Azərbaycanda gözün buynuz qişasının transplantasiyasına başlanıldı

Baxış sayı:
4375

 "Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə və pasiyentlərin əməliyyat edilməsinə artıq başlanılıb".
 
Muxalifət.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Ə.Əmiraslanov vurğulayıb ki, bu əməliyyatın hansı klinika tərəfindən icra olunmasına müvafiq icra hakimiyəti orqanı icazə verir və bu əməliyyatın hansı həkimlər tərəfindən icra edilməsi müəyyən edilir: "Ola bilər hansısa klinikalara bu əməliyyatı icra etmək icazəsi verilməyib, ancaq Azərbaycanda bu əməliyyat həyata keçirilr".

Deputat Musa Quliyev isə bildirib ki, gözün buynuz qişasının Azərbaycanda gətirilməsi üçün heç bir əngəl qalmayıb, bununla bağlı lazımi qanunvericilik bazası yaradılıb: "Təbii ki, hər kəs bunu gətirə bilməz, ancaq qanunvericilik çərçivəsində bu işi həyata keçirmək üçün heç bir əngəl qalmayıb".

Qeyd edək ki, bir müddət öncə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi Fərəh Abduləliyeva bildirmişdi ki, yaxın bir neçə həftədə Azərbaycanda xəstələrə gözün buynuz qişasının transplantasiyasına başlanılacaq.

F.Abduləliyeva bildirmişdi ki, Mərkəzdə 3000-dən çox xəstə gözün buynuz qişasının köçürülməsi üçün qeydiyyatdadır. Onun sözlərinə görə, gözün buynuz qişalarının İran, ABŞ və Rusiyadan gətirilməsi nəzərdə tutulur. O bildirmişdi ki, əməliyyat Milli Oftalmologiya Mərkəzində icra olunacaq.