Azərbaycanda erkən nigahın əsas səbəbi - MOVHUMAT

Baxış sayı:
273

-Mehriban xanım, son günlər ard-arda Zaqatala və Cəlilabad rayonlarında iki 17 yaşlı qızın intiharı erkən nikah problemini yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə və mediada həmin qızların zorla ərə verilməyə etiraz olaraq özlərini öldürdüklərinə dair fikirlər var. Niyə hələ də Azərbaycanda erkən nikah problem olaraq qalır? Səbəb nədir? Bu problemdən əziyyət çəkən qızlar çoxdurmu?

-Baxmayaraq ki, Azərbaycan hökuməti erkən nikahın qarşısının alınması üçün qanunvericilik aktlarını beynəlxaq standartlara uyğunlaşdırır, problem hələ də mövcuddur. Əhalinin bu mövzu ilə bağlı məlumatı var. Çünki dəfələrlə bununla bağlı bizə zəng vurub, hansı cəzaların mövcudluğuna dair sual veriblər.

Təəssüf ki, bu hallarla bağlı cinayət işlərinin varlığı, erkən nikahlara nisbətdə azdır. Bu da təbiidir. Çünki cəmiyyət erkən nikahı dəstəkləyir, susqundur və bunu cinayət hesab etmir. İş o yerdədir ki, hətta hüquq müdafiəçiləri, millət vəkilləri arasında Cinayət Məcəlləsinin 144-cü maddəsinə (adam oğurluğu) qarşı çıxanlar oldu ki, qız qaçırma adətdir, adam oğurluğu deyil və bu qanunda dəyişiklik etməyə lüzum var. Halbuki, Azərbaycan qanunvericiliyinə görə, evlənmək istəyən şəxslər sərbəst şəkildə hətta ASAN xidmətə müraciət edib, evliliyi rəsmiləşdirə bilərlər. Demək ən yaxşı vasitə bu nikahı rəsmiləşdirib, ona qarşı çıxanları ( valideynləri ) fakt qarşısında qoymaq adam oğurlugundan daha yaxşı vasitədir. Çünki biz bilmirik ki, bütün qaçırılmalar könüllüdür, ya məcburi könüllük əsasında sonda buna razılıq verilir.

Baş vermiş intihar halları gender əsaslı zorakılığın hələ də kəskin şəkildə davam etməsinin göstəricisidir. Təəssüflə qeyd etmək istərdim ki, son illər mövcud stereotiplər azalmaqdan daha qatı, tünd rəng almağa başlayıb. Bu bir neçə amilə söykənir.

Mədəni faktor. Etiraf edək ki, cəmiyyət mədəni yüksəlişdən, daha çox mövhumata yuvarlanır. Mövhumatın isə əsas silahı "namus"dur. Kimsə ona qarşı çıxarsa yaşından asılı olmayaraq, namussuzluq möhürü dərhal vurulur və ətrafdakılar həmin kleymo ilə möhürlənməmək üçün susur.

Ikinci təhsil faktorudur. Baxmayaraq ki, ölkədə bununla bağlı çağırışlar var, amma kifayət qədər təsiredici deyil. Çünki ailələr qız uşağının təhsilinə investisiya qoymaq istəmir. Əgər əvvəllər stereotiplərə görə, oğlan uşağına kapital qoyuluşuna məhz gələcəkdə valideynlərin saxlanması, yaxud ümumi nəslin saxlanmasına qoyulan vəsait kimi baxılırdısa, indi valideynlər yaxşı bilir ki, artıq oğlanlar kimi qızlar da valideynlərinin ehtiyaclarını ödəməyə hazırdır. Bəlkə də daha həssas yanaşırlar. Mən sizə deyim ki, təhsildən yayınmanın özü də iqtisadidən çox, mövhumata söykənir. Qız uşağı oxuyacaq, əxlaqsız olacaq, itaət etməyəcək, xarici ölkədə təhsil almaq istəyəcək, ərə getməyəcək və s. kimi düşüncələr qız uşaqlarının təhsili üçün ən böyük əngəldir.

İqtisadi faktor - bu amil var, amma kifayət qədər həlledici deyil. Baxın, indi təhsil haqqının ödənilməsi məsələsində hətta valideyn yox, oğlan və qızların özünün təhsildən imtina etməsi faktları ortaya çıxır.

Sosial faktor da həlledici faktorlardandır.

