir və yuxarıdan verilən taşırığı çox səriştəsiz şəkildə icra edir, ya da çox savadsızdır”.
 
“Hakimin qərarından belə çıxır ki, adam cinayət törətsin, media onu gizlətsin”

Mövzu ilə bağlı tanınmış hüquqşünas Qurban Məmmədovla əlaqə saxladıq. O, sənədlə tam tanış olmadan, fikir yürütmək istəməsə də, bildirdi ki, verilən qərar tam qanunsuzluqdur və söz azadlığının əleyhinədir: “Belə çıxır ki, şəxsin əməlində cinayət olacaq, qanunsuzluq edəcək, dövlət əmlakını mənimsəyəcək, oğurlayacaq və jurnalistlər bu haqda heç nə yaza bilməyəcək. Bu da yeni çıxıb? Belə bir qərarın heç bir hüquqi əsası yoxdur. Ölkə başçısı ictimaiyyətə müraciət edir ki, korrupsiya hallarına qarşı mübarizədə mənə kömək edin, dövlət orqanlarına məlumat verin. Korrupsiya faktlarının ictimailəşməsində əsas rol oynayan mediadır. Həmin adamın korrupsiya əməli haqqında jurnalistin məlumatı var, amma yazmasın ki, Nəsimi rayon məhkəməsinin hakimi belə qərar çıxarıb? Qarşı tərəf həmin qərarla bağlı şikayət versə, o qərarı Apelyyasiya Məhkəməsi ləğv edəcək. Ola bilsin ki, hakim savadsızlıq edib. Məhkəmə materialları ilə tanış olduqdan sonra konkret fikir bildirmək olar, amma ümumilikdə, verilən qərar qanunsuzdur”.
 
“Yekun sözü Əflatun Amaşov deməlidir”

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli məsələyə MŞ sözçüsü kimi, yox, media eksperti kimi mövqe bildirdi və fikrini belə əsaslandırdı ki, qurumun 17 üzvünün faktla bağlı fikir müxtəlifliyi ola bilər. Həmsöhbətim dedi ki, məsələ Mətbuat Şurasında müzakirə olunmalı və yekun söz olaraq, qurumun sədri Əflatun Amaşov mövqe bildirməlidir: “Mən belə anladım ki, məhkəmə media qurumlarını ona görə qınayır ki, ictimai şəxs barəsində məlumat yayırlar. Əslində bizim qanunvericilikdə belədir ki, ümumi vətəndaşlar haqqında yayılması qadağan olunan məlumatlar, əslində ictimai şəxslər üçün açıqdır. Təbii ki, şəxsi həyatla bağlı məlumatların yayılmasına yol vermək olmaz. Amma baş vermiş hadisə ictimai xarakter daşıyırsa, bunu media qurumları daha çox ictimailəşdirməlidir, nəinki başqa qurumlar. Əgər tanınmış kiminsə qohumu haqqında belə məlumat yayılırsa, bu başqa məsələdir. Şəxs ancaq özünə və ailəsinə cavabdehdir. Amma ümumlikdə hər hansı bir qanunsuzluq varsa, bu istər sıravi vətəndaş tərəfindən törədilsin, istər ictimailəşmiş şəxs olsun, media qurumu bu məlumatı yaymalıdır. Bu şərtlə ki, qarşı tərəfin də mövqeyi öyrənilməlidir. Əgər qarşı tərəfin mövqeyi öyrnilmədən bu məsələyə yol verilibsə, burada qanun pozuntusuna yol verilib”.
 
Mövzu ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşovla da əlaqə saxladıq.

Gürcüstanda olduğunu bildirən Əflatun müəllim maraqlandı ki, hakimin “qara siyahı”sına düşən mətbu orqanlar arasında “Hürriyyət” qəzetinin, Hurriyyet.org saytının adı keçirmi? “Xeyr, keçmir” dedik. Ə.Amaşov bir qədər susub, sonra tövsiyyə etdi ki, o zaman biz redaksiyaya təqdim olunan materialın surətini Mətbuat Şurasının hüquqşünasına ünvanlayaq: “Şəmsəddin müəllim, baxsın, hüquqi baxımdan qiymətləndirsin və verilən qərarın qanuna uyğun olub-olmaması haqda müvafiq mövqe bildirsin. Hüququşünas qiymətləndirməsi olmadan bu məsələni ictimailəşdirmək olmaz. Mənə gəincə, telefon vasitəsilə bu məsələyə heç bir mövqe bildirmək mümkün deyil”.
 
Əksər hakimlər sifariş icra edən, savadsızlardır

Hüquqşünas Müzəffər Baxışov da hesab edir ki, istənilən şəxs barəsində böhtan xarakterli, yalan məlumatlar verilməsindən, o cümlədən şəxsi, ailə, kommersiya sirri ilə bağlı informasiyalardan savayı, hər hansı bir qanunsuzluq əməli haqda məlumatlar varsa, bu məlumatlar ictimailəşməlidir. Onun sözlərinə görə, hazırda Azərbaycan məhkəmələrində əksər hakimlər öz üzərlərində işləmirlər, hüquqi baxımdan savadsızlığa yol verirlər, sifarişlər icra edirlər: “Azərbaycan məhkəmələrinin real durumu çox acınacaqlıdır. Əksər hakimlər yalnız sifariş yerinə yetirməklə rəzil vəziyyətinə salınır. Ədalətsiz qərarlar verməklə onların cəmiyyətdə heç bir nüfuzu qalmayıb. Hakimlər qanunları mükəmməl öyrənmirlər, iddiada nə tələb olunur, onun üzünü köçürməklə, onun hüquqi nəticələrini düşünmədən qətnamələr qəbul edirlər. Azərbaycanda belə hallar həddən artıq çoxdur. Sistem özü hakimlərə imkan verir ki, onlar siyasi sifarişləri icra etsinlər, digərlərindən isə pul alıb, istənilən qərarları qəbul etsinlər. Çox təəssüf ki, bu, Azərbaycanda birmənalı şəkildə ənənənə halını alıb. Reallıq budur. Məhkəmə proseslərindən kənar insanlar isə belə məsələni dərk etmək istəmirlər. Məhkəmə işi olan hər bir insan belə halların şahidi olur”.
Məsələ ilə əlaqədar Nəsimi rayon Məhkəməsi ilə əlaqə saxladıq. Telefonda bizə cavab verən xanım dedi ki, hakim Rəşid Səmədov prosesdədir. Xanım redaksiyanın əlaqə telefonunu götürüb, bildirdi ki, mediadan zəng vurulduğu hakimin nəzərinə çatdırılacaq və əlaqə telefonlarımız ona təqdim olunacaq./Hurriyyet.org/