Azərbaycanda “DOST” mərkəzləri yaradılır - SƏRƏNCAM

Baxış sayı:
1105

Prezident İlham Əliyev N.K.Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Natiq Kamal oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib.

İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təşkili, “DOST” mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2,0 (iki) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

İlham Əliyevin digər sərəncamı  YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqındadır.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərində 2019-cu ildə Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu il 30 iyun–10 iyul tarixində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Təşkilat Komitəsinin üzvləri

Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasının sədri

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Milli Komissiyasının baş katibi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) İdarə Heyətinin sədri

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.