Azərbaycanda güzəştli mənzillər kimlərə verilib?

Baxış sayı:
3106

Azərbaycanda güzəştli şərtlərlə mənzilləri alanlar əsasən hərbi qulluqçular, elm adamları, müəllimlər, dövlət qulluqçularıdır, satışa məsul qurum deyir. Mənzil İnşaatı Dövlət Agentliyi (MIDA) həmçinin bildirib ki, mənzil seçənlərin arasında daxili işlər orqanlarında azı 3 il xidmət keçmiş şəxslər, şəhid ailələri, məcburi köçkünlər və ona bərabər tutulanlar, həmçinin idman sahəsində xüsusi xidmətləri olan şəxslər də var. Vətəndaşların "mənzil-məişət şəraitinin yaxşılaşdırılması" siyasəti çərçivəsində yaradılmış qurumun mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, mənzil seçənlərin "40 faizə yaxını yaşı 35-dən aşağı olan gənc ailələr, 69 faizi isə yaşından və ailə vəziyyətindən asılı olmayaraq, fərqli statusu olan" şəxslərdir. Mənzil seçənlərin 104 nəfəri ən azı 3 il hərbi xidmətdə olan hərbçilərdir. "Güzəştli mənzil" seçənlərin 70-dən çoxu dövlət qulluqçusu, 48-i ən azı 3 il daxili işlər orqanlarında xidmət keçmiş, xüsusi rütbəsi olanlardır. MİDA-nın statistikasına görə, "seçim etmiş 4 nəfər şəhid ailəsi üzvləri, 47 nəfər məcburi köçkün və ya ona bərabər tutulan şəxslərdir". "Mənzil seçənlər arasında 28 müəllim, 14 elmi işçi, 5 idmançı var", MİDA bildirir. "MİDA-nin "bazar qiymətlərindən ucuz" olduğunu iddia etdiyi "güzəştli mənzillərin" seçimi dövlət portalı vasitəsilə aparılır. Bu mənzillərə sahib olmaq üçünsə müəyyən kriteriyalara cavab vermək lazımdır. Agentliyin satışa çıxardığı "güzəştli mənzillərin" 69-u bir, 174-ü iki, 81-i isə üçotaqlıdır, onların təxmini qiymətləri isə 1 otaqlı - 30 min, 2 otaqlı - 47 min, 3 otaqlı - 65 min manatdan başlayır. "Bu mənzilləri seçmiş şəxslərdən 36 nəfəri evi öz vəsaiti, 288 nəfəri isə ipoteka krediti yolu ilə əldə edəcəklər", qurum açıqlayıb. MİDA çərşənbə günü 324 mənzilin satışını aparıb. Saat 11-də başlamalı olan seçimlər, agentliyin açıqlamaq istəmədiyi səbəblərdən saat 3-ə keçirilib. Prosesi başladıqdan iki saat sonra isə agentlik "bütün mənzillərin seçildiyini" bəyan edib. "Güzəştli mənzil" almaq istəyən, lakin buna müvəffəq ola bilməyən şəxslər sosial şəbəkələrdə və MİDA-nın binasının qarşısına toplaşaraq etiraz ediblər. Onların iddiasına görə, seçim prosesi "şəffaf olmayıb", "süni texniki problemlər yaradılıb". Agentliksə öz növbəsində irəli sürülmüş bütün ittihamları BBC News Azərbaycancanın canlı efirində rədd edib. Güzəştli mənzillər ilk dəfə bu il mayın 7-də satışa çıxarılmışdı. Lakin mənzil seçimi mərhələsində "Elektron hökumət" portalı kütləvi daxilolmaya görə yüklənmişdi. Həmin vaxt seçimlərin nəticələri ləğv edilmişdi.