​Azərbaycanda din xadimlərinə veriləcək MAAŞLARIN MƏBLƏĞİ AÇIQLANDI

Baxış sayı:
6499

"Azərbaycanda maddi dəstək alacaq din xadimlərinin siyahısı müəyyənləşdirib".
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki,  bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin siyahıya uyğun olaraq QMİ-nin təyin etdiyi məscidlərdə çalışan mütəvəllilərə, imamlara veriləcək maddi dəstək hər ay onlar üçün açılmış bank hesablarına köçürüləcək: "Bakı və Bakıətrafı, Naxçıvan MR üzrə siyahılar müəyyənləşib. Bu günlərdə maddi dəstəyin ödənilməsinə başlanacaq. Siyahıda din xadimlərinin sayı 1000 nəfərdən çoxdur. Təyinatı olan din xadimi maddi dəstəyi alacaq. Həmin din xadimləri ilə Mənəvi Dəyərlər Fondu müqavilə imzalayacaq. Müqavilədə maddi dəstəyin hansı şərtlər daxilində verilməsi qeyd edilir. Burada rəsmi şəkildə çalışan din xadiminin mənəvi dəyərlərin təbliğində töhfəsi də nəzərə alınıb".
Sədr qeyd edib ki, yalnız QMİ tərəfindən rəsmən bəyan olunan və 3 kateqoriyadan olan din xadimlərinə maddi dəstək nəzərdə tutulur: "Din xadimlərinə veriləcək məbləğlər Maliyyə Nazirliyi tərəfindən təsdiq olunub. İmamlar 450, naiblər 300, mütəvillilər isə 200-250 manatdan yuxarı maddi dəstək alacaqlar".
Mübariz Qurbanlı qeyd edib ki, Naxçıvan MR-də çalışan 200-ə yaxın din xadimi də maddi dəstək alacaq.