"Azərbaycanda etirazçılara qarşı zorakılığa son qoyulsun!" - BEYNƏLXALQ TƏŞKİLATDAN AÇIQLAMA

Baxış sayı:
2425

İnsan Hüquqları Evi Fondu (HRHF) fevralın 11-də Bakıda dinc nümayişçilərə və jurnalistlərə qarşı zorakılığı pisləyib.

HRHF-nin bəyanatında deyilir ki, 2020-ci il  fevralın 11-də dinc etirazçılar  parlament seçkilərində saxtakarlıqla bağlı narahatlığını ifadə etmək üçün Bakıda Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya keçiriblər.

Turan İnformasiya Agentliyinin və şahidlərin HRHF-yə  ötürdükləri məlumatlara görə, polis dinc etirazçılara, o cümlədən deputatlığa namizədlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı həddindən artıq və qeyri-proporsional güc tətbiq edib. Reportajlar və müsahibə dinc etiraz aksiyasını işıqlandıran jurnalistlərə, o cümlədən “Amerikanın səsi”, “Azadlıq” radiosu və “Meydan” TV-nin əməkdaşlarına qarşı polis zorakılığından xəbər verir.

Şahidlər bildirirlər ki, bu zorakılıqdan sonra onlarla dinc nümayişçi və jurnalist təxminən iki saata yaxın avtobuslarda saxlanılıb və gecə yarısı Bakı ətrafında sərbəst buraxılıb. Bu məlumatlara görə, sonradan polis zərər çəkmiş bir neçə etirazçının və jurnalistin tibbi yardım almaq və tibbi hesabatlara çıxış imkanlarına mane olub.  Həmin sənədlərdə onların aldığı xəsarətlər və sonrakı müayinələr əksini tapıb.

Dinc nümayişçilərə və jurnalistlərə qarşı zorakı və qanunsuz hərəkətlər Azərbaycan hakimiyyəti tərəfindən sərbəst toplaşma azadlığının kobud şəkildə pozulmasıdır.

Buna cavab olaraq HRHF Azərbaycan hakimiyyətini aşağıdakılara çağırır:

Sərbəst toplaşma azadlığına hörmət etmək və fikrini dinc ifadə etmək üçün ictimai məkan açmaq;

Bakının mərkəzində dinc toplantılara icazə vermək və toplantıların beynəlxalq standartlara uyğun keçirilməsi haqda bildiriş prosedurunu tətbiq etmək;

11 fevral 2020-ci ildə polis tərəfindən həddindən artıq güc tətbiq edilməsinin  və amansız rəftar barədə səhih məlumatların effektiv, tez və qərəzsiz araşdırılmasını təmin etmək və günahkarları məsuliyyətə cəlb etmək;

2020-ci fevralın 11-də zərər çəkənlərin tibbi yardım almaq imkanlarını təmin etmək./Turan