Qadınların həmrəy olmaması- bu faktor ən həlledici faktordur. Bu yaxında mənə bir nəfər yazıçı "sizə azadlığı verdik" dedi... Əslində bir necə il bundan öncə bu fikri səsləndirmişdim. Adam haqlıdır. Çünki qadın hərəkatı, qadın həmrəyliyi hələ də ölkəmizdə formalaşa bilməyib. Baxın, parlamentə seçilən qadınları qadınlar yox, kişilər dəstəkləyir. Hələ qadın təşkilatları və qadın hərəkatı bir nəfər qadını irəli çəkib yekdiklliklə "bu, bizim namizəddir" deməyib.

Intihar etmiş qızların intiharının məhz məcburi nikah zəminində baş verməsi sual doğuran məsələdir. Çünki intihar etmiş bütün qızların məhz bu faktora görə intiharı yanlış tezisdir. Belə fikrin yaranmasında təbii ki, intiharlarla bağlı təhqiqat işlərinin gender zorakılığı indikatoruna söykənərək aparılmamasıdır.

-Erkən nikah həm də seksual zorakılığı ehtiva edir. Amma bu məsələlərlə bağlı biz açılan cinayət işlərinin sayının az olduğunu görürük. Buna mane olan nədir? Hüquq-mühafizə orqanları bu məsələləri ört-basdır etməkdə maraqlı görünür, yoxsa başqa maneələr var?

-Səmimi deyim ki, seksual xarakterli cinayətlərin ört-basdır edilməsi tendensiyasına rast gəlməmişəm. Əksinə, həm prokurorluq, həm polis azyaşlıya qarşı seksual xarakterli cinayət törətmiş şəxsə qarşı heç vaxt tolerant olmayıb. Sadəcə, qanunvericliyə görə, 16 yaşına çatmamış şəxslərlə cinsi münasibət seksual cinayət sayılsa da, 16 yaşdan yuxarı olanlarla baş vermiş eyni hərəkət seksual cinayət hesab edilmir. Əgər bu, zorlanma deyilsə. Maraqlı məqam odur ki, erkən nikah məcburidirsə, demək bunu zorlanma kimi də qiymətləndirmək olar. Lakin çox vaxt valideyn buna mane olur. Burada bir məsələ də var, 18 yaşa kimi şəxsin himayədarı, qəyyumu valideyn hesab edilir. Yalnız şəxs himayədarlıq orqanına müraciət etsə, valideynləri hüququndan məhrumetmə ilə bağlı müraciət etsə, ona qəyyum təyin edilsə, bu halda həmin dediyimiz erkən nikahın daxilində zorlanma qismində məsələyə yanaşmaq olar. Amma bu, hətta qadın təşkilatlarının praktikasında bir kazus kimi mübahisəyə çıxarılmayıb, ya da çıxarılsa da müzakirə edilməyib. Çünki bizdə 99.9 faiz erkən nikah 16 yaşdan yuxarı qızlarda müşahidə edilir.

Həyata keçirilmiş həmin tədbirlərin sayəsində Azərbaycanda erkən nikahların sayı ildə 2500-dən 400-600-dək azalıb. Hər il Azərbaycanda 65 min nikah bağlanır, ildə 600 nikah 1% də təşkil etmir. Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Departamentinin rəhbəri Elgün Səfərov.

-Erkən nikaha qarşı mübarizədə nə çatışmır? Burada QHT-lərin və hökumətin rolu nə qədərdir? Bu işlə məşğul olan və ya olmaq istəyən QHT-lər hansı problemlərlə üzləşirlər?

 

-Gender əsaslı zorakılıq və erkən nikah təkcə nə hökumətin, nə də QHT-nin kökündən həll edəcəyi problemdir. Burada bütün iştirakçılar ortada olmalıdır.

Hesab edirəm ki, cəmiyyətin iştırakı olmadan bunu kökündən kəsmək qeyri-mümkün olacaq. Bu problemin qarşısını almaq üçün hökumətin əsas missiyası, siyasi iradə ortaya qoymaqdır. Bu var. Amma vətəndaş cəmiyyəti etiraf edək ki, qismən zəifdir. Bunun da müəyyən faktoru var. Belə ki, həm maliyyə qaynaqlarının azlığı, eləcə də, bəzən QHT- lərin özlərinin stereotiplərlə yaşaması problemi dayandırmağa imkan vermir.

-Erkən nikahların insan alveri, trafikinq probleminin ortaya çıxmasında rolu nə qədərdir?

-Təbii ki, insan alveri qurbanları arasında erkən nikah qurbanlarına rast gəlmək olur. Çünki məcburi ərə verən valideynlər sonradan həmin övladlarını və onların övladlarını dəstəkləmirlər. Belə halda təbii ki, yerlərdə dəstək mərkəzlərinin rolu əvəzsizdir. Lakin təəssüf ki, bizdə həm mərkəzlər barədə məlumatlar kifayət qədər deyil, həm də mərkəzlər bütün ərazilərdə mövcud deyil. Belə halda çıxılmaz vəziyyətdə, həssaslıq və asılılıqdan istifadə edən trafikinq halları ortaya çıxır. Ümumiyyətlə, insan alveri problemində harada boşluq varsa, cinayətkarlar ondan bəhrələnməyi, gəlir əldə etməyi yaxşı bacarırlar.

Peşəsi, təhsili, evi, yaşamaq imkanları məhdud olan şəxslər dərhal dəstək almadıqda onlar insan alverçilərinin toruna tez düşə bilirlər. Məhz buna görə insan alverinə qarşı mübarizə üzrə 3 Milli Fəaliyyət Planında təkcə insan alverindən zərər çəkən şəxslər deyil, potensial insan alveri qurbanları anlayışı da əlavə edilib və onlara xidmət paketlərinin təqdim edilməsi nəzərdə tutulub. Hazırda 4-cü Milli Fəaliyyət Planında bu xidmət paketləri daha da genişləndirilib.

-Azərbaycanda trafikinqə qarşı mübarizə nə yerdədir?

Bəlkə də yeganə ardıcıl və inkişaf edən xətlə aparılan mübarizə məhz insan alveri ilə mübarizə üzrədir. Burada qarşılıqlı əməkdaşlıq, QHT əməkdaşlığı, qanunvericiliyin daimi təkmilləşdirilməsi, yeni iştirakçıların cəlb edilməsi (dövlət və digər sektorlardan), xidmət anketlərinə əlçatanlıq, məlumatlandırma və s. kompleks şəkildə həyata keçirilir.

"2018-ci ildə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 35 cinayət qeydə alınıb, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, axtarış elan olunmuş 51 təqsirləndirilən şəxsdən 66,6 faizi və ya 34-ü tutulub". Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru.

-Bu problemi başqa hansı məsələlər ortaya çıxarır?

Baxın, insan alveri ilə mübarizədə kifayət qədər siyasi iradə, səy və fəaliyyətlər var. İlk öncə onu deyim ki, dünyanın heç yerində insan alveri problemini tam dayandırmaq mümkün olmayıb. Sadəcə, qanunvericiliyi insanlar və mübarizə üçün əlverişli etməklə, eyni zamanda, onun icrasına nəzarəti həyata keçirməklə ölkələrə 1, 2, 3-cü yer kimi minimal standartlara cavab vermək öhdəliyi qoyublar.

Bizim ölkəmizdə isə insan alveri ilə mübarizədə yüksək səylər göstərilsə də, stereotiplər, gender əsaslı zorakılıq, təhsil, sosial problemlər kimi problemlər hələ də statistikanın azalmasına imkan vermir.

-Trafikinqə qarşı mübarizədə hökumətin atdığı addımlar qənaətbəxşdirmi?

-İnsan alveri ilə mübarizədə hökuməttin apardığı siyasət və fəaliyyətlər qənaətbəxşdir. Təəssüf ki, bəzən hələ də cəmiyyətdə, hətta ziyalı təbəqə arasında insan alveri fenomeni ilə əxlaqsız davranışı ayırd edə bilməyənlər fərqli fikir formalaşdırmağa çalışırlar.

İnsan alveri konkret meyarlarla ölcülən və o tələbə cavab verən amillərlə bağlı olduqda onu insan alveri kimi qiymətləndirmək olar.

Əxlaqsızlıq tamamilə başqa problemdir və onun insan alveri ilə əlaqəsi yalnız o halda ola bilər ki, insan alveri cinayətini törədən şəxs həmin şəxsin bu davranışından sui-istifadə etsin və ondan gəlir götürməyi özünə məqsəd seçsin.

İnsan alverinə qarşı mübarizə haqqında qanunda hətta belə bir ifadə var: "Şəxsin davranışı onun istismarına əsas verə bilməz". Əslində bu cümlə də stereotiplə mübarizə üçün ən yaxşı mesajdır. Boşanmış, dul və ya cətin vəziyyətdə yaşayan, yaxud əxlaqsızlığı peşə seçmiş şəxsi belə nə almaq, nə satmaq, nə də istismar etmək olmaz..... Və insan alveri təkcə cinsi istismar deyil.

-Nə etmək olar ki, bu, problemin aradan qaldırılmasına yardımçı olsun?

-Bütün cəmiyyət, hökumət, QHT, dini qurumlar, diaspor təşkilatları, biznes sektoru hamı birlikdə bu mübarizəyə qoşulmalı və qoşulmaqla kifayətlənməməlidir, birgə hərəkət etməlidir. Yalnız bu halda biz böyük ugurlara çata bilərik